waplog

“Bakcell“ mobil imzanın identifikasiyasının təşkili istiqamətində işlərə başlayıb


Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti öz şəbəkəsində mobil imzanın identifikasiyasının təşkili istiqamətində işlərə başlayıb.

"Bakcell" şirkətinin Korporativ əlaqələr üzrə şöbəsinin mətbuat ilə iş üzrə baş mütəxəssisi Süheylə Cəfərovanın "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu məsələ hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə müzakirə edilir.

"Biz bu məsələnin üzərində işləyirik və bununla bağlı RİTN-lə müzakirələr aparırıq. Danışıqlar hələ başa çatmadığından hələlik xidmətin istifadəyə verilməsi ilə bağlı konkret tarixi deyə bilmərik, lakin onun maksimum səmərəli şəkildə tətbiqi üçün çalışmalarımızı davam etdiririk", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanda bu ilin fevral ayından etibarən tətbiq edilən Mobil İdentifikasiya (Mobile-İD) xidməti klassik mobil autentifikasiya sistemindən fərqlənir. Klassik modeldə elektron imzanın autentifikasiyası mobil operator tərəfindən həyata keçirilir, Azərbaycanda isə mobil rabitə abunəsinə Məlumat Hesablama Mərkəzində autentifikasiyadan keçmiş SİM-kartda elektron imza təqdim ediləcək və bundan sonra o, mobil operatora müraciət edərək mobil rabitə şəbəkəsində elektron imzasını identifikasiya edə bilər. "Mobile-İD" xidməti - mobil telefondan istifadə edərək təhlükəsiz istifadəçi identifikasiyasını aparmağa imkan verən xidmətdir.

"Mobil İD" şəxsiyyət vəsiqəsi kimi e-xidmətlərin təhlükəsiz əldə edilməsi və sənədlərin rəqəmsal imzalanması üçün istifadə olunur, lakin üstünlüyü ondadır ki, hər hansı bir kart oxuyucusu olmadan da işləyə bilər. Xidmət Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) ilə Rumıniyanın "CertSİGN" şirkətinin birgə səyi nəticəsində hazırlanaraq təqdim edilib.

Vətəndaşlar veb-səhifə vasitəsi ilə onlayn qeydiyyat formasını doldurub göndərərək və ya Sertifikat Xidmətləri Mərkəzinə müraciət edərək mobil sertifikatları əldə edə bilərlər. Autentifikasiya üçün istifadə olunan rəqəmsal sertifikatlar X.509 v3 standartına uyğun olur.

Sertifikatlar MHM-in Sertifikat Xidmətləri Mərkəzi tərəfindən hazırlanır və "İOS", "Android", "Symbian" əməliyyat sistemləri ilə işləyən qurğularda (telefon və planşet kompüterlər) yalnız PİN kod / parol vasitəsi ilə istifadə edilir. Gizli açar kriptoqrafik imkanlara malik və "FİPS 140-2" standartına uyğun olan SİM-kartında, kart oxuyucusunda və ya sifrələnmə ilə qorunan açarlar qovluğuna yüklənilərək təhlükəsiz mühitdə saxlanılır. İstifadəçi smartfonla veb-səhifəsinə daxil olarkən öz rəqəmsal sertifikatının köməyi ilə eyniləşdirir. Smartfonun veb-brauzeri və veb-server arasında standart SSL bağlantısı qurulur və qarşılıqlı SSL autentifikasiya icra olunur.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL