waplog

RİTN-də elektron xidmətlərin genişləndirilməsi məsələsi müzakirə olunub


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" 2013-cü il 5 fevral tarixli Fərmanının icrası ilə bağlı görülən işlərin və qarşıda duran məsələlərin müzakirəsi məqsədilə dövlət qurumlarının səlahiyyətli nümayəndələri və mütəxəssislərinin iştirakı ilə geniş tərkibdə iclas keçirilib.

Tədbiri giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov son illərdə ölkədə informasiya və kommunikasiya texnologiyaları inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verdi, ölkə prezidentinin 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi barədə sərəncamını xatırladaraq sərəncamın bu sahəyə ölkə rəhbərliyinin xüsusi diqqətinin bariz nümunəsi olduğunu vurğuladı.

Daha sonra ölkə prezidentinin 2013-cü il 5 fevral tarixli Fərmanda nəzərdə tutulmuş tədbirlərin əhəmiyyətini qeyd edərək onların vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırdı.

Fərmanda bir sıra dövlət orqanları qarşısında qoyulmuş vəzifələr açıqlanaraq onların icrası istiqamətində birgə fəaliyyətin həyata keçirilməsinin vacibliyi qeyd edildi. Artıq bu istiqamətdə hər bir dövlət orqanına tapşırılmış vəzifələrin tez bir zamanda həyata keçirilməsini təmin etmək üçün RİTN tərəfindən dövlət orqanlarına aidiyyəti üzrə müraciətlərin göndərildiyi barədə məlumat verildi. Tədbirdə Fərmanla Əsasnaməsi təsdiq olunmuş və yaradılması, idarə olunması, fəaliyyətinin təşkili və inkişafı RİTN tərəfindən həyata keçirilən

"Elektron hökumət" portalının cari iş vəziyyəti və ondan səmərəli istifadənin təşkili istiqamətində görülən işlər barədə məlumat verildi.

Portal vasitəsilə göstərilən elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən layihələr barədə məruzə olundu. İştirakçılara Fərmanla verilmiş tapşırıqlarla bağlı RİTN tərəfindən aparılan işlər barədə məlumat verildi.

Fərmanda nəzərdə tutulmuş tapşırıqlardan biri kimi "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət"in inkişafına dair Dövlət Proqramı" layihəsinin hazırlanması ilə bağlı təkliflərin verilməsi üçün iclasda iştirak edən bütün dövlət qurumlarının nümayəndələrinə müraciət edildi. Daha sonra Fərmanda nəzərdə tutulmuş digər tapşırıqların icrası barədə fikir mübadiləsi aparıldı. İclasda Ədliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Maliyyə Nazirliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin və bır sıra digər dövlət orqanlarının nümayəndələri çıxış edərək təmsil etdikləri dövlət orqanları tərəfindən Fərmanın icrası istiqamətində görüləcək işlər barədə məlumat verdilər, bu istiqamətdə qarşıda duran çətinliklər və problemlərin aradan qaldırılmasının vacibliyini vurğuladılar.

İclasda müvafiq olaraq elektron xidmətlərin təşkili ilə bağlı dövlət orqanları tərəfindən həyata keçirilməli olan tədbirlər barədə iştirakçılara geniş məlumat verildi və bu istiqamətdə yaranan suallar cavablandırıldı. İclasın sonunda Fərmanın müddəalarından irəli gələn məsələlərin nəzərdə tutulmuş müddətlərdə həlli üçün görüləcək işlər barədə ətraflı müzakirələr və fikir mübadiləsi aparıldı, müvafiq qərarlar qəbul olundu.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL