Pulu mühafizə edən və saxtalaşdıran texnologiyalar
"Pul və insan arasındakı qarşılıqlı əlaqə belədir: insan pulun saxtasını edər, pul da insanın". Bu fikrin müəllifi rəsmi 100 dollarlıq əskinası bəzəyən ABŞ-ın banilərindən biri Bencamin Franklindir. Amma bu gün onun təsviri yer alan ABŞ dollarından tutmuş, istənilən valyutanın saxtasına təsadüf etmək mümkündür. Demək olmaz ki, müasir əskinasların mühafizəsi zəifdir. Əksinə, bu vəziyyət banknotlarda, qiymətli kağızlarda gücləndirilən mühafizə elementləri ilə yanaşı, onlarla paralel inkişaf edən texnologiyaların yaratdığı sonsuz imkanlardan irəli gəlir. Pulların saxtalaşdırılmasının isə surətçıxarma, kompüter emalı ilə skan etmə və s. kimi müxtəlif üsulları var.
Hər 10 saxta əskinasdan 9-u surətçıxarma yolu ilə hazırlanıb
Ötən əsrin 90-cı illərin ortalarına qədər daha yüksəkkeyfiyyətli texnika poliqrafik çap hesab edilirdi. Çox əmək tələb edən üsul olsa da, bu zaman əsli ilə saxta əskinası çətinliklə ayırd etmək olur. Sonralar saxtakarlar surətçıxarma üsulundan istifadəyə üstünlük verməyə başladılar. Statistikaya görə, hər 10 saxta əskinasdan 9-u məhz bu texnika əsasında hazırlanırdı. Kseroksun ardınca hazırkı dövrdə printerlər, skanerlər, kompüterlər və başqa müasir texnikanın tətbiqi də ortaya çıxıb. Buraya şırnaqlı printerin köməyi ilə saxtalaşdırma, elektroqrafiya metodu, trafaret möhürü, ofset çapı, supersaxtakarlıq kimi texniki üsullar daxildir.
Şırnaqlı printerin köməyi ilə saxtalaşdırma əlverişli olsa da...
Şırnaqlı printerin köməyi ilə saxtalaşdırma - məhz bu metod daha sadə və əlçatan sayılır. Belə ki, bu seriyadan olan printerlərin növləri daim yaxşılığa doğru təkmilləşdirilir, qiyməti isə getdikcə azalır. Bundan əlavə, onlar rəng verilişinin dəqiqliyini kifayət qədər təmin edir. Amma bu üsulun da öz çatışmazlıqları var. Məsələn, şəkil tez-tez yayılmış olur, mikroçap və başqa qoruyucu elementlər yoxdur, kağız isə əsl əskinasdan daha incəliyi ilə fərqlənir. Ona görə də diqqətli baxış zamanı saxta kupyuraları orijinal əskinaslardan ayırd etmək mümkün olur.
Saxtalaşdırmada elektroqrafiya metodu
Elektroqrafiya metodu üçün rəngli lazer printerləri və surət aparatlarından istifadə edilir. Müxtəlif mənbələrin məlumatına görə, elektroqrafik aparatları analoq və rəqəmli olmaqla, iki qrupa ayrılır. Hazırkı dövrdə analoq aparatlar artıq köhnəlmiş hesab edilir. Rəqəmli elektroqrafik aparatlara gəlincə, orada təsvirlər mikroprosessor sistemi ilə emal edilir, rəqəmli formaya keçir. Sonra lazer şüası təsviri işığa həssas silindrə proyeksiya edir. Bu cür saxtalaşdırmanın xarakterik xüsusiyyətlərinə görə, səth, eyni zamanda da təsvir parlaq olur, təsvirin rəngi su ilə yuyulmur. Eyni zamanda təsvir və təsvirin cızıqlı strukturu aydın gözdən keçirilir. Bundan başqa, böyüdücü şüşənin köməyi ilə təsvirin nöqtələrdən ibarət olduğunu da görmək mümkündür.
Trafaret çapla saxtalaşdırılan əskinaslar özünü necə "ələ verir?"
Saxtalaşdırmada geniş istifadə edilən digər variant trafaret çapdır. Bu üsulu şelkoqarafiya da adlandırırlar. Bu üsuldan istifadə zamanı pulun ştamplaması çap formasının deşiyinin rənginin əyilməsi yolu ilə olur. Amma bu zaman boya qatı kifayət qədər qalın alınır, təsvir əl ilə yoxlandıqda belə hiss edilir. Bundan başqa, diqqətlə baxan zaman cizgilərin dişli kənarlarını, təsviri böyütdükdə isə onların torlu strukturunu görmək mümkündür.
Ofset üsuluna mikroskop baxışı
Ofset üsulu ilə saxtalaşdırmada isə çap zamanı rəng rezin səthə ötürülür, daha sonra kağıza köçürülür. Demək lazımdır ki, bu halda "məhsul" yetərincə keyfiyyətli və səliqəli alınır, rəng su ilə yuyulmur, cizgilərin kənarları isə bərabər sərhədə malik olur. Amma bu üsul da tam etibarlı hesab edilmir. Belə ki, lupa və ya mikroskopun köməyi ilə saxtalaşdırmanın ofset üsulunu da faş etmək mümkündür.
Peşəkar saxtakarlar ildə təxminən 300 min dollar qazanırsa...
Supersaxtakarlıqla daha çox 50 və 100 dollarlıq banknotlar hazırlanır. Yüksək peşəkarlıqla hazırlanan və əsillərdən praktik olaraq fərqlənməyən bu banknotlarda yalnız xırda qrafik qeyri-dəqiqliklərə rast gəlmək olar. Saxtalaşdırmanın bu yolu istehsal zamanı xeyli xərc tələb edir, təbii ki, proses bu xərcləri tamamilə ödəmiş olur. Supersaxtalaşdırma çox zəhmətli proses olduğundan əskinaslar yalnız sifariş əsasında hazırlanır. Amma onu da demək lazımdır ki, əgər peşəkar saxtakarlar ildə təxminən 300 min dollar qazana bilərlərsə, supersaxtalaşdırma işbazları bundan da artıq qazanc götürürlər.
Saxtalığa qiymət-valyuta detektoru
Ümumiyyətlə, saxta pul istehsalında banknotlara sıfır rəqəmini əlavə etmək və ya bu kimi digər primitiv variantlardan da istifadə olunur ki, bu zaman mütəxəssis köməyinə ehtiyac olmadan da saxta pulu aşkarlamaq mümkündür. Amma daha peşəkar səviyyədə hazırlanan banknotların əslini saxtasından ayırd edə bilmək üçün xüsusi aparata, məsələn, valyuta detektoruna ehtiyac yaranır. Bu detektorlar pul əskinasları ilə yanaşı, digər qiymətli kağızların da saxta olub-olmadığını müəyyən etməyə imkan verir.
Milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması üçün banklara texniki yardımlar göstərilir
Azərbaycana gəlincə, Mərkəzi Bankdan (MB) bildirilib ki, MB mütəmadi olaraq, nağd pul sahəsində çalışan əməkdaşlar üçün pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili, pul nişanlarının inkişafı, onun mühafizə fəlsəfəsi, saxta pul çapına qarşı mübarizə, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması və s. mövzularda seminarlar təşkil edir, bu sahədə banklara müvafiq texniki yardımlar göstərilir.
Yeni əskinaslar üçün "mühafizə fəlsəfəsi"nə uyğun 4 pilləli mühafizə
MB-dan bildirilib ki, yeni əskinasların mühafizəsi xüsusi "mühafizə fəlsəfəsi"nə uyğun olaraq 4 pilləli (I, II, III və IV dərəcəli) yaradılıb. Hər nominalın öz əsas fon rəngi var, eyni mühafizə elementləri bütün nominallarda eyni yerlərdə yerləşdirilib. Əhali üçün nəzərdə tutulan I dərəcəli mühafizə elementləri bütün əskinaslar üçün eynidir və eyni yerlərdə yerləşdirilib. Burada yalnız əskinasın nominalı və "manat" göstərilir, xüsusi avadanlıq istifadə olunmadan müəyyən edilir. II dərəcəli mühafizə elementləri sadə alətlərlə (böyüdücü şüşə və UB lampa) müəyyən edilir. III dərəcəli mühafizə elementləri yüksək texnologiya əsasında hazırlanıb, saxta əskinasları həqiqi əskinaslardan fərqləndirmək məqsədilə bank ekspertləri və xüsusi avadanlıqlarla müəyyən edilmək üçün nəzərdə tutulub. IV dərəcəli mühafizə elementləri yalnız Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Milli əskinasların üz tərəfində yerləşdirilmiş mühafizə elementləri
Əskinasların üz tərəfində yerləşdirilmiş müxtəlif mühafizə elementlərinə gəlincə, qabarıq çapda nominalın gizli rəqəmi, relyefli nominallar, mikroçap, hissələrə ayrılmış rənglər, rəngini dəyişən gizli element yer alıb. Ofset və digər texniki üsullarda işığa tutduqda görünən element, xüsusi dəqiq cizgilər, mikro və makro çap, surətçıxarmaya qarşı xüsusi xətlər strukturu mövcuddur. Digər mühafizə elementlərinə sol aşağı küncdə dizaynın əsas fonuna müvafiq rəngini dəyişən nominalın rəqəmi – möcüzəli rəqəm, holoqram: 10, 20, 50 və 100 manatlıq nominallarda əsas dizayn mövzusuna uyğun olan fərdi holoqramlar, su nişanı (nominalın işıqda görünən nominalı və dizaynı): fərdi su nişanları (hər nominalın əsas dizayn mövzusu və nominalı) daxildir. Ultrabənövşəyi (UB) işıqda görünən elementlərə gəlincə, dizaynın bəzi elementləri UB işığında görünür. Eyni zamanda çirklənməyə, mayelərə və bəzi turşulara bulaşmağa qarşı xüsusi lakdan da istifadə olunur.
Milli valyuta üçün ultrabənövşəyi və infraqırmızı spektrdə müəyyənləşdirilən mühafizə elementləri
Əskinasın arxa tərəfində yerləşdirilmiş müxtəlif mühafizə elementlərinə gəldikdə, buraya qabarıq çap: relyefli nominallar, mikroçap, hissələrə ayrılmış rənglər, ofset və digər texniki üsullar: işığa tutduqda görünən element, xüsusi dəqiq cizgilər, mikro və makro çap, surətçıxarmaya qarşı xüsusi xətlər strukturu, sehrli xətlər: nominalın əsas rənginə uyğun dəyişən zolaqlar, metal mühafizə sapı: nominalı göstərən metal mühafizə sapı, nömrələmə: özünəməxsus horizontal və vertikal bir hərfli, səkkiz rəqəmli nömrələmə və s. daxildir. Arxa tərəfdə ümumi "mühafizə fəlsəfəsi"nə uyğun olaraq xüsusi avadanlıqla seriya nömrələri, ultrabənövşəyi və infraqırmızı spektrdə müəyyənləşdirilən mühafizə elementləri (II və III dərəcəli) yerləşdirilib.
Texnologiyalar inkişaf etdikcə yeni mühafizə elementlərinə ehtiyac yaranır
Təbii ki, hər hansı ölkənin valyutası üçün nəzərdə tutulan mühafizə elementlərinin daha mükəmməl olduğunu vurğulamaq mümkün deyil. Məhz bu səbəbdən texnologiyalar inkişaf etdikcə, bu sürət tempinə uyğun yeni mühafizə elementlərinə ehtiyac yaranır, yeni qoruma sistemləri nəzərdən keçirilir. Çünki texnologiyalar bu gün mühafizənin gücləndirilməsinə imkan yaratdığı qədər də saxtalaşdırmaya şərait yaradır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL