Elektron imzanı neçəyə almaq olar?
Müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün elektron imza effektiv həll hesab edilir və bir çox üstünlükləri ilə seçilir. İlk növbədə, elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər.
Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq, eyni imkanlar əldə edirlər. Elektron imzanın istifadəsi zamanı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur. Bəs elektron imzanı hazırda necəyə əldə etmək olar?
Elektron imza xidmətləri üçün tariflərə gəlincə, bu, ilk növbədə imzanın istifadə müddətindən asılıdır. Belə ki, 1 il müddətinə əhali üçün elektron imzanın qiyməti 14, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün 60 manatdır.
İmzanın istifadə müddəti 2 il olarsa, bunun üçün əhali 22, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər 114 manat ödəməlidirlər. İmzanın istifadə müddəti 3 illik olduqda isə əhali üçün elektron imzanın qiyməti 30, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün elektron imzanın qiyməti isə 168 manat təşkil edir. İmzanın istifadə müddətindən asılı olmayaraq, dövlət strukturları üçün elektron imzanın qiyməti isə dəyişməzdir.
Belə ki, dövlət qurumlarından elektron imza vəsiqələrinə artan tələbat nəzərə alınaraq, 3 illik elektron imza sertifikatlarının qiyməti 135 AZN-dən 80 AZN-ə salınıb. Elektron imza xidmətləri üçün tariflərə ƏDV də daxildir. Elektron imza kartını Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında əldə etmək olar.
Elektron xidmətlərin genişləndirilməsi istiqamətində işləri davam etdirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan "elektron imza" kartının əldə edilməsi prosesi hazırda bir qədər də sadələşdirilib.
Belə ki, bu kartı əldə etmək üçün yaşayış yerindən asılı olmayaraq artıq hər bir vətəndaş 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə də müraciət edə bilər. Xidməti mərkəzdə fəaliyyət göstərən "Azərpoçt"un nümayəndələri göstərir. Elektron imzanın sertifikatı qeydiyyat mərkəzinə ərizə daxil olduqdan dərhal sonra hazırlanır. Bu barədə elektron imzanın sahibi elektron ünvanı vasitəsilə məlumatlandırılır.
Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən təqdim olunmuş gücləndirilmiş elektron imza vəsiqələrinin sayı artıq 10 000 ədədi keçib. Daha ətraflı məlumatı "e-imza.az" elektron ünvanı üzrə əldə etmək mümkündür.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL