Elmir Vəlizadə: “Texnoparkın rezidentlərinə müəyyən şəraitin yaradılmasına nail olmaq niyyətindəyik”
"Yüksək Texnologiyalar Parkı"nın yaradılması istiqamətində işlərə artıq başlanılıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Nazir müavininin sözlərinə görə, texnoparkın fəaliyyətinin təmin edilməsi üçün Bakının yaxınlığında müvafiq ərazi də ayrılıb.
Cari ildə texnoparkın strukturunun, fəaliyyət çərçivəsinin müəyyənləşdirilməsi, həmçinin ayrılmış sahədə müəyyən hazırlıq və təmizlik işlərinin aparılması nəzərdə tutulur: "Texnoparkda "start-up"lar, tədqiqatla məşğul olan şirkətlərlə yanaşı, istehsal müəssisələrinin yerləşməsi də bizim üçün çox maraqlıdır. Texnoparkın rezidentlərinə müəyyən güzəştli şəraitin yaradılmasına nail olmaq niyyətindəyik. Lakin fikir var ki, fəaliyyət texnoparkın öz ərazisi ilə məhdudlaşmasın, oranın rezidentləri hətta texnoparkdan kənarda da fəaliyyət göstərə bilsinlər. Azərbaycanın müxtəlif bölgələrində də istehsal müəssisələrimiz, şirkətlərimiz var. Marağımız odur ki, rəqabət mühiti yaratmaqdan ötrü onlara da rezident statusunun verilməsi mümkün olsun və texnopark çərçivəsində müəyyənləşən güzəştlər onlara da tətbiq edilsin".
Qeyd edək ki, "Yüksək Texnologiyalar Parkı" informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.
Azərbaycanda sözügedən parkın yaradılmasına respublika prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə başlanılıb. Park iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi daşıyır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL