Texnologiyalar bu günün qiymətli nəşrlərini gələcək nəsillərə ötürən əsas vasitəyə çevrilib
Bu günün qiymətli nəşrlərini gələcək nəsillərə ötürmək üçün onları necə saxlamaq lazımdır? Texnoloji, innovativ yanaşmalar bu suala da artıq çoxdan cavab tapıblar. Hazırda dünyada texnologiyalar sələflərdən xələflərə çatacaq mənəvi incilərin əsas ötürücüsünə çevrilib və bu proses dünya elektron kitabxanalarının yaranmasında əsas təkanverici rol oynayıb.
Materialların rəqəmli formada saxlanması ilə bağlı ABŞ Konqresindən vacib qərar
Vəziyyətdən çıxış yolu axtaran ilk ölkələrin siyahısına ABŞ-ın liderlik etdiyini demək olar. Belə ki, 2000-ci ilin dekabrında Amerika Birləşmiş Ştatlarının Konqresi bütün materialların gələcək nəsillərə çatdırılması üçün rəqəmli formada saxlanmasının vacibliyi haqqında qərar (Public Law 10b-554) qəbul edib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının məlumatına görə, bu qərardan ötən 7 il ərzində dünyanın ən böyük kitabxanalarından biri olan ABŞ Konqres Kitabxanasında artıq 142 milyon kitab və sənədlərdən 10 faizi rəqəmsallaşdırıldı.
İlk növbədə burada 1923-cü ilədək olan kitablar elektron formaya salınıb ki, bu da onlar üzərində müəlliflik hüququnun olmaması ilə bağlıdır. Hazırda da hər gün kitabxanada 75-dən 200-dək sənəd skanerləşdirilir.
Mütəxəssislərin hesablamalarına görə, kitabxananın bütün fondunun rəqəmsallaşdırılması üçün bir neçə onillik tələb olunur.
Fransa kitabxananın elektronlaşdırılmasına diqqət ayıran ilk ölkələrdəndir. Belə ki, Fransa Milli Kitabxanasında 1997-ci ildən "Gallica" layihəsi həyata keçirilir. Nəticədə 80 min kitab və 70 min təsvir skanerdən keçirilib, rəqəmli formaya salınıb və internetdə (gallica.bnf.fr) yerləşdirilib.
Britaniyada məqalələrin yalnız 10 faizini ancaq kağız üzərində oxumaq olacaq
Britaniya Milli Kitabxanası isə 2005-ci ildən öz fondunun elektron formaya salınması istiqamətində layihəni həyata keçirməyə başlayıb. Kitabxananın məlumatına görə, 2020-ci ilə qədər Britaniya alimlərinin elmi işlərinin 90 faizi rəqəmli formaya keçiriləcək və internetdən onlara çıxış imkanı olacaq.
Bununla yanaşı, yaxın zamanlarda dərc olunmuş tədqiqat əsərləri həm rəqəmli, həm də çap formasında saxlanılacaq və məqalələrin yalnız 10 faizini ancaq kağız üzərində oxumaq olacaq. Elmi əsərlərdən başqa, Britaniya kitabxanasının bütün fondunun rəqəmli formaya keçirilməsi planlaşdırılır. Buraya 160 milyon kitab, əlyazma, audioyazı, patent, kart və qəzet daxildir. Ehtiyatsız davranış üzündən materialların itməsinin qarşısını almaq üçün hər nəşrin 3 surəti çıxarılacaq.Həm də bir surət sistemin qəfil və tam dayanması ehtimalına görə ayrıca qorunub saxlanılacaq.
Elektron kitabxananın yaradılması layihəsinə 2003-cü ildən Rusiya Milli Kitabxanası da qoşulub 2003-cü ildən başlayaraq Rusiyada da Milli Elektron Kitabxana layihəsi həyata keçirilir. Həmin ilin yanvar ayında Rusiya Dövlət kitabxanası RF Mədəniyyət Nazirliyinə Milli elektron kitabxananın yaradılması təşəbbüsü ilə müraciət edib və dəstəklənib. 2003-cü ilin fevralında elektron kitabxananın yaradılması layihəsinə Rusiya Milli Kitabxanası da qoşulub. 2008-ci ilin 17 dekabrında Rusiya Dövlət kitabxanası Milli Elektron Kitabxananın yaradılması layihəsinin başa çatmasını elan edib.
Bu kitabxanada Rusiyanın bütün əsas kitabxanalarından toplanmış nadir kitablar və əlyazmalar, dövri nəşrlər və notlar saxlanılır. Buraya həmçinin Prezident kitabxanasının kitabları və dissertasiyaların elektron kitabxanası daxildir. 2008-ci ilin məlumatlarına görə, arxivin həcmi 162 Tbayta çatıb ki, bu da 3 milyon kitaba bərabərdir.
Hazırda Milli Elektron Kitabxana özündə vahid interfeysə, axtarış sisteminə və istifadəçi bazasına qoşulmuş lokal ictimai-populyar elektron kitabxanaların şəbəkəsini (Rusiya Milli Kitabxanası, Dövlət Elmi-Texniki Kitabxanası) birləşdirir.
"Europana"da rəqəmli formada yerləşdirilən mədəni irslə bağlı obyektlər 2015-ci ildə 15 milyona çatacaq
2008-ci ilin 20 noyabr tarixindən etibarən ümumavropa rəqəmli kitabxanası olan "Europana" fəaliyyətə başlayıb. Bu kitabxananın məqsədi Avropa mədəniyyətinin müxtəlif aspektlərini əks etdirən kitabları əldə etməyə imkan yaratmaqdır.
Yarandığı gündən Avropanın mədəni irsinin 2 milyon müxtəlif obyektləri burada rəqəmli formada yerləşdirilib. Saytın əməkdaşlarının dediyinə görə, bu rəqəm 2015-ci ildə 15 milyona çatacaq. Burada indi ingilis, fransız və alman dillərində informasiya toplanıb.
Sonrakı illərdə Avropanın müxtəlif dillərində də mənbələr sayta daxil ediləcək. Təkcə 2008-ci ilin statistikası göstərir ki, bu kitabxananın yaranmasına ən böyük töhfəni Fransa (50 faiz) verib.
Bu sıraya 10 faizlə Böyük Britaniya, 1,4 faizlə İspaniya, 1 faizlə Almaniya daxildir. Böyük sayda insanların (1 saat ərzində 10 milyon adam) daxil olması nəticəsində sayta ilk gündən daxil olmaq mümkün olmayıb və 2008-ci ilin dekabrından bağlanıb.
Ümumdünya rəqəmli kitabxanası 2009-cu ildən açıq elan edilib
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının məlumatına görə, ümumdünya rəqəmli kitabxanası isə 2009-cu il 21 aprel tarixindən açıq elan edilib.
Kitabxananın yaradılmasında əsas məqsəd xalqlar və mədəniyyətlərarası qarşılıqlı anlaşmaya təsir göstərmək, internetdə mədəniyyətyönümlü materialların həcminin genişləndirilməsi və müxtəlifliyinə nail olmaq, pedaqoqlara, alimlərə və bütün maraqlı olan şəxslərə ehtiyatların təqdim olunması, ölkə daxilində və xaricində partner-müəssisələr arasında olan məsafənin qısaldılmasını təmin etmək və s.-dir.
Açıldığı gündən kitabxanada olan materialların həcmi Avropa üzrə 384 obyekt, Şimali Amerika üzrə 137 obyekt, Mərkəzi və Cənubi Asiya üzrə 65 obyekt, Şərqi Asiya üzrə 81 obyekt, Orta Şərq və Şimali Afrika üzrə 157 obyekt, Cənubi-Şərqi Asiya üzrə 49 obyekt, Latın Amerikası və Karib dənizi hövzəsi üzrə 320 obyekt, Afrika üzrə 122 obyekt, Okeaniya və Sakit Okean üzrə 31 obyekt olmaqla, ümumilikdə açılış gününə 1170 obyekt təşkil edib. Hazırkı günə olan məlumata görə isə Avropa üzrə 2379 obyekt, Şimali Amerika üzrə 208 obyekt, Mərkəzi və Cənubi Asiya üzrə 388 obyekt, Şərqi Asiya üzrə 388 obyekt, Yaxın Şərq və Şimali Afrika üzrə 597 obyekt, Cənubi-Şərqi Asiya üzrə 55 obyekt, Latın Amerikası və Karib dənizi hövzəsi üzrə 406 obyekt, Afrika üzrə 169 obyekt, Okeaniya və Sakit Okean üzrə 40 obyekt olmaqla, ümumilikdə 2012-ci ilin 12 fevralına 4630 obyekt göstərilir. Eyni zamanda bu rəqəm getdikcə artır.
Azərbaycanda elektron nəşrlərin nə vaxtsa mövcud olacağı şübhə doğursa da...
Azərbaycana gəlincə, hələ 1991-ci ildə ABŞ-ın Los-Alamos Milli Kitabxanasının əməkdaşları elektron məlumat bazaları yaradarkən ölkəmizdə elektron nəşrlərin nə vaxtsa mövcud olacağı məlum səbəblər üzündən şübhə doğururdu.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasından bildirilib ki, o dövrdən illər ötməsinə baxmayaraq, bu gün artıq sayılıb-seçilən kitabxanalarımız elmin informasiya təminatında yeni texnologiyalar tətbiq etməklə bərabər, daha da irəli gedərək oxuculara qeyri-ənənəvi informasiya və mütaliə formaları aşılayır, onların sorğularına e-kitab, e-jurnal, e-qəzet və s. kimi müasir elektron vasitələrlə cavab vermək üçün daha qlobal və əhatəli məlumat mənbələrindən istifadə edir.
Bir sözlə, bu gün ölkənin iri kitabxanalarının elektron kataloqu və elektron kitabxanasının müasir standartlar səviyyəsinə qaldırılması ilə bağlı işlər aparılır ki, onlardan biri də məhz Mərkəzi Elmi Kitabxanadır. Hazırda bu kitabxana 40 000 elektron jurnalı özündə birləşdirən "EBSCO" (Elton Bryson Stephens COmpany) məlumat bazasından istifadə edir.
Azərbaycan Milli Kitabxanasında 2005-ci ildən milli ədəbiyyata dair təsvir məlumat bazasına daxil edilir
Azərbaycan Milli Kitabxanasına (AMK) gəlincə, burada 2005-ci ildən elektron kataloqun tərtibinə başlanılıb və milli ədəbiyyata dair təsvir məlumat bazasına daxil edilir. Ümumiyyətlə, hazırda "Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" icra edilməkdədir.
Proqram 2013-cü ilə qədər elektron informasiya fondlarının formalaşdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi, "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın oxucuların istifadəsinə verilməsi, elektron kataloq və elektron kitabxanaların yaradılması işinin təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması, kompüterləşdirilmiş kitabxana infrastrukturunun qurulması, kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsi, kitabxana fondlarının zənginləşdirilməsi, onların mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi, "Azərbaycanın kitab abidələri" dövlət reyestrinin hazırlanması, milli informasiya resurslarının elektron daşıyıcılara köçürülməsi kimi çoxsaylı tədbirlərin icrasını özündə birləşdirir.
Nəhayət, bu tədbirlərin reallaşması ilə yanaşı, 2013-cü ildə ABŞ, Avropa və MDB ölkələri kitabxanalarının avtomatlaşdırma, fondların bərpası və mühafizəsi, habelə "UNİMARC" formatının tətbiqi sahəsində təcrübələrin öyrənilməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL