Xeyirxah, utancaq və bir qədər də qəribə
Tam adı: Stiven Mak Donnul Keyz
Doğum tarixi: 1958-ci il, 21 avqust
Anadan olduğu yer: ABŞ, Havay, Qanalulu şəhəri
Təhsili: Uiliams kolleci, siyasi elmlər ixtisası üzrə
Məşğuliyyəti: Biznes
Biliyi, qətiyyəti, risk etmək və kadrları idarəetmə bacarığı – budur Stiven Keyz müvəffəqiyyətinin düsturu – həmkarlarının əksəriyyəti onun uğurunu məhz belə təsvir edirlər.
Stiven Keyz “America Online” (AOL) nəhəng internet korporasiyasının yaradıcısı kimi dünyada məşhurdur. Tanışları və ailə dostları Stivenin uşaqlıqda xeyirxah, utancaq və bir qədər qəribə olduğunu qeyd edirlər. Heç kim düşünmürdü ki, o, bu qədər böyük uğurlar qazanaraq məşhur biznesmenə çevriləcək.
Stiven Keyz 1958-ci il, avqust ayının 21-də Havay ştatının Qanalulu şəhərində anadan olub. Atası hakim, anası isə müəllimə olub. İki dəfə ailə həyatı qurub, 5 övladı var.
1980-ci ildə Uiliams kollecini siyasi elmlər ixtisası üzrə bitirib. İki il “Procter & Gamble” şirkətində brend menecer vəzifəsində çalışıb. 1982-ci ildən isə “Pizza Hut Inc.”-də marketinq üzrə menecer kimi fəaliyyət göstərib.
1970-ci illərin sonlarında Keyz kompüter şəbəkələri ilə çox maraqlanırdı. O, 1983-cü ildə onlayn rejimində videooyunları təklif edən şirkətə işə düzəlir. Şirkətin oyun kompüterinə qoşulmaq modemin köməyi ilə mümkün idi. O zaman “Atari” oyunları xüsusilə məşhur idi. Stiven Keyz 1985-ci ildə şirkətin bir neçə əməkdaşı ilə birləşərək gələcəkdə “America Online” (AOL) adlandırılacaq “Quantum Computer Services” şirkətinin əsasını qoyur. Keyz özünün fərqli interaktiv onlayn əlaqə ideyasına möhkəm inanırdı və onu həyata keçirməkdə fövqəladə inadlı idi. Keyz interaktiv rejimdə informasiyanı müştərilərinə təqdim etdi: “Xidmətlər dəsti tələbatın dəyişikliklərinə uyğun olaraq tez-tez dəyişirdi”.
1985-ci ildə “Commodore” firması ilə əməkdaşlıq haqqında əldə olunan razılaşma nəticə etibarilə şirkət üçün dönüş nöqtəsi rolunu oynadı. “Commodore 64” o zaman ən məşhur fərdi kompüter idi. Bu razılaşmaya görə, “Commodore”-in bütün kompüter və modemləri “AOL” şəbəkəsinə qoşulmalı idi. Keçən 5 il ərzində məşhur “Apple”, “Tandy”, “IBM” şirkətləri də “Quantum Computer Services”-in partnyoru kimi çıxış etdi. Şirkət daha sonra “Capital Cities/ABC”, “Viacom”, “Bertelsmann”, “Hachette”, “Compaq”, “American Express and Time Warner” kimi telekommunikasiya və texnologiya şirkətləri ilə strateji ittifaqa daxil oldu.
Stiven Keyz və “America Online” (AOL) korporasiyası
1991-ci ildən etibarən “Quantum Computer Services” şirkətinin adı dəyişdirilərək “America Online” (AOL) oldu. Keyz, istehlakçıların daim dəyişən ehtiyaclarını həssaslıqla izləyirdi və öz unikal rəhbərliyi ilə “AOL”-u yeni vebtop-mühitin inkişaf tendensiyalarına uyğunlaşdırmaq qabiliyyəti sayəsində korporasiyaya böyük şöhrət qazandırdı. Nəticədə, “AOL” dünyada milyonlarla abunəçi birləşdirən onlayn xidmətlərin ən böyük ticarət provayderinə çevrildi.
“AOL”-un təqdim etdiyi interaktiv əlaqə vasitəsilə istifadəçilər müxtəlif informasiyaları mübadilə və manipulyasiya edə, eyni zamanda hər kəs maraqlandığı informasiyanı seçə bilərlər. “AOL” müştərisi birja məlumatlarına baxa, aviabiletləri sifariş edə, qəzetləri oxuya və ya şirkətin başqa müştəriləri ilə çat vasitəsilə ünsiyyət saxlaya bilər. “AOL”-u digərlərindən fərqləndirən əsasən istifadə üçün asan və sadə olmasıdır.
İnformasiyalar şirkətin əməkdaşları tərəfindən çeşidlərə bölünüb və qaydaya salınıb. Hazırda həmçinin korporasiyada sadə videoçat xidməti də fəaliyyət göstərir. “AV” adlanan videoçata “aim.com/av/” ünvanı vasitəsilə daxil olmaq mümkündür. “AV” videoçatında eyni vaxtda 4 nəfər ünsiyyətdə ola bilər. "Skype"-dən fərqli olaraq, “AV” istifadəçidən qeydiyyat istəmir. Dialoqa başlamaq üçün istifadəçi servisin əsas səhifəsinə daxil olmalı, unikal yönləndirmə almalı, həmin yönləndirmənin ünvanını danışmaq istədiyi adamlara yollamalı və sonra da həmin adamların videoçata qoşulmalarını gözləməlidir.
Korporasiya fəaliyyətə başladığı dövrdən etibarən durmadan inkişaf edirdi. Yeni layihələr və parlaq strategiya “AOL”-u beynəlxalq internet şirkətləri arasında lider mövqelərinə gətirib çıxardı.
Sözsüz ki, “AOL”-un ən böyük nailiyyəti Stiven Keyzin 2001-ci ildə (180 milyard dollar) media nəhəngi “Time Warner” şirkətini alması olur. Onların birləşməsi bütün iş dünyasını heyrətləndirdi. Bəzi analitiklər Keyzin bu addımını media sahəsində inhisarçılıq kimi dəyərləndirirdilər.
Lakin Stiven şirkətin gələcək fəaliyyəti ilə bu düşüncələrin yanlış olduğunu və onun məqsədinin yalnız biznes olduğunu sübut etdi. Maraqlıdır ki, kolleci bitirdikdən sonra Stiven Keyzi “Time Warner”-də işə qəbul etməmişdilər. O, zarafatca bunu xatırlayaraq deyib ki, sadəcə, qayıtdım və bu şirkəti aldım.
“AOL” ilə “Time Warner”lə birləşməsini “əsrin müqaviləsi” adlandırmışdılar. Bu anlaşma nəticəsində "Time Warner"dəki nəşriyyat, kino və televiziya şirkətləri kimi ənənəvi kütləvi informasiya vasitələri ilə “AOL” portalındakı internet media birləşmişdilər.
“AOL”-un müştərilərə təqdim etdiyi “dial-up” servisi vaxtilə çox populyar olsa da, sonradan genişzolaqlı internet birləşmələri onu tam sıxışdırıb çıxardı və korporasiya bazardakı mövqelərini itirməyə başladı. Xatırladaq ki, 2002-ci ildə “AOL”-un “dial-up” birləşməsi ilə bağlı 26 milyon müştərisi var idi.
Artıq ABŞ-ın iki media nəhəngi – “America Online” (AOL) ilə “Time Warner” korporasiyalarının yolları ayrılıb. 10 il ərzində birgə fəaliyyətdən sonra iki böyük korporasiya əməkdaşlığı sərfəli hesab etmədilər. Ayrılma ilə bağlı imzalanmış sövdələşmənin şərtlərinə görə, səsvermə hüququ olan səhmdarların hər biri “Time Warner”in 11 səhminə görə “AOL”-un bir səhmini alır.
Məlumat üçün bildirək ki, “AOL” internet provayderi “The Huffington Post” onlayn nəşrini satın alıb. Sazişin qiyməti 315 milyon dollar təşkil edib. Aktivlər birləşdirildikdən sonra strukturda auditoriyası 270 milyon insandan ibarət “The Huffington Post Media Group” media qrupu yaradılıb. Bununla yanaşı, “AOL” korporasiyası “AİM” messenceri, “TechCrunch” texnobloqu və “Bebo” sosial şəbəkəsinə malikdir.
2005-ci il 1 noyabr tarixində Stiven Keyz korporasiyadan gedişi barədə açıqlama verib. O, öz açıqlamasında korporasiyadan gedişini yeni investisiya şirkəti “Revolution”a lazımi qədər vaxt ayıra bilməməsi ilə əlaqələndirib: “America Online (AOL) artıq dünyada özünü təsdiqləmiş nüfuzlu bir korporasiyadır. Mən belə hesab edirəm ki, yeni şirkət üçün daha çox zaman ayırmağa ehtiyac var. Bu səbəbdən də onunla daha sıx məşğul olmaq istəyirəm”.
Cahangir Atakişiyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL