“Ümumdünya Start-up Müsabiqəsi” başlayır
"Azercell Telekom" MMC və "PAŞA Bank" birgə yeni "Ümumdünya Start-up Müsabiqəsi" layihəsinə start verib. "Barama" İnnovasiya Mərkəzi və İsveçrənin "Seedstars" şirkəti ilə birlikdə reallaşdırılan bu layihənin məqsədi sahibkarlıq mədəniyyətini təşviq etmək və innovativ ideyaları olan insanlara dəstək verməkdir.
"Ümumdünya Start-up Müsabiqəsi" ümumilikdə bu il ərzində 20 ölkədə keçiriləcək. Məhz "Azercell"in dəstəyi nəticəsində ilk dəfə azərbaycanlı gənclər də yarışmada iştirak haqqını qazanmış olurlar. Proqrama qatılan iştirakçılar informasiya texnologiyaları sahəsində biznes layihələrini təqdim edəcək və onları reallaşdırmaq üçün imkanlarla tanış olacaqlar, qrant qazanıb öz biznesini qurmaq imkanı əldə edəcəklər. "Ümumdünya Start-up Müsabiqəsi" iştirakçılara sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, biznes ideyalarını həyata keçirmək və onları beynəlxalq səviyyədə təşviq etmək şansını yaradır.
Yarışmanın ilk mərhələsində daxil olan müraciətlər "Azercell", "PAŞA Bank" və "Seedstars" şirkətlərinin mütəxəssisləri, həmçinin müstəqil ekspertlər qrupu tərəfindən dəyərləndiriləcək. Proqram çərçivəsində seçilmiş komandalara biznes layihələrində biliklərin tətbiqinə dair seminarlar təşkil olunacaq.
Final tədbirində qalib gələcək layihə müəllifləri müxtəlif hədiyyələr və ən əsası, 2014-cü ilin yanvar ayında İsveçrənin Lozanna şəhərində keçiriləcək "Qrand" Final tədbirində öz biznes ideyalarını beynəlxalq hakimlər qarşısında təqdim etmək şansını qazanacaq. Qalib çıxan komandalar texnologiya sahəsində təklif etdikləri biznes layihələrini reallaşdırmaq üçün investisiyalar, beynəlxalq mentor dəstəyi və Avropa ölkələrində özlərini tanıtmaq imkanını qazanacaqlar.
"Azercell" bundan öncə də "start-up" layihələrinin həyata keçirilməsini dəstəkləyən bir sıra proqramları reallaşdırmışdır. "Barama" İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən Elm və Texnologiya Sahibkarlıq Proqramının nəticəsində 4 biznes ideyasına dəstək verilmiş və həyata keçirilməsinə başlanılmışdır.
Qeyd edək ki, Azərbaycanda bu proqramın final tədbiri 29 mart 2013-cü il "ABŞ təhsilli Azərbaycan məzunları" İB konfrans zalında keçiriləcək.
Müraciət üçün "www.barama.az" saytına daxil olub müraciət ərizəsini doldurmaq lazımdır. Müraciətlər elektron variantda 10 mart 2013-cü il tarixinədək qəbul olunacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL