waplog

“Microsoft” saxta və pirat proqram təminatı ilə bağlı araşdırma aparıb


"Microsoft" korporasiyası saxta və pirat proqram təminatı ilə bağlı növbəti araşdırmalarını aparıb. Şirkətin sifarişi ilə həyata keçirilmiş araşdırma saxta və pirat proqram təminatının istifadəçilər üçün təhlükəli olduğundan xəbər verir: "Bəzi kompüter istifadəçiləri pula qənaət etmək ümidi ilə fəal surətdə pirat proqram təminatı axtarırlar.

Zərərli proqramlar fiziki şəxslərin üçündən birinə, hüquqi şəxslərin isə onundan üçünə ziyan gətirir

"Microsoft" korporasiyasının təşəbbüsü ilə, "IDC" şirkətinin həyata keçirdiyi tədqiqatlar göstərir ki, zərərli proqramlar fiziki şəxslərin üçündən birinə, hüquqi şəxslərin isə onundan üçünə ziyan gətirir.

Araşdırmalara görə, kompüterlərin viruslara yoluxması nəticəsində istehlakçılar virusların müəyyən edilməsi və kompüterlərin təmirinə 1,5 milyard saat və 22 milyard ABŞ dolları xərcləyəcəklər.

Eyni zamanda, qlobal şirkətlər kiberhücumlara qarşı 114 milyard ABŞ dolları ödəməli olacaqlar. Qlobal tədqiqat çərçivəsində, 270 internet səhifəsi və eyni səviyyəli şəbəkə (Peer-2-Peer Network), 108 proqram təminatı, 155 kompakt-disk və DVD-disk təhlil edilib. Braziliya, Çin, Almaniya, Hindistan, Meksika, Polşa, Rusiya, Tayland, Böyük Britaniya və ABŞ-ı təmsil edən 258 məlumat mərkəzi rəhbərinin və İT-menecerinin, habelə 2077 istifadəçinin rəyi öyrənilib. Araşdırmalar saxta proqram təminatlı kompüterlərdə bir sıra "casus proqramlar" (45 faiz internetdən, 78 faiz veb-saytlardan), 36 faiz troyanlar və reklam virusları üzə çıxarıb.

Kibercinayətin reallığı ondadır ki...

"Kibercinayətin reallığı ondadır ki, saxtakarlıqla məşğul olanlar proqram kodları ilə manipulyasiya edərək, onu zərərverici proqramlarla doldururlar",- deyə "Microsoft" Kibercinayət mərkəzinin baş hüquq məsləhətçisinin köməkçisi Devid Finn bildirib. Onun sözlərinə görə, bu zərərverici proqramların bəziləri insanın klaviaturaya hər bir toxunuşunu qeyd edir: "Virusa yoluxmuş kompüterlərin mikrofon və yaxud videokameralarına qoşularaq ətrafı izləyə bilirlər.

Beləliklə, cinayətkarlar zərərçəkənlərin şəxsi və maliyyə məlumatlarına çıxış əldə edirlər. Özünü və əmlakını zərərli proqram təminatından qorumağın ən yaxşı üsulu, kompüter əldə edən zaman leqal proqram təminatını tələb etməkdir".

Saxta və pirat proqramların "qorxulu dünyası"

Qeyd edək ki, "IDC"-nin "Saxta və pirat proqramların qorxulu dünyası" tədqiqatı "Microsoft"un qlobal təşəbbüsü olaraq, "Fair Play Day" çərçivəsində işıq üzü görüb. "IDC" şirkətinin baş tədqiqatçısı Con Qants nəticələrin təhlükəsindən söz açıb:

"Bəzi adamlar pula qənaət edərək saxta proqram təminatına üstünlük verirlər, lakin bu, bir qayda olaraq maliyyə və emosional problemlərlə nəticələnir. Araşdırmalarımız birmənalı olaraq sübut edir - saxta proqram təminatından istifadə edən istehlakçılar və şirkətlər təhlükələrlə üz-üzə qalacaqlar".

Sorğularda əldə edilmiş nəticələrə gəlincə, rəyi soruşulanların 64 faizi saxta proqram təminatından istifadə edib zərərçəkmiş adamları tanıdıqlarını bildiriblər. 45 faiz respondent etiraf edib ki, saxta proqram təminatı kompüterlərin sürətini aşağı salır.

48 faiz respondent isə qeyd edib ki, saxta proqram təminatından istifadə zamanı kompüterlərində məlumatların itməsindən ehtiyatlanırlar. 29 faiz respondenti şəxsi məlumatlarının itirilməsi daha çox təşvişə salır.

İstifadəçilərin kompüterlərinə "ova çıxan" bəd əməllilər necə varlanır?

Bir sözlə, saxta proqram təminatını təhlükəli viruslarla zənginləşdirmək – istifadəçilərin kompüterlərinə "ova çıxan" bəd əməllilərin yeni varlanma metoduna çevrilib. "IDC" araşdırmaları, həmçinin, korporativ kompüterlərdə proqram yükləmələrinin yüksək səviyyəsini müəyyən edib.

38 faiz İT-menecerlər belə halların olmasını etiraf edirlər, işçilərin 57 faizi etiraf edirlər ki, korporativ kompüterlərə şəxsi istifadə üçün proqramlar yükləyirlər. Həyəcan doğuran fakt odur ki, cəmi 30 faiz proqram təminatı bu halda problemsiz işləyir.

İT-menecerlərin 65 faizi əmindir ki, əməkdaşlar tərəfindən yüklənən proqramlar təhlükə ehtimalını artırır. Bir çox müəssisələrdə əməkdaşların proqram yükləməsi şəbəkə təhlükəsizliyinə əngəl törədir.

Vəziyyətdən çıxış yolu ilə bağlı korporasiyanın tövsiyəsi

Vəziyyətdən çıxış yolu axtaran korporasiya müştərilərə "www.microsoft.com/security " saytını ziyarət edərək, zərərverici proqramlar haqqında öyrənmək və kompüterlərinin virusa yoluxmamasından əmin olmağı təklif edir. Virus tapıldığı təqdirdə, sayt virusları təmizləmək yollarını tövsiyə edir: "Yeni kompüter alanlara məsləhət görülür ki, alış-verişi etibarlı nöqtələrdə etsinlər və əmin olsunlar ki, "Microsoft"un leqal proqram təminatını əldə edirlər. "İDC" tədqiqatları haqqında əlavə məlumatı "Microsoft Play Fair Day" saytında "www.playfairday.com ", son xəbərləri isə "www.playfairday.com " saytında əldə etmək mümkündür.

Qeyd edək ki, 1975-ci ildə təsis edilmiş "Microsoft" korporasiyası proqram təminatı, fərdi kompüter və serverlər üçün internet texnologiyaların işlənib hazırlanması və xidməti üzrə dünya lideridir.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL