“Azerfon” şirkəti təyyarədə mobil rabitə xidmətlərini KİV nümayəndələrinə əyani nümayiş etdirib
Azərbaycanın ilk “3G” mobil rabitə operatoru “Azerfon” şirkəti, İsveçrənin “OnAir” şirkəti və Azərbaycan Hava Yolları QSC ilə birlikdə təqdim etdiyi, təyyarədə mobil rabitə xidmətlərinin tam çeşidindən istifadə etmək imkanını KİV nümayəndələrinə nümayiş etdirmək məqsədi ilə Bakıdan Kiyevə birbaşa reys təşkil edib.
“Azerfon”un satış və xidmətlər üzrə baş müdiri Leyla Nəsrullayevanın KİV nümayəndələrinə verdiyi məlumata əsasən, hazırda artıq bu xidmətlər AZAL-ın 5 təyyarəsində təqdim edilir. “Yaxın bir həftə ərzində “Azerfon”un mobil rabitə xidmətlərindən artıq AZAL-ın 6 təyyarəsində istifadə etmək mümkün olacaq, yay aylarında bu xidmətin aktiv olduğu təyyarələrin sayı 9-a çatacaq, gələn ilin ortaları üçün isə artıq 20 təyyarədə mobil rabitədən istifadə etmək olacaq.
Təyyarədə zəng edilən zaman, SMS göndərdikdə və internetdən istifadə etdikdə ödəniş rouminq tarifləri ilə həyata keçirilir. “OnAir” şirkəti ilə imzaladığımız saziş mobil rabitə xidmətlərini bütün MDB ölkələrində təqdim etməyə imkan verir.
Hazırda biz artıq Qazaxıstan və Ukrayna ilə xidmətlərin təşkili ilə bağlı danışıqlar aparırıq. Beləliklə, bu xidmət bizə regional bazara çıxmağa imkan verir”, - deyərək L.Nəsrullayeva bildirib. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin sözlərinə görə, bu xidmət bütün dünyada böyük marağa səbəb olacaq. ”Azerfon” təyyarədə mobil rabitənin təşkili ilə AZAL-a böyük kömək edib, çünki hazırda bizim “qara siyahı”mızda qeydə alınmış 82 nəfərin bir çoxu məhz təyyarədə uçuş zamanı telefonla danışmağı ucbatından bu siyahıya düşüb və yaxın bir il ərzində AZAL-ın təyyarələrinə bilet almaq imkanından məhrum ediliblər. Artıq bu insanlar və həmçinin təyyarənin işçi heyəti uçuş zamanı dünyadan təcrid edilməyəcəklər, dostları və yaxınları ilə əlaqə saxlaya biləcəklər.
Gələcəkdə 6 - “Embraer” təyyarəsində, 2 - “Airbus-A340” və 2014-cü ildə alınacaq “Boeing 787” “Dreamliner” təyyarələrində mobil rabitə xidmətləri və “Wi-Fi” şəbəkəsinə qoşulma imkanı təmin ediləcək. Hazırda AZAL dünyanın 31 ölkəsinə və 61 şəhərinə uçuşlar həyata keçirir”, - M. Səfərli dedi.
“OnAir” şirkətinin Şimali və Şərqi Avropada satış və biznesin inkişafı üzrə rəhbəri Daniel Froli (Daniel Froehly) təqdimat zamanı bildirib ki, xidmətin təşkili məqsədi ilə təyyarədə “Azerfon” şirkətinin kiçik baza stansiyası quraşdırılıb.
“Təyyarədə sərnişinin mobil telefonundan zəng edildikdə siqnal həmin stansiyaya daxil olur, ordan “Inmarsat”-ın “SwiftBroadband” (SBB) qlobal peyk şəbəkəsinə yönlənir, sonra isə “OnAir”-in yerüstü baza stansiyasının GSM infrastrukturuna daxil olur və sonda “Azerfon”un yerüstü stansiyasına çatır. Beləliklə, səsli siqnal yerdəki abunəyə çatanadək 70 km məsafə fəth edir. Yaradılan rabitənin peyk hissəsi “İnmarsat” şirkəti tərəfindən təmin edilir. Bizim keçirdiyimiz tədqiqatlar göstərib ki, uçuş zamanı təyyarədə mobil telefondan 239 nəfər istifadə etmək istəyir, onların 74%-i smartfon istifadəçisidir. Sərnişinlərin 47%-i təyyarədə mobil telefonu SMS göndərmək üçün, 42% sosial şəbəkələrdən istifadə etmək üçün, 11% isə səsli rabitə xidmətləri üçün istifadə edir.
Hazırda “Aeroflot” , “Azerbaijan Airlines”, “British Airways”, “Egyptair Emirates”, “Etihad Airways”, “Hong Kong Airlines”, “Libyan Airlines”, “Oman Air”, “TAP Portugal”, “Qatar Airways”, “Royal Jordanian”, “Saudi Arabian Airlines”, “Singapore Airlines”, “TAM” aviasiya şirkətləri bu şəbəkəyə qoşulmuşdur”, - Daniel Froli bildirdi. Uçuş zamanı “ICTnews”-un müxbiri təyyarədə olan KİV nümayəndələri ilə səsli mobil rabitə yaradaraq “Azerfon”un yüksək keyfiyyətli xidmətindən istifadə edib.
AYNUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL