Nyu-Yorkda Xocalı soyqırımı “Pax Turcica” sistemi ilə göndərilən məktublar vasitəsilə tanıdılacaq
Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində faciə qurbanlarının xatirəsi anılır, qətliamın dünya ictimaiyyətinə tanıdılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bəzi ölkələrdə Azərbaycan diasporunun və səfirliklərin xətti ilə Xocalı qətliamının 21-ci ildönümünə həsr olunmuş tədbirlərə artıq start verilib.
Bu il Amerika Birləşmiş Ştatları, Kanada, Latın Amerikası ölkələri, Avstraliya, Yeni Zelandiya da daxil olmaqla, dünyanın 30-dan çox ölkəsində Xocalı faciəsinin qurbanları yad edilir. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, fevralın 25-də Ukrayna paytaxtında BMT və ATƏT nümayəndəliyi önündə mitinq keçirilməsi nəzərdə tutulur.
Ölkənin Odessa, Dnepropetrovsk, Poltava, Luqansk, Nikolayev, Vinnitsa, Donetsk, Lvov, Sevastopol şəhərlərində fevralın 26-dək Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı "dəyirmi masa", anma mərasimi, konfranslar təşkil olunacaq. ABŞ-ın Los-Anceles şəhərindəki təhsil ocaqlarında fevralın 19-dan Xocalını anma həftəsi başlanıb. 20-ci əsrin insanlıqdan uzaq cinayəti - Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anma mərasimləri ABŞ-ın Vaşinqton, Hyuston, Mayami, San-Fransisko, San-Xose, Los-Anceles kimi şəhərlərində təşkil olunacaq. Fevralın 26-da isə Nyu-Yorkda BMT-nin mənzil-qərargahı qarşısında etiraz aksiyası planlaşdırılır. Həmin gün Nyu-Yorkda "Pax Turcica" sistemi vasitəsi ilə Türk və Azərbaycan icma üzvləri tərəfindən müvafiq yerli və federal orqanlara Xocalı soyqırımının tanınması məqsədi ilə məktubların göndərilməsi də nəzərdə tutulur.
Fevralın 26-da Kanadanın Toronto, Monreal, Hamilton, Vankuver şəhərlərində də Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək. Fevralın 21-dən Türkiyənin İzmir, İstanbul, Əskişəhər, Adana, Yalova kimi şəhərlərində Xocalı mövzusunda konfranslar, fotosərgi və yürüşün təşkilinə başlanılıb. Fevralın 26-da Ankarada Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Əskişehir Azərbaycanlılar Dərnəyinin beş nəfərlik nümayəndə heyətinin Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) nümayəndə heyəti ilə birlikdə Türkiyə Böyük Millət Məclisi nümayəndələri ilə görüşü olacaq.
Gürcüstanda "Xocalı ayı" çərçivəsində fevralın 26-dək ölkənin Kvemo-Kartli bölgəsində və paytaxt Tbilisidə Xocalı qətliamına həsr olunmuş kitablar, foto-audio materiallar, sənədli və bədii filmlər nümayiş etdiriləcək. Fevralın 26-da Tbilisinin mərkəzi küçələrində yürüş təşkil olunacaq.
Xocalı qətliamının qurbanları Almaniyada da yad ediləcək. Berlin, Hannover, Hamburq, Frankfurt, Drezden, Potsdam şəhərlərində fevralın 22-23-də anma mərasimləri fotosərgi, konfrans və etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur. Maqdeburq şəhərində isə Xocalı soyqırımına həsr olunmuş avtomobil yürüşünün təşkili planlaşdırılır.
Fevralın 26-da Berlində soyqırımın 21-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriləcək. İsveçin paytaxtı Stokholmda isə Xocalı soyqırımının ildönümü ilə bağlı etiraz aksiyasının keçirilməsi fevralın 23-də baş tutacaq. Belarusun paytaxtı Minskdə də fevralın 23-də Xocalı faciəsinə həsr olunmuş anma mərasimi, "dəyirmi masa" və konfransların keçirilməsi gözlənilir.
Fevralın 24-də Qazaxıstanın paytaxtı Astanada və bütün vilayətlərdə Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş anma mərasimi və "Xocalı xatirəsi" mövzusunda elmi-praktiki konfrans keçiriləcək.
Rusiyada Xocalı soyqırımının təbliği məqsədilə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) saytında, mətbu orqanı "Azerbaydjanskiy Konqres" qəzetində və digər kütləvi informasiya vasitələrində Xocalı soyqırımının iyirmi birinci ildönümünə həsr edilmiş materialların dərci planlaşdırılıb.
Fevralın 26-da Rusiya paytaxtında xatirə gecəsi təşkil olunacaq. İsrailin paytaxtı Tel-Avivdə fevralın 25-də Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Tel-Aviv Universitetində foto "Justice for Khojaly" ("Xocalıya ədalət") adlı fotosərgi açılacaq. Qırğızıstanın paytaxtında isə Türk Manas Universitetində Xocalı faciəsi Vahid Mustafayevin "Xoca" filmi ilə anılacaq.
Meksikada, Belçikanın paytaxtı Brüsseldə, Niderlandın paytaxtı Amsterdamda, Rotterdam, Haaqa şəhərlərində, Moldovada, Danimarka, Polşa, Estoniya, Litva, Rumıniya, Çexiyada fevralın 26-da Xocalı faciəsinin qurbanları anılacaq, "dəyirmi masa" və konfranslar təşkil olunacaq.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL