waplog

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" təsdiqlənib


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" təsdiq edilib.

Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araş-dırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.

Sənəd dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsini, dilçiliyin inkişafı sahəsində fəaliyyət göstərən elmi müəssisə və qurumların maddi-texniki bazasının möhkəmləndirilməsini, mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsini, Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması sahəsində işlərin görülməsini nəzərdə tutur.

Dövlət Proqramının icrasına dair Tədbirlər Planına əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanlarının qarşısına bir çox öhdəliklər qoyulub.

Adıçəkilən qurumlar Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normaları¬na əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə "qaynar xətt"in yaradılmasını təmin etməlidir.

Eyni zamanda, bu qurumlara Azərbaycan dilinə daxil olan yeni elementlərin öyrənil¬məsi, sistemləşdirilməsi və tətbiqinin genişləndirilmsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, Milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının hazırlanması, Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması, Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi tapşırılıb.

Dövlət proqramı Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə "Əlyazmaların elektron kitabxanası"nın və internet portalının yaradılmasını, Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılmasını nəzərdə tutur. Azərbaycan Milli Elmlər Akademiyasına, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, Müəllif Hüquqları Agentliyinə Azərbaycan dilində antiplagiat sistemin yaradılması tapşırılıb.

Sənəd Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsini nəzərdə tutur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL