waplog

Alimlər intellektual informasiya texnologiyalarının tətbiqi ilə insan resurslarının səmərəli istifadəsi üçün yollar axtaracaqlar


Dövlət Neft Şirkətinin Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini və digər elmi tədbirləri - layihələri dəstəkləmək məqsədilə 2013-cü il üçün müsabiqə elan edib. Müsabiqə AMEA sistemində fəaliyyət göstərən, neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi də daşıyır.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Elm Fondunun İdarə Heyətindən məlumat verilib. İdarə Heyətindən qeyd edilib ki, fonda təqdim olunan layihələr Yer, Texnika, Kimya elmi sahələrinə aid olmalıdır.


Layihənin prioritet istiqamətlərinə gəlincə, böyük dərinliklərdə karbohidrogen yataqlarının axtarış perspektivləri və tədqiqi; karbohidrogen resurslarının mənimsənilməsində kompleks kompüter proqramlarının və “3D” geoloji-hidrodinamik modellərin yaradılması; intellektual informasiya texnologiyalarının tətbiqi ilə insan resurslarının səmərəli istifadə olunması problemlərinin həlli mexanizmlərinin işlənilməsi üzrə təqdim edilən layihələrə üstünlük veriləcək.

Prioritet istiqamətlərə neft-qaz çıxarma, neft emalı sənayeləri, hərbi sənaye və kənd təsərrüfatı üçün kimya məhsullarının, xüsusi təyinatlı yağların, yüksək keyfiyyətli yanacaq komponentlərinin yaradılması; neft-qaz hasilatının optimallaşdırılmasında iqtisadi baxımdan səmərəli metodların istifadəsi, kompüter proqram təminatlarının və informasiya texnologiyalarının nailiyyətlərinin tətbiqi; qeyri-ənənəvi enerji növlərinin səmərəli istifadəsi imkanlarının araşdırılması, şist qazı və qaz-hidrat alternativ enerji mənbələrinin axtarış perspektivləri də daxildir. Müsabiqədə ancaq AMEA-nın əməkdaşları və onlarla həmmüəllif olan şəxslər iştirak edə bilər. Layihələr müsabiqəyə fərdi və kollektiv formada təqdim oluna bilər. Müsabiqəyə təqdim edilən layihə həmin layihə üzrə rəhbərlə təmsil olunmalıdır:

“Ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materiallar mart ayının 1-dən etibarən qəbul olunur. Müsabiqədə iştirak etmək üçün sənəd və materialların qəbulu aprelin 30-da başa çatacaq. Elm Fondu tərəfindən qrantların verilməsi üzrə 2013-cü il üçün müsabiqənin nəticələri 20 sentyabr 2013-cü il tarixindən gec olmayaraq açıqlanacaq. Bütün layihələr, bir qayda olaraq, Azərbaycan dilində tərtib edilməlidir. Sənədlərin 2 №-li forması əlavə olaraq ingilis və rus dillərində təqdim olunmalıdır”.

Layihələr iki formatda - kağız üzərində və elektron məlumatdaşıyıcılarına yazılmış şəkildə təqdim olunmalıdır:

“Müsabiqədə iştirak etmək üçün layihə rəhbəri tərəfindən imzalanmış ərizənin, ərizəyə əlavə olunan müvafiq sənədlərin və digər müşayiətedici materialların A4 formatlı ağ kağızda çap olunmuş variantı (2 nüsxə) və elektron daşıyıcısına (CD, DVD və s.) yazılmış versiyası ilə birlikdə Elm Fondunun Müsabiqə Komissiyasına layihə rəhbəri tərəfindən şəxsən təqdim edilməlidir və ya poçt vasitəsilə göndərilməlidir”.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL