"Türinq" mükafatına Massaçusets Texnoloji İnstitutunun alimləri layiq görülüb
Kompüter elmləri sahəsində “Nobel” mükafatının laureatları kriptoqrafiya sahəsindəki tədqiqatlarına görə Şafi Qoldvasser və Silvio Mikali olub. Massaçusets Texnoloji İnstitutunun 2 professoru kriptoqrafiya sahəsindəki tədqiqatlarına görə 2012-ci il üçün “Nobel” mükafatının kompüter elmləri sahəsində ekvivalenti hesab olunan "Türinq" mükafatına layiq görülüblər.
Hesablama Texnikası Assosiasiyasının (Association for Computing Machinery – ACM) hər il təsis etdiyi mükafat MTİ-nin elektrotexnika və kompüter elmləri üzrə professoru, həmçinin Veytsman adına Elmi-Tədqiqat İnstitutunun professoru Şafi Qoldvasser və MTİ-nin professoru Silvio Mikaliyə verilib.
ACM-in bəyanatında deyilir: “Kriptoqrafik təhlükəsizlik konsepsiyalarını formalaşdıraraq onlar riyazi modelləri yaradıblar ki, bu da kriptoqrafiyanı incəsənətdən elmə çevirib.
Onların gördüyü iş verilənlərin nəzərdən keçirilmə və modifikasiyadan müdafiəsi, təhlükəsiz qarşılıqlı əlaqə və İnternetdə əməliyyatların aparılması da daxil olmaqla, mühüm praktiki problemlərə toxunur. Razılaşdırılmış sübutlar mürəkkəb hesablamalar tələb edən elm sahəsində aparılan tədqiqatlara dərin təsir göstərmişdir”. İnternetin pioneri, ACM-in prezidenti Vinton Serf qeyd edib ki, hər iki alimin ideyaları kompüter elminin bir çox aspektlərinə (müasir brauzerlərdə isitfadə edilən şifrələmə sxemlərindən başlayaraq elektron kommersiyada kredit kartlarının şifrələnməsi texnologiyalarınadək) ciddi təsir göstərmişdir:
“Biz, rəqəmsal əsrdə təhlükəsizliyin təmininə innovativ yanaşmalar təklif edən alimlərə borcluyuq”. “ICTnews.az” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, hər iki laureat həm də MTİ-nin kompüter elmləri və süni intellekt laboratoriyasında baş tədqiqatçıdır. Onlar "Türinq" mükafatının məşhur sahibləri və MTİ-nin kriptoqrafiya üzrə pionerləri Ron Rivest, Adi Şamir və Leonard Adlemanın (məşhur RSA şifrələmə alqoritminin adı onların adlarının abbreviaturasıdır) davamçılarıdır. Ş.Qoldvasser və S. Mikalinin tədqiqatları Amerika Humanitar və Dəqiq Elmlər Akademiyası, ABŞ Milli Elmlər Akademiyası və Milli Texniki Akademiya tərəfindən qeyd edilib.
Qoldvasser həmçinin ACM-in hesablama texnikasının gələcək inkişafı sahəsindəki mühüm nəticələrə görə verilən “Grace Murray Hopper Award”, o cümlədən Milli Elm Fondunun “Presidential Young Investigator Award” mükafatlarına da layiq görülüb. Bu il 250 min dollar məbləğində olan "Türinq" mükafatı “Google” və “Intel” şirkətlərinin maliyyə dəstəyi ilə təqdim edilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL