“Google” şirkətinin ABŞ-ın Texas ştatında keçirilən “SXSW 2013” festivalında nümayiş etdirdiyi idman ayaqqabıları qışqırıq vasitəsilə sahibini idmanla məşğul olmağa və ya hərəkət etməyə vadar edir.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, idman ayaqqabılarını “Adidas” şirkəti istehsal edib və “Google” şirkəti ona akselerometr, jiroskop və təzyiq datçikləri quraşdırıb. Datçiklər istifadəçinin hərəkətlərini izləyir. Səs əmrləri idman ayaqqabılarının "dilinə" quraşdırılmış dinamik vasitəsilə verilir. Sistem “Arduino” platası vasitəsilə idarə olunur.
İdman ayaqqabıları təxminən 250 əmr tanıyır və sahibini ruhlandırmaq üçün həmin əmrlərdən istifadə edir. Məsələn, əgər insan hərəkət etmirsə, ona heykələ oxşadığı barəsində bildirir. Sahibi hərəkət edən kimi idman ayaqqabıları bildirir ki, belə daha yaxşıdır. “Google”-un nümayəndələri bildiriblər ki, idman ayaqqabıları sahibinin həyat tərzinə və vərdişlərinə uyğunlaşa bilir.
O, idmançıya və idmanla təsadüfi hallarda məşğul olan insana qarşı fərqli tələblər irəli sürür.
Ayaqqabıya quraşdırılmış “Bluetooth” modulu “ağıllı” telefonla əlaqə yaratmağa imkan verir. İstifadəçi mobil aparata quraşdırdığı tətbiq vasitəsilə idman nailiyyətləri haqqında informasiyanı yadda saxlaya və onları sosial şəbəkələrdə paylaşa bilər.
“Google” şirkəti danışan idman ayaqqabılarının kütləvi istehsalını planlaşdırmır. O, “Art, Copy and Code” layihəsi çərçivəsində hazırlanıb.