waplog

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə


Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə

Əlavə I

Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (bundan sonra - Fond) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı ilə yaradılmışdır, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində fəaliyyət göstərir və informasiya-kommunikasiya texnologiyaları (bundan sonra - İKT) sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır.

1.2. Fond dövlət təsisatıdır, sərəncamında dövlət əmlakı vardır, müstəqil balansa, bank və xəzinə hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştampa və blanklara malikdir.

1.3. Fond öz fəaliyyətini dövlət və yerli özünüidarəetmə orqanları, İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslər, kredit, maliyyə və sığorta təşkilatları, sahibkarlığın inkişafına dəstək verən ictimai birliklər, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar ilə əlaqəli şəkildə həyata keçirir.

1.4. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin əmr və göstərişlərini, habelə bu Əsasnaməni rəhbər tutur.

1.5. Fondun saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr və qanunla qadağan olunmayan digər mənbələrdən cəlb olunan vəsaitlər hesabına maliyyələşdirilir.

1.6. Fond Bakı şəhərində yerləşir.

2. Fondun məqsədi və əsas vəzifələri

2.1. Fondun məqsədi Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən, habelə İKT sahəsində investisiya mühitini yaxşılaşdırmaq, yerli və xarici investorların maraqlarının stimullaşdırılmasını təmin etmək və birgə layihələrdə iştirak etmək üçün tədbirlər görmək, yüksəkixtisaslı kadrları cəlb etmək, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan verməkdən ibarətdir.

2.2. Fondun əsas vəzifələri aşağıdakılardır:

2.2.1. Fondun vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə olunmasını təmin etmək;

2.2.2. İKT sahəsində istehsalyönümlü fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsi məqsədi ilə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların həyata keçirilməsini təşkil etmək;

2.2.3. İKT sahəsində ixracyönümlü layihələri araşdırmaq, onların iqtisadi səmərəliliyini qiymətləndirmək, innovasiyayönümlü layihələri inkişaf etdirmək, maliyyə dəstəyi göstərmək və xarici investisiyalar cəlb etmək;

2.2.4. İKT sahəsində fəaliyyət göstərən yerli hüquqi şəxslərin xarici bazarlarda fəaliyyətinin gücləndirilməsini təmin etmək məqsədi ilə layihələrin maliyyələşdirilməsi üçün investisiyaları cəlb etmək;

2.2.5. İKT sahəsində innovasiyaların inkişaf etdirilməsi və onların kommersiya layihələrinə çevrilməsi məqsədi ilə vençur maliyyələşməsini (kiçik innovativ hüquqi şəxslərin fəaliyyətinə qoyulan uzunmüddətli və riskli investisiyaları) həyata keçirmək;

2.2.6. İKT sahəsində fəaliyyət göstərən perspektivli və inkişaf etməkdə olan kiçik və orta sahibkarlıq subyektləri üçün müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatları) vasitəsilə Fondun vəsaiti hesabına güzəştli maliyyə resurslarından istifadə imkanını genişləndirmək;

2.2.7. yerli və xarici investisiyaların cəlb olunmasına təkan vermək məqsədi ilə Azərbaycan Respublikasında İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalında payçı (iştirakçı) qismində iştirak etmək;

2.2.8. İKT sahəsində fəaliyyət göstərən yerli və xarici hüquqi şəxslər arasında istehsal və texnoloji əməkdaşlığın təmin edilməsi üçün investisiyalar cəlb etmək və texnoloji transferin reallaşmasına təkan vermək;

2.2.9. ölkə iqtisadiyyatının İKT sahəsinə investisiyaların cəlb edilməsi məqsədi ilə investisiya mühitinin təhlil edilməsinə və onun təkmilləşdirilməsinə dair təkliflər vermək;

2.2.10. Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması məqsədi ilə qanunvericiliklə müəyyən olunmuş qaydada danışıqlar aparmaq və təkliflər vermək;

2.2.11. İKT sahəsində yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, innovasiyaların təşviqi və stimullaşdırılma üzrə layihələri investisiya ilə təmin etmək;

2.2.12. İKT sahəsində sahibkarlığın stimullaşdırılması və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin istehsal fəallığının artırılması məqsədi ilə tədbirlər həyata keçirmək;

2.2.13. İKT-nin gələcək inkişafını təmin etmək məqsədi ilə müvafiq sahə üzrə texnoparkların, biznes-inkubatorların və digər innovativ infrastruktur vahidlərinin yaradılmasını və inkişafını maliyyələşdirmək;

2.2.14. müsabiqə əsasında İKT sahəsi üzrə ixtisaslaşmış kiçik sahibkarlıq subyektləri tərəfindən həyata keçiriləcək innovativ və tətbiqi elmi-texniki layihələri (startap layihələri) seçmək;

2.2.15. müsabiqə əsasında seçilmiş layihələrin qrant şəklində maliyyələşdirilməsini həyata keçirmək və bu layihələrin İKT sahəsinin aşağıdakı fəaliyyət istiqamətləri üzrə ixtisaslaşmasını təmin etmək:

1. mütərəqqi proqram təminatının hazırlanması layihələri;

2. innovativ İKT məhsulları nümunələrinin hazırlanması layihələri;

3. innovativ infrastrukturun inkişafı layihələri, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması layihələri;

4. müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması layihələri;

5. İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı layihələri;

2.2.16. Fondun vəsaiti hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək;

2.2.17. İKT-nin inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;

2.2.18. Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri, müsabiqə şərtlərini və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək;

2.2.19. İKT sahəsində sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində, bazar infrastrukturunun formalaşmasında iştirak etmək;

2.2.20. Fond tərəfindən ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarət etmək, həmin vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, maliyyələşdirilmənin dayandırılması və ayrılmış vəsaitin geri qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər həyata keçirmək;

2.2.21. Fondun fəaliyyəti ilə bilavasitə əlaqədar olan konfrans, seminar, sərgi və digər bu kimi beynəlxalq və yerli tədbirləri təşkil etmək və onlarda iştirak etmək;

2.2.22. İKT sahəsində yeni ideya və innovasiya subyektləri ilə sahibkarlar arasında əlaqələndirici rolunda çıxış etmək və bu məqsədlə sahibkarlara məsləhət-ekspert xidmətləri göstərmək;

2.2.23. İKT sahəsi üzrə kadr hazırlığını stimullaşdırmaq, istedadlı gənclərin, gənc İKT mütəxəssislərinin və alimlərin məlumat bankını yaratmaq; 2.2.24. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

2.2.25. İKT sahəsində sahibkarlığın inkişafına təkan vermək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada reklam və nəşriyyat fəaliyyəti ilə məşğul olmaq;

2.2.26. fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

3. Fondun hüquqları

3.1. Fond öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.1.1. Fonda maliyyə vəsaitləri cəlb etmək və bu məqsədlə əqdlər bağlamaq; 3.1.2. Fondun məqsədlərinə uyğun olaraq Azərbaycan Respublikasında və xarici ölkələrdə hüquqi və fiziki şəxslərlə işgüzar münasibətlər yaratmaq;

3.1.3. birgə layihələrə cəlb olunan xarici investisiyaların qorunmasına təminat vermək;

3.1.4. xarici ölkələrin müvafiq dövlət qurumları, beynəlxalq maliyyə təşkilatları, investisiya fondları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək;

3.1.5. sərəncamında olan dövlət əmlakından qanuna uyğun olaraq istifadə etmək;

3.1.6. qanuna uyğun olaraq İKT sahəsində qiymətli kağızlar əldə etmək və onları idarə etmək;

3.1.7. Fondun məqsədlərinə uyğun olan layihələrin maliyyələşdirilməsi məsələsini həll etmək;

3.1.8. Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələrdə vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarət etmək məqsədi ilə monitorinqlər aparmaq, pozuntu halları aşkar edildikdə, vəsaitin qaytarılması üçün zəruri tədbirlər görmək;

3.1.9. Fondun fəaliyyətini və qrant layihələrinin mühüm nəticələrini və əhəmiyyətini ölkə daxilində və xaricdə təbliğ etmək;

3.1.10. Fondun maliyyə dəstəyi ilə aparılan elmi tədqiqatların müsbət nəticələrinin daxili və beynəlxalq bazarlarda reallaşdırılmasına yardım etmək;

3.1.11. daxili və xarici investisiyaların İKT sahəsinə cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər görmək, bu məqsədlə sərgilər və yarmarkalar təşkil etmək;

3.1.12. Fondun vəsaitləri hesabına maliyyələşdiriləcək layihələrin ekspertizası üçün müstəqil mütəxəssisləri (ekspertləri) cəlb etmək.

4. Fondun vəsaitinin formalaşdırılması və istifadəsi

4.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

4.1.1. Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmalar;

4.1.2. Fondun fəaliyyətindən əldə olunan gəlirlər;

4.1.3. Fondun əldə etdiyi qiymətli kağızlardan daxil olan dividendlər; 4.1.4. yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən könüllü verilən ianələr;

4.1.5. xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən verilən yardımlar, qrantlar və kreditlər;

4.1.6. qanunvericilikdə nəzərdə tutulan digər mənbələr.

4.2. Fondun vəsaiti Azərbaycan manatı və xarici valyutalarla formalaşdırılır.

4.3. Fond sərəncamındakı vəsaitdən bu Əsasnamə ilə müəyyən edilmiş məqsədlərin və vəzifələrin həyata keçirilməsi üçün istifadə edir.

4.4. Xarici və yerli investisiyalarla birgə həyata keçirilən layihələr Fondun vəsaitinin həmin investisiyalardan çox olmaması şərtilə Fond tərəfindən maliyyələşdirilir.

4.5. Fond sərəncamında olan vəsaitdən aşağıda qeyd edilən maliyyə mexanizmləri vasitəsilə istifadə edir:

4.5.1. İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı (o cümlədən, bu məqsədlə maddi və qeyri-maddi əmlak hüquqlarının təqdim edilməsi) iştirak payının (səhmlərinin), qiymətli kağızlarının əldə edilməsi məqsədi ilə müddətli investisiya qoyuluşu;

4.5.2. müvəkkil kredit təşkilatları vasitəsilə aşağı faizli kreditlər şəklində İKT sahəsində fəaliyyət göstərən yerli sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşdirilməsi;

4.5.3. müsabiqə yolu ilə innovativ və tətbiqi elmi-texniki İKT layihələrinin qrant maliyyələşdirilməsi;

4.5.4. birgə layihələr üzrə cəlb olunan investisiyaların qorunmasına təminatın verilməsi.

4.6. Maliyyə ilinin sonunda Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

4.7. Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir. 4.8. Fondun vəsaitlərindən istifadədə şəffaflığın təmin edilməsi məqsədi ilə hər il kənar audit keçirilir, bu auditin nəticələri elan edilir və kütləvi informasiya vasitələrində yerləşdirilir.

5. Fondun idarə edilməsi

5.1. Fondun işçilərinin say tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

5.2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Fondun idarə edilməsi ilə bağlı aşağıdakıları həyata keçirir: 5.2.1. Fondun strukturunu, struktur bölmələrinin əsasnamələrini, müəyyən edilmiş ştat sayına uyğun ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

5.2.2. Fondun illik hesabatlarını təsdiq edir;

5.2.3. Fondun fəaliyyətini tənzimləyən normativ hüquqi aktları təsdiq edir.

5.3. Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Fondun icraçı direktorunu, direktorun 2 (iki) müavinini və baş mühasibini vəzifəyə təyin və vəzifədən azad edir.

5.4. Fondun fəaliyyətinə ümumi nəzarət Fondun Müşahidə Şurası (bundan sonra – Şura) tərəfindən həyata keçirilir.

5.5. Şura 4 (dörd) üzvü müvafiq dövlət orqanlarını və 3 (üç) üzvü bu sahədə qeyri-hökumət təşkilatlarını təmsil edən 7 (yeddi) üzvdən ibarət tərkibdə formalaşdırılır.

5.6. Şuranın 4 (dörd) üzvü aşağıdakı mərkəzi icra hakimiyyəti orqanları tərəfindən (hər mərkəzi icra hakimiyyəti orqanından bir nəfər olmaqla) təqdim edilir:

5.6.1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi;

5.6.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

5.6.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi;

5.6.4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi.

5.7. Şuranın qeyri-hökumət təşkilatlarını təmsil edən üzvləri həmin təşkilatların təqdimatı əsasında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təyin edilir.

5.8. Şuranın ümumi tərkibi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təsdiq edilir.

5.9. Şuranın işinin təşkili, üzvlərinin hüquq və vəzifələri, onlara dair tələblər, onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qaydası "Müşahidə Şurası haqqında Reqlament"lə tənzimlənir. "Müşahidə Şurası haqqında Reqlament" Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri tərəfindən təsdiq edilir.

5.10. Şura aşağıdakıları həyata keçirir:

5.10.1. dövlətin İKT siyasətinin həyata keçirilməsində iştirak etmək məqsədi ilə Fondun prioritet fəaliyyət istiqamətlərini və inkişaf strategiyasını müəyyən edir;

5.10.2. Fondun fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna, vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirir;

5.10.3. Fonda əlavə vəsait cəlb edilməsinin strategiyasına və yeni vəsaitin Fondun prioritet fəaliyyət istiqamətləri üzrə xərclənməsinə dair Fondun icraçı direktorunun təqdim etdiyi təkliflərə baxır, qərar qəbul edir və həyata keçirilməsinə nəzarət edir;

5.10.4. Fondun icraçı direktorunun təqdimatına əsasən Fondun vəsaitindən istifadəni, gəlirlər və xərclər smetasının layihəsini və balansını müzakirə edir və tövsiyələr verir;

5.10.5. müsabiqə yolu ilə layihələrin maliyyələşdirilməsi, müvəkkil kredit təşkilatları vasitəsilə vəsaitlərin yerləşdirilməsi və Fondun investisiya fəaliyyətinə dair təkliflərini Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edir və bu təkliflərin Fondun vəsaitlərinin istifadəsi qaydalarına uyğunluğuna nəzarət edir;

5.10.6. müvəkkil kredit təşkilatlarının seçilməsi meyarlarını təsdiq edir;

5.10.7. Fondla müvəkkil kredit təşkilatları arasında Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında bağlanılan müqavilələrin nümunəvi layihələrini təsdiq edir;

5.10.8. Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını təsdiq edir;

5.10.9. müsabiqə iştirakçılarına dair tələbləri və müsabiqələrin keçirilmə qaydalarını təsdiq edir;

5.10.10. layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitin həcmini müəyyən edir;

5.10.11. Fondun icraçı direktorunun təklifinə əsasən müsabiqələrin nəticələri haqqında qərarlar qəbul edir;

5.10.12. layihələrin həyata keçirilməsi məqsədi ilə Fond tərəfindən ayrılan vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət etmək üçün monitorinqlərin aparılması qaydasını təsdiq edir;

5.10.13. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təkliflər verir;

5.10.14. Fondun fəaliyyəti ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlayıb, təsdiq olunması üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edir;

5.10.15. Fondun fəaliyyəti ilə bağlı kənar audit yoxlamalarının keçirilməsi barədə qərar qəbul edir və auditin keçirilməsini təşkil edir, auditin nəticələrinin təhlilinə dair təkliflərini Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edir;

5.10.16. Fondun cari fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə edir.

6. Fondun fəaliyyətinin təşkili

6.1. Fondun fəaliyyətinə Fondun icraçı direktoru rəhbərlik edir. 6.2. Fondun icraçı direktoru:

6.2.1. Fondun cari işini təşkil edir, hesablaşma və xəzinə hesablarını açır və Fondu təmsil edir;

6.2.2. Fondun fəaliyyəti ilə bağlı normativ hüquqi aktların layihələrini, o cümlədən daxili intizam qaydalarının layihəsini hazırlayıb, təsdiq olunması üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edir;

6.2.3. işçiləri işə qəbul edir, işdən azad edir, onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirlərini tətbiq edir;

6.2.4. Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxır və ekspertizanın rəyindən asılı olaraq, həmin müraciətlərin təmin olunması və ya imtina edilməsi barədə müvafiq qərarlar qəbul edir;

6.2.5. müvəkkil kredit təşkilatlarından sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar daxil olan müraciətlərin ekspertizası üçün mütəxəssisləri (ekspertləri) cəlb edir;

6.2.6. İKT üzrə ixtisaslaşmış tətbiqi elmi tədqiqat və innovativ layihələrin maliyyələşdirilməsi məqsədi ilə müsabiqələrin keçirilməsi haqqında qərar qəbul edir;

6.2.7. müsabiqəyə təqdim edilən layihələrin ekspertizasını təşkil edir və onların qiymətləndirilməsi məqsədi ilə ekspert komissiyaları formalaşdırır;

6.2.8. Fondun fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verir;

6.2.9. Fondun maliyyə vəsaiti də daxil olmaqla əmlakını idarə edir;

6.2.10. Fond adından qanuna uyğun olaraq müqavilələr bağlayır, əmr və sərəncamlar verir, onların icrasına nəzarəti həyata keçirir;

6.2.11. Fondun xərclər smetasının layihəsini, vəsaitindən istifadənin əsas istiqamətlərinə dair təklifləri hazırlayır, Şura ilə razılaşdırdıqdan sonra Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edir;

6.2.12. bu Əsasnaməyə uyğun olaraq, müsabiqə yolu ilə seçilən layihələrə qrantların ayrılmasını, bununla əlaqədar müvafiq əqdlərin bağlanılmasını təmin edir;

6.2.13. Fondun maliyyələşdirdiyi layihələrin və digər tədbirlərin icra vəziyyətinə nəzarət edir;

6.2.14. Fondun maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət edir və auditin keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir;

6.2.15. Fondun səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı zəruri tədbirləri həyata keçirir;

6.2.16. Azərbaycan Respublikasında və xarici ölkələrdə dövlət və bələdiyyə orqanları ilə, hüquqi və fiziki şəxslərlə Fondu etibarnaməsiz təmsil edir;

6.2.17. Fondun illik fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırır;

6.2.18. maliyyə ili başa çatdıqdan sonra 1 (bir) ay müddətində Fondun fəaliyyəti və vəsaitindən istifadənin vəziyyəti barədə illik hesabat hazırlayır və həmin hesabatı Şuranın müvafiq rəyi ilə birlikdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edir;

6.2.19. Fondun vəzifələrinə uyğun olaraq, Şuranın səlahiyyətlərinə aid olmayan digər vəzifələri yerinə yetirir.

7. Mühasibat uçotu və hesabat

Fond qanunvericiliyə müvafiq olaraq mühasibat uçotunu aparır, maliyyə və statistik hesabatları aidiyyəti üzrə təqdim edir.

8. Fondun yenidən təşkili və ləğv olunması

8.1. Fond Azərbaycan Respublikasının Prezidenti tərəfindən yenidən təşkil və ləğv edilir.

8.2. Fond ləğv edildikdə, onun əmlakının bölgüsü ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada həll edilir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL