Ağa Musa Nağıyevin vəfatından 94 il ötür
Ziddiyyətli, sevincli – kədərli və faciəli həyatı bütövlükdə doğma xalqının tarixi və mədəniyyəti ilə bağlı olub xeyriyyəçi-milyonçu Ağa Musa Nağıyevin.
XIX əsrin sonlarında, XX əsrin əvvəllərində neftə artan tələbat Azərbaycan milli burjuaziyasının təşəkkülünə səbəb olur. Onların malik olduqları var-dövlət həmin dövrün bəzi hökmdarlarının xəzinələrində olduğundan da artıq idi.
Dünənədək heç kimin tanımadığı, saymadığı sadə insanlar qısa müddət ərzində varlandılar. Sanki hansısa bir sehrbaz Hacı Zeynalabdin Tağıyevi, Ağa Musa Nağıyevi və bir çoxlarını milyonçuya çevirdi.
Bu milyonçuların üzərinə sanki tarix vacib bir vəzifə qoydu – xalqını maarifləndirmək missiyasını. Lakin onların arasında pullarını zinət əşyaları almağa sərf etməyə üstünlük verənlər də tapıldı. Bəziləri isə maarifləndirilmənin əhəmiyyətini dərk edərək, təhsilin inkişafına vəsait buraxdı.
Neft sahibkarı Ağa Musa Nağıyev belə vətənpərvərlər sırasına daxil oldu. Onun və digər mesenatların əməyi və milyonları sayəsində Azərbaycanda qısa müddət ərzində bütöv bir ziyalılar nəsli təşəkkül tapdı.
1917-ci ildə Azərbaycanda mesenatlığa müvəqqəti olaraq son qoyuldu. Ağa Musa Nağıyev kimilərin - milli burjuaziya nümayəndələrinin üzərinə "xalq düşməni" damğası vuraraq təqibə məruz qoydular. Lakin "bütün sirlər nə vaxtsa aşkar olur"- deyiblər.
Sosializmin dağılması ilə keçmiş düşmənlər qəhrəmanlara, sosialist inqilabının qəhrəmanları isə milli xainlərə çevrildi.
Ağa Musa Nağıyev ilə eyni vaxtda Sovet Ensiklopediyasında "geniş" yer verilmiş Gülbekyan adlı bir mesenat da fəaliyyət göstərib. Vətənində heç vaxt yaşamayan mesenat həyatını İraq, Fransa, Avstraliya və Rusiyada keçirməsinə baxmayaraq, müstəqillik qazanandan sonra xalqının ilk tədbiri onun adının əbədiləşdirilməsini keçirmək olmuşdur.
O vaxtdan Yerevanın mərkəzində heykəli qoyulmaqla bərabər, adına küçə də verilib.
Bəxt, tale, qismət deyilən anlamlara inanmayanlara bir məsləhətim var: Neft milyonçusu Ağa Musa Nağıyevin həyat tarixçəsinə nəzər salsınlar. Çünki şaxtanın bıçaq kimi sümüyə işlədiyi qış axşamlarının birində dünyaya gəlmiş Ağa Musanın milyonları sonradan başına gələn hadisələrin qarşısını ala bilməyəcək. Bu, həmin gün onun alnına yazılmış tale qisməti imiş.
Tanrı onu kiçik yaşlarından özündən böyük yükün altına yıxır. Zəhmətinin bəhrəsini – yalnız çörəyə və qəndə çatan pulu qazanıb, ona möhtac olan ailəsinə köməkdə görür. Uşaqlığını unudur.
Sonradan xeyirxahlığı, ziyalı təfəkkürü ilə zəmanəsinin mesenatları arasında özünəməxsus yer tutanlardan olur.
Zamanla böyüyən insan - Ağa Musa Bakının simasına çevrilir.
XX əsrin əvvəllərində Bakının daha çox ehtiyac duyduğu sahələrin dirçəlişi, xalqın tələbatını ödəmək baxımından məşhur mesenatın həyata keçirdiyi tədbirlər bu gün fövqəladə zəhmətin və xalqa bağlılığın təzahürü kimi diqqəti cəlb edir.
A.M.Nağıyevin qazandığı sərvətin ölçüsü hesaba gəlməzdir. Onun ictimai fəaliyyətini öyrəndikcə, xalq onu daha çox qiymətləndirir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Ağa Musa Nağıyev kimi xeyriyyəçi-milyonçulara "istismarçı-kapitalist" damğası vurulur. Bunun nəticəsidir ki, milyonçu dünyasını dəyişdikdən sonra vəsiyyətinə rəğmən Kərbəla ona qismət olmur.
Keçmişimizə hörmətlə yanaşmaq, Azərbaycanın tarixini, onun dəyərli səhifələrini övladlarımıza, gələcək nəslə ötürmək hər birimizin borcudur.
O, xalq üçün yaşanan ömrün davamçısı olaraq məsuliyyət və qətiyyəti gündəmə gətirib.
Onun yazdığı hər bir fəsildə Azərbaycanın dövlətçilik prinsipləri, onun coğrafiyası, tarixi, tanınmış simaların portret cizgiləri əsas xətt olaraq təqdim olunur. Buradakı hər iz tariximizin bir parçası, yaşanılan illərin əks-sədasıdır desək, fikrimizdə yanılmarıq.
Neçə əsrlik tariximizi " Daş kitabə"lər vasitəsilə bizlərə əxz etməkdir onun məqsədi.
Ağa Musa Nağıyev 1919-cu il martın 4-də dünyasını dəyişib. Bu il onun vəfatından 94 il keçir.
Son 20 ildə fəaliyyətim Ağa Musa Nağıyevin həyatını, xeyriyyəçilik və ictimai fəaliyyətini, 22 illik acı sürgünlük taleyi yaşayan oğulluğu - atam Fərəc Nağıyevin incəsənət sahəsindəki xidmətlərini araşdırmağa həsr etmişəm.
Torpağına, millətinə bağlı olan Ağa Musa Nağıyevin həyat və fəaliyyətinə aid faktlar və xatirələr əsasında: "Xalq üçün ömrünü şam kimi əridən...", "Ömrün səhifələri" və "Zamanın sorağında" adlı kitablarını, "Xeyriyyəçilik və ictimai fəaliyyəti"nə aid elmi monoqrafiya yazıb, adını daşıyan "Milli Dəyərlərin Qorunması" təşkilatını yaradıb, saytını açmaqdan qürur duyuram.
Dilarə Nağıyeva
A.M.Nağıyevin nəvəsi, fəaliyyətinin araşdırıcısı
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL