waplog

İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib


AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. Əvvəlcə tapşırılmış işlərin icra vəziyyəti haqqında institutun elmi katibi Mədinə Səidova məruzə edərək "Kompüter texnologiyaları üzrə yeni terminlər lüğəti"nin hazırlanması və digər məsələlər barəsində məlumat verib.

AMEA-nın müxbir üzvü, institutun direktoru, professor Rasim Əliquliyev informasiya mübadiləsində təhlükəsizlik məsələlərinin böyük əhəmiyyət kəsb etdiyi qloballaşan dünyada bu sahədə elmi tədqiqatların, innovativ nəticələrin önəmini ifadə edib. Alim xüsusən də "bulud" texnologiyalarının tətbiqinin getdikcə daha geniş miqyas aldığını bildirərək bu texnologiyaların yaratdığı imkanlardan söhbət açmış, onların tədqiqi üzrə elmi fəaliyyətin gücləndirilməsinin vacibliyini qeyd edib.

İnformasiya texnologiyaları və informasiya cəmiyyəti biliklərinin təbliğatı məsələlərinə toxunan R.Əliquliyev bu sahədə məqsədyönlü işlərin aparılmasının, yüksək elmi-texniki biliklərə malik kadrların yetişdirilməsi və cəmiyyətə inteqrasiyası proseslərinin sürətləndirilməsinə xidmət etdiyini bildirmişdir.

İnformatika dərsliklərinin, bu sahə üzrə test tapşırıqlarının, o cümlədən terminlər lüğətinin hazırlanmasının müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) biliklərinə malik innovativ təfəkkürlü kadrların yetişdirilməsində mühüm addım olduğunu bildirib. "AzScienceNet" elm kompüter şəbəkəsinin 2013-cü il üzrə Fəaliyyət Planı haqqında məlumat verən institutun baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov şəbəkənin infrastrukturunun genişləndirilməsi, şəbəkənin texniki imkanlarının artırılması, istismarı, yeni xidmətlərin təşkili və beynəlxalq şəbəkə infrastrukturlarına inteqrasiyası, şəbəkənin fasiləsiz fəaliyyətinin təmin edilməsi ilə bağlı görülən işlər haqqında ətraflı məlumat verib.

Tədbirdə, həmçinin institutun informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif elmi-nəzəri problemlərinə həsr olunmuş seminarlarının 2013-cü il üçün planı, o cümlədən "E-kitabxana mərkəzi"nin layihəsi təqdim edilmişdir. İnstitut əməkdaşlarının beynəlxalq layihələrdə iştirakı, beynəlxalq elmi bazalara daxil edilmiş jurnallarda məqalələrin dərci, " www.ikt.az" portalının yeni versiyasının hazırlanması, "İnformasiya texnologiyaları problemləri" və "İnformasiya cəmiyyəti problemləri" jurnallarının fəaliyyəti, Tədris-İnnovasiya Mərkəzində imtahanların test texnologiyası əsasında keçirilməsi, cari il üçün planlaşdırılan elmi konfranslar, təşkilatda əmək intizamı haqqında məsələlərə baxılmış rəy və təkliflər irəli sürülüb.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL