waplog

Rabitə sahəsində 6 minə yaxın qadın çalışır


Azərbaycanda digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də qadınların fəallığı artmaqdadır. Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müvafiq qurumlarında çalışan işçilərin 5 min 807 nəfəri məhz qadınlardır.

Müasir günümüzdə İKT ölkə vətəndaşlarının rifah halının qiymətləndirmə amillərindən birinə çevrilib ki, bu istiqamətdə də ən əsas vəzifələrdən biri məhz insanların texnologiyalara çıxışının təmin edilməsidir. Bu baxımdan, ölkəmizdə qadınların İKT-yə əlçatanlığı ilə bağlı göstəricilərə nəzər salsaq, dövlət proqramlarında İKT və informasiya təhlükəsizliyi sahələrində müasir ixtisaslar üzrə kadr hazırlığı və ixtisasartırma üçün tədbirlərin görülməsi nəzərdə tutulub.

Təşviqat işlərinin nəticəsi olaraq, artıq İKT-yə aid ixtisas seçən oğlan və qızların sayı artmaqdadır. Belə ki, təkcə 2009-2011-ci illər ərzində "İnformatika müəllimliyi", "Riyaziyyat və informatika müəllimliyi" ixtisasları üzrə qızların qəbulu 80 faizdən artıq olub. "Kompüter elmləri", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisaslarına isə qızların marağı artmaqdadır və bu, 37 faiz təşkil edib. Son statistik göstəricilərə əsasən, bu gün Azərbaycanda kompüter istifadəçilərindən 49,30 faizi və müəssisələrdə internetdən istifadə edən işçilərin 47,70 faizi də məhz qadınlardır.

Ölkəmizdə qadın kompüter istifadəçilərinin şəhər və kənd üzrə göstəricisi müvafiq olaraq 38,80 faiz və 40,10 faiz təşkil edir. Qadınlar sosial şəbəkədə də fəallıqları ilə seçilirlər.

Hazırda "Facebook" istifadəçilərinin təxminən 35 faizini qadınlar təşkil edir. Rabitə və İT sahəsində çalışan qadınların əməyi də dövlət, o cümlədən də RİTN tərəfindən layiqincə qiymətləndirilir. Belə ki, respublika prezidentinin fərmanı ilə 4 nəfər "Əməkdar mühəndis" fəxri adını alıb, 7 nəfər "Tərəqqi" və 4 nəfər "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunublar.

Eyni zamanda indiyə qədər səmərəli fəaliyyətlərinə görə rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə 156 qadın "Fəxri Fərman"la, 65 qadın "Rabitə ustası" və 6 qadın isə "Fədakar rabitəçi" adlarına layiq görülüblər.

Veteran rabitəçilərə gəlincə, Respublika Rabitə İşçiləri Veteranlar Şurasının (RRİVŞ) məlumat bazasında yer alan 1451 üzvdən 347 nəfərini qadınlar təşkil edir. Bu da rabitə sahəsində çalışmış veteranların ümumi sayının 24 faizini təşkil edir.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL