waplog

Rusiya mətbuatında Azərbaycanın İKT sektorundan bəhs edilib


Rusiyanın "Rossiyskaya qazeta" nəşrində Azərbaycanın Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ölkənin İKT sektorunun nailiyyətlərinə və inkişaf perspektivlərinə həsr edilmiş "Modernizasiyanın əsas elementi" başlıqlı müsahibəsi dərc edilib.

"ICTnews" xəbər xidməti "www.rg.ru" saytına istinadən xəbər verir ki, müsahibədə qeyd edilib ki, on ildən sonra Azərbaycanın Ümumi Daxili Məhsulunun 10%-i İT sektorunun payına düşəcək. Müsahibədə nazir bildirib ki, artıq uzun illərdir ki, Azərbaycanda İKT və yüksək texnologiyalar iqtisadiyyatın və infrastrukturun səviyyəsinin universal meyarıdır.

"Ölkədə hökumətin ardıcıl siyasəti sayəsində telekommunikasiya, teleradioyayım, internet infrastrukturu və ümumilikdə İKT sahəsində bir çox nailiyyətlər əldə edilib. Azərbaycanda 1990-cı ilin əvvəllərindən etibarən İKT sahəsini tənzimləyən ilk qanunvericilik aktları qəbul edilib, mobil rabitənin təşkili üçün münbit şərait, ilkin internet infrastrukturu və s. yaradılıb. İnformasiya cəmiyyətinə keçidi müəyyən edən İKT-nin inkişafı üzrə Milli strategiya 2003-cü ildə qəbul edilib və ötən on il ərzində prezident İlham Əliyev İKT sektorunun inkişafına böyük əhəmiyyət verib, bu da sektorun dinamik inkişafına səbəb olub. Ölkədə bir sıra vacib qanunlar və "Elektron Azərbaycan" kimi böyük miqyaslı dövlət proqramları qəbul edilib. Biz 2008-ci ildə MDB məkanında ilk dəfə bütün yaşayış məntəqələrinin telefonlaşdırılmasına, üç il sonra isə rəqəmli texnologiyaları keçməklə, vahid yeddi nişanlı nömrələmə sistemini tətbiq etmişik. Azərbaycan İKT-nin inkişafı üzrə beynəlxalq reytinqlərdə özünəməxsus yer alıb və bu göstəricilər artmaqda davam edir. Bu tendensiyaları davam etdirmək üçün prezident İlham Əliyev 2013-cü ili informasiya-kommunikasiya texnologiyaları ili elan edib".

Müsahibədə Ə.Abbasov, bu il Azərbaycanın ilk Milli telekommunikasiya peyki "Azerspace-1"-in orbitə buraxılması haqda ətraflı məlumat verərək bildirib ki, 2015-ci ilədək ölkə aşağıorbitli optik peyki, 2016-cı ildə isə ikinci telekommunikasiya peykini orbitə çıxaracaq. Nəticədə Azərbaycan daha etibarlı və ucuz peyk rabitəsindən istifadə etmək imkanı əldə edəcək və bu ölkənin informasiya təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək.

Nazir bildirib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə növbəti mərhələdə tədbirlər planı hazırlayıb. "Həyata keçirilməsinə bu il başlanacaq əsas layihələrdən biri fiber-optik infrastrukturun FTTH modeli üzrə genişləndirilməsini nəzərdə tutan "fiber to home" layihəsidir. Ümumi dəyəri 500 mln. dollar olan üçillik layihə Dövlət Neft Fondunun dəstəyi ilə həyata keçiriləcək və artıq bu məqsədlər üçün 132 mln. dollar ayrılıb. Gələn ildən etibarən layihə ümumi dəyərinin 30-35% həcmində reinvestisiya hesabına maliyyələşdiriləcək.

Layihənin son məqsədi ölkədə genişzolaqlı internet istifadəçilərinin sıxlığını 85%-dək artırmaq, internetin sürətini 10-100 Mbit/s-dək artırmaq, və nəticə olaraq ölkəni 2017-ci ilədək inkişaf etmiş ölkələrin səviyyəsinə qaldırmaqdır.

Digər, beynəlxalq səviyyəli layihələr, Trans Avrasiya Super İnformasiya Magistralının (TASİM) yaradılması və "Europe-Persia Express Gateway" (EPEG) informasiya magistralının yaradılmasında iştirakdır. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın Xəzəryanı regionunun əsas informasiya mərkəzinə çevrilməsinə imkan verəcək",- deyə nazir müsahibədə bildirib.

Nazir eyni zamanda ölkədə bu ildən fəaliyyətə başlamış "ASAN (Azerbaijan Service and Assessment Network) xidmət" mərkəzləri haqda da məlumat verib. "2020-ci ilədək bütün dövlət orqanlarının elektron xidmətlərlə əhatə edilməsi nəzərdə tutulub və bu hökumətin tam şəffaf fəaliyyətini təmin edəcək vacib əlamətlərdən biri olacaq. Nəticədə sahibkarlar və vətəndaşlar bürokratik əngəllərdən və neqativ hallardan azad olmuş olacaqlar. "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası çərçivəsində Ümumi Daxili Məhsulun həcminin, qeyri-neft sektorunun, o cümlədən İKT sektorunun hesabına, ikiqat artımı nəzərdə tutulub. Lakin bu məqsədə nail olunduğu halda İKT bazarının həcmi 4-4,5 dəfə artacaq, yəni 8 milyard dollaradək. Bu məqsədlə, təkcə dövlət xətti ilə qoyulması nəzərdə tutulan sərmayələrin həcmi 3,6 milyard dollar təşkil edəcək, özəl sektor, o cümlədən beynəlxalq investorların sərmayələrinin müqayisə edilə bilən həcmdə olması gözlənilir. Beynəlxalq investorların optimistik proqnozlarına əsasən, 2025-ci ilədək potensial sərmayədarlar üçün preferensiya rejiminin yaradılması nəticəsində İKT sahəsində gəlirlərin səviyyəsini ölkə ÜDM-nin 10-dək artacağını gözləmək olar, yəni inkişaf etmiş ölkələrin səviyyəsinədək. Hazırda ölkədə hər 100 nəfərə 20 kompüter düşür, internet istifadəçilərinin sıxlığı isə 70% təşkil edir. Ümumdünya İqtisadi Forumun "Qlobal informasiya texnologiyaları-2012" hesabatında Azərbaycan internet istifadəçilərinin sıxlığı göstəricisinə görə 142 ölkə arasında 61-ci, MDB ölkələri arasında isə birinci yeri tutub"- deyə Ə. Abbasov Azərbaycanın gələcək planlarını bölüşüb.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL