Paytaxt nəqliyyatının intellektual idarə edilməsi nələri dəyişib?
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) 2012-ci ildə mərkəzin fəaliyyəti, gördüyü işlərlə bağlı mətbuat konfransı keçirilib.
"ICTnews" elektron xəbər xidmətinə NİİM-dən verilən məlumata görə, tədbirdə qeyd olunub ki, ötən il ərzində şəhərdə nəqliyyat tıxaclarının və digər nəqliyyat problemlərinin aradan qaldırılması, şəhər sərnişin daşımaları sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi ilə mərkəz tərəfindən bir sıra təkliflər işlənib hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara təqdim edilib. Bir çox küçələrə "yaşıl dalğa" effekti tətbiq edilib və nəqliyyat sıxlığını aradan qaldırmaq üçün pik və qeyri-pik saatlar nəzərə alınaraq işıqforların vaxt dövrü mərkəz tərəfindən tənzimlənib.
Bununla yanaşı, Elektron İnformasiya Tablolarında yayımlanan nəqliyyat informasiyaları formalarının daha oxunaqlı, başa düşülən və sürücülərə faydalı olması üçün bir sıra dəyişikliklər edilib. Bakı şəhərinin əsas küçə və prospektlərində aparılan təmir-tikinti işləri, dövlət tədbirləri və bayramlarla əlaqədar məlumatlar Elektron İnformasiya Tabloları vasitəsilə sürücülərə çatdırılıb.
Eyni zamanda NİİM-in və "Bakı Sərnişin Nəqliyyatı" MMC-in mütəxəssisləri birgə araşdırmalar apararaq marşrut şəbəkəsində baş verən bütün dəyişiklikləri mütəmadi olaraq sistemdə qeyd ediblər. Bundan başqa NİİM–in sərəncamında olan video kameralar vasitəsilə qeydə alınan görüntülərdən cinayətkarlıqla mübarizədə və yol nəqliyyat hadisələrinin araşdırılmasında istifadə edilməsi üçün hüquq mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq işi təşkil edildiyi haqqında məlumat verilib. İctimaiyyəti geniş şəkildə məlumatlandırmaq məqsədilə NİİM twitter və facebook kimi sosial şəbəkələrdə rəsmi səhifələrini açıb.
Bundan əlavə, mərkəzin "www.niim.az" internet səhifəsi və mobil telefonlar üçün proqram təminatı hazırlanaraq əhalinin istifadəsinə verilib. Aprel ayından etibarən mərkəzin 141 qaynar xətti fəaliyyətə başlayıb və həftənin 7 günü 7:00-dan 23:00-dək xidmət göstərir.
Tədbir zamanı həmçinin NİİM-in gələcək planları da açıqlanıb: Bildirilib ki, 2013-cü ildə şəhər nəqliyyat sisteminin təkmilləşdirilməsi, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin kefiyyətinin yüksəldilməsi, təhlükəsizliyin və iqtisadi səmərəliyin artırılması, operativ informasiya təminatı qarşıda duran prioritet məsələlərdir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL