Maliyyə və Mühasibatlıq Hesabatları üzrə avtomatlaşdırılmış informasiya sistemi 35 ali təhsil müəssisəsini və 4 nazirliyi əhatə edəcək
"Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları" avtomatlaşdırılmış informasiya sistemi hazırda Maliyyə Nazirliyində və 4 pilot universitetdə - Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Xəzər Universitetində tətbiq olunub.
Yaxın gələcəkdə bu sistemin daha geniş yayılması nəzərdə tutulur. Avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi birinci mərhələdə 35 ali təhsil müəssisəsini və 4 nazirliyi əhatə edəcək.
"ICTnews" elektron xəbər xidmətinə Maliyyə Nazirliyindən bildirilib ki, sistem Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən "Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi" çərçivəsində yaradılır. Bu proses mühasibat uçotu üzrə beynəlxalq və milli standartlar əsasında formalaşan maliyyə hesabatlarının hazırlanması, qəbul olunması, təhlili proseslərinin avtomatlaşdırılması və hesabatlar üzrə vahid məlumat bazasının hazırlanması zərurətindən irəli gəlir.
"Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları" avtomatlaşdırılmış informasiya sisteminin tətbiqinə başlanılması respublika prezidentinin elektron xidmətlərin genişləndirilməsi, "Elektron Hökumət"in qurulması ilə bağlı verdiyi fərman, sərəncam və tapşırıqların icrası istiqamətində atılan addımlardan biridir.
Mütəxəssislərin fikrinə görə, sistemin tətbiqi hər bir təşkilat üçün operativ analiz imkanı yaradır, müəssisədə mühasibat uçotunun beynəlxalq və milli standartlar əsasında avtomatlaşdırılması, həmçinin hazırlanan maliyyə hesabatlarının da avtomatik rejimdə formalaşmasını və vaxtında təqdim olunmasını təmin edir. Sistem "Sinam" şirkəti tərəfindən həyata keçirilir.
Sistemin funksional və texniki təfərrüatlarına gəlincə, icraçı şirkətin rəhbəri Elçin Əliyev bildirib ki, proqram təminatının funksionallığı "Müəssisə resurslarının idarə edilməsi sistemi" prinsipi üzərində qurulub və müəssisənin bütün növ maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmasına və idarə edilməsinə imkan verir.
Qeyd edək ki, hazırda pilot təhsil müəssisələrində tətbiq edilən sistemdə "Anbar uçotu", "Əsas vəsaitlərin uçotu", "Bank və xəzinə əməliyyatları", "Əməkhaqqı", "Maliyyə hesabatları" və "Kadrların uçotu" modulları mövcuddur.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL