Türkiyənin informasiya-kommunikasiya texnologiyaları sferasında yeri
Çağdaş dünyamızda rabitə və informasiya texnologiyaları sektoru iqtisadiyyatın ayrılmaz hissəsinə çevrilib. Getdikcə İKT-nin rolu daha da artır və iri gəlir gətirən ənənəvi sahələri qabaqlayır. İT-nin bu üstünlüklərini görən dövlətlər də öz ərazilərində həm kadr hazırlığına, həm də müxtəlif tipli texnologiyaların hazırlanmasına böyük diqqət ayıraraq bu sahənin inkişaf etdirilməsi və rəqabətə davamlı mühitin yaradılması istiqamətində külli miqdarda vəsait xərcləyirlər. Sözsüz ki, bu sahə rentabelli olduğundan xərclənən vəsaitlərin də daha uzunmüddətli planların reallaşdırılması üçün şərait yaratdığını söyləmək olar.
«Rabitə dünyası» qəzeti olaraq bu dəfə Azərbaycana dost, qardaş və qonşu olan Türkiyə Respublikasının informasiya-kommunikasiya texnologiyaları istiqamətində həyata keçirdiyi layihələri, fəaliyyəti, əldə etdiyi nəticələri və gələcəyə olan gözləntilərini analiz edəcəyik.
İKT sahəsində qanunvericilik
Türkiyədə yaxşı anlayırlar ki, gələcəkdə İKT sahəsi dünya iqtisadiyyatında özünün çəkisinə görə bu gün mövcud olan mövqeyindən daha da irəlidə olacaq. İnkişaf və sahənin çeşidliliyinin artması müasir tələblərlə ayaqlaşan yeni qərarların qəbulunu stimullaşdırır və mümkün qədər tez iqtisadi və ictimai həyatı son nailiyyətlərlə zənginləşdirməyə vadar edir. Bu da vaxtın və maddi resursların maksimal effektiv istifadəsini tələb edən informasiya və rabitə texnologiyalarının inkişafı üçün əsas verir.
Bununla əlaqədar olaraq Türkiyə gələcəkdə bu sahədə söz sahibi olması üçün İKT sektorunda rolunu genişləndirdi və lazımlı tədqiqatlara başladı. Belə səylərin intensivləşdirilməsi nəticəsində bu ölkədə bir sıra qanunlar qəbul olundu və sahibkarlar, İT istehsalçıları üçün müəyyən güzəştlər ortaya qoyuldu.
Eləcə də Türkiyədə bu gün İKT məsələləri daha əvvəl mövcud olmuş kommunikasiyalar sahəsində qanunlarla tənzim edilir. Qardaş ölkədə sözügedən qanunlara vaxtaşırı bir sıra düzəlişlər edilir. Bunlara misal olaraq «Müəllif hüquqları haqqında», «Kütləvi informasiyalar haqqında» qanunları da göstərə bilərik. Eləcə də yeni qanun layihələrinin hazırlandığı da qeyd olunmalıdır.
Statistika
Müxtəlif mənbələrin (həm dövlət, həm də özəl təşkilatların) yaydığı xəbərlərə istinadən ölkənin statistik məlumatlarını analiz etməyə çalışdıq. Məlum oldu ki, 2011-ci ildə internet istifadəçilərinin sayı 50 milyonu ötüb. Bu rəqəmə rəğmən, həmçinin də qeyd olunmalıdır ki, Türkiyədə genişzolaqlı əlaqənin xidmətlərindən yararlanan abunəçilərin sayı demək olar ki, 13 milyona qədər olub.
Həmin il mobil rabitə abunəçilərinin sayı isə 65 milyondan artıq olub. Bu ölkədə fəaliyyət göstərən müstəqil araşdırma təşkilatlarının açıqladığı rəqəmlər dövlətin bəyan etdiyi statistik göstəricilərdən elə də böyük fərqlənmir. Lakin bəzi məqamlarda kəskin fərqlər də hiss olunmaqdadır. Bununla yanaşı, müstəqil ekspertlər ölkədə İKT-nin inkişafında müəyyən nailiyyətlərin əldə olunduğunu bildirsələr belə, hökumətin daha geniş nəticələr əldə etməsinin mümkünlüyünü qeyd edirlər. Ekspertlər hesab edir ki, bunun üçün Türkiyə hökuməti önləyici layihələr həyata keçirməli və yerli şirkətlər üçün güzəşt siyahısını artırmalıdır.
Müstəqil hesablama mərkəzinin açıqladığı rəqəmlərə görə, 2002-dən 2010-cu ilə qədər Türkiyənin İKT bazarı 14 % artıb. 2010-cu ildə onun həcmi 28,5 milyard ABŞ dolları olub. Bununla yanaşı, 2011-ci ildə onun həcmi 30 milyard ABŞ dolları ötüb. 2010-cu ildə EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrikanı özünə daxil edən region) İKT sahəsində işləyən 500 şirkətdən 28-i türklərə aid olub.
Türkiyə iqtisadiyyatında İKT
Telekommunikasiyaların sektoru türk iqtisadiyyatının xidmət sahəsinin ən dinamik inkişaf edən istiqamətlərindən biridir. Adi telefon bağlantısına xidmət göstərən bir şirkət və mobil rabitənin bir neçə operatoru var.
"Türk Telekom" dövlət şirkəti yalnız adi telefon rabitəsinə deyil, eyni zamanda şəhərlərarası və beynəlxalq telefon bağlantısına, yerüstü və sualtı telekommunikasiya kabellərinə, peyk əlaqəsinin sistemlərinə və kabel televiziyasına, internet və onun çıxışlarına nəzarət edir. Şirkət mobil rabitənin və internet-provayderlərin operatorlarının lisenziyalaşdırılmasını həyata keçirir. Türkiyədə mobil əlaqəyə xidmət göstərən 4 özəl şirkət var: "Türkcel", "Telsim", "Aria" və "Aysel". Bütün ölkə üçün əhatə dairəsinə malik yalnız birinci iki şirkətdir. Onlardan biri - "Türkcel" digərlərindən daha tez fəaliyyətə başlayıb.
Bu ölkədə hesab edirlər ki, mobil rabitə xidmətləri sahəsində beşinci şirkətin yaradılması, Türkiyədə telekommunikasiyaların bu növünü daha əlçatan edəcək. Yeri gəlmişkən bildirək ki, müxtəlif mənbələrin ümumi göstəricisinə görə, bu ölkədə hər 10 adama 2-dən çox mobil telefon düşmür.
Türkiyədə İT bazarı 90-cı illərin əvvəllərindən inkişaf etməyə başlayıb. Bu illərdə əsasən Qərb şirkətləri türk bazarında proqram və İT məhsullarını satışa çıxarır. Lakin az bir müddət ərzində, yəni 90-cı illərin ortalarında artıq türk şirkətləri öz proqram məhsullarının yaradılması üzrə (görə) işlər aparır. Bu işlərə kadrların hazırlanmasından tutmuş, proqram təminatının hazırlanmasına qədər daxildir. Artıq 2000-ci ilə qədər türk şirkətləri özlərinin məhsullarını nəinki ölkə bazarına, hətta xarici bazarlara da çıxara biliblər.
Türkiyə dövləti informasiya texnologiyaları bazarına əhəmiyyətli şəkildə dəstək verir. Bunun nəticəsi olaraq Məsləhət Şurası yaradıldı və bir sıra nailiyyətlər əldə edildi.
"Elektron hökumət"
2000-ci illərin əvvəllərində Türkiyədə "elektron hökumət"in yaradılması məsələsi gündəliyə gətirildi və hökumət bu istiqamətdə uğurlu addımlar atmağa başladı.
Ekspertlər hesab edir ki, hələlik e-dövlət quruculuğu istiqamətində Türkiyə Avropa ölkələrindən geri qalır. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Onlar hesab edirlər ki, hazırda Türkiyənin dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərin sayı Avropa ilə müqayisədə olduqca azdır. Bu ölkədə hesab edirlər ki, e-xidmətlərin siyahısının artırılması əslində dövlətin özü üçün böyük əhəmiyyət kəsb edir. Eləcə də vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına böyük töhfə verəcək. Lakin burada qeyd olunmalıdır ki, Türkiyə digər qonşu respublikalarla müqayisədə (xüsusilə də Rusiya və Şərqi Avropa ölkələri) daha irəli gedə bilib desək, yanılmarıq.
Elektron ticarət
Türkiyədə elektron ticarət müasir iqtisadiyyatın ən perspektivli sferalarından biri kimi qəbul olunur və onun inkişafına əhəmiyyətli şəkildə diqqət göstərilir. Ona görə də 25 avqust 1997-ci ildə Elektron ticarətin koordinasiyası üzrə Məsləhət Şurası yaradılıb. Onun fəaliyyəti nəticəsində elektron ticarət 1998-ci ildən hərtərəfli dövlət dəstəyi alır.
Məsləhət Şurasının əsas fəaliyyəti üç qrupda aparılır: hüquqi, texniki və maliyyə. Hazırda elektron ticarətin inkişafı üzrə dövlət siyasətinin əsas prioritetləri aşağıdakılardır: - Lazımi texniki və inzibati bazanın yaradılması (Türkiyənin informasiya infrastrukturu ölkənin istənilən nöqtəsində yüksək sürətlə və əlçatan qiymətlər üzrə azad informasiya mübadiləsinin aparılmasına şərait yaratmalıdır)
- Qanunverici bazanın (xüsusi halda yalnız elektron formada mövcud olan sənədlərin hüquqi gücünün tanınması orijinal imzayla yanaşı, elektron imzanın tanınması, istehlakçıların hüquqlarının müdafiəsi məsələləri, fiziki şəxslərin hüquqları, müəllif hüquqları, elektron sazişlərin vergi qoyulmaları) yaradılması;
- Elektron ticarətlə məşğul olan kiçik və orta müəssisələr yardım göstərmək, rabitə xidmətləri üzrə vergilərin minimallaşdırılması, elektron dövlətlə ticarətin imkanlarından istifadə şəraitinin stimullaşdırılması;
- Dünya standartlarına uyğun olaraq elektron ticarət sahəsində milli siyasətin yürüdülməsi;
Müəllif hüquqlarının müdafiəsi
Türkiyədə son illər informasiya-kommunikasiya texnologiyaları sahəsində sıçrayışlı inkişaf əldə edildikdən sonra proqram məhsullarının müəllif hüquqlarının müdafiəsi və pirat proqram təminatıyla mübarizə məsələsi meydana gəlməyə başladı. 2001-ci ildə qəbul olunmuş qanuna görə, hüquqi və fiziki şəxslər üçün pirat proqram təminatından istifadə inzibati cəza və cinayət məsuliyyətini nəzərdə tutur.
Qeyd edək ki, bu cərimələrin məbləği 10 mindən 150 min dollara qədərdir. Eləcə də buraya 3 il müddətinə qədər fəaliyyətdən məhrumetmə, kompüterlərin və ofis təchizatının müsadirəsi, 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə daxildir. Sadalanan bu sərt qanunverici tədbirlər sayəsində Türkiyə hökuməti pirat kompüter proqramlarıyla mübarizədə əhəmiyyətli müvəffəqiyyətlərə nail olmağı bacarıb.
Hazırda bu istiqamətdə Türkiyə Avropa ölkələri ilə eyni səviyyədədir, hətta bəzilərini ötə bilib.
Seymur Qasımbəyli
qasimbeyli@gmail.com
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL