waplog

Təhsil Nazirliyi orta-ixtisas təhsilində elektron idarəetmə sisteminin qurulması -“Elektron kollec”in formalaşdırılması üzrə işlərə başlayıb


Təhsil Nazirliyi orta ixtisas təhsilində elektron idarəetmə sisteminin qurulması - "Elektron kollec"in formalaşdırılması üzrə işlərə başlayıb. Bununla bağlı "Rabitə dünyası"nın suallarını cavablandıran Təhsil Nazirliyinin Ali və orta ixtisas şöbəsinin aparıcı məsləhətçisi Vüsalə Qurbanova bildirib ki, nazirliklə birlikdə "ULTRA" şirkəti tərəfindən kolleclər üçün "Orta ixtisas təhsilin vahid idarəetmə portalı" yaradılıb: "Hal-hazırda bu sistemin tətbiqi üçün respublikada fəaliyyət göstərən 59 kollecin 5-də hazırlıq işləri başlayıb. Bu kolleclərə Bakı Kompüter Kolleci, Bakı Pedaqoji Kolleci, Bakı Maliyyə-İqtisad Kolleci, Bakı Neft və Energetika Kolleci, Bakı Musiqi Kolleci daxildir".

Bir xəritə üzərindən bütün kolleclərə keçid

Nazirlik rəsmisinin sözlərinə görə, orta-ixtisas təhsili müəssisələrində idarəetməni təmin etmək üçün "http://kollecler.edu.az/" saytı fəaliyyətdədir: "Saytda nazirlik, ümumilikdə orta ixtisas təhsili ilə bağlı məlumat, bu təhsil müəssisələrinə qəbul qaydaları, onlarla bağlı qəbul edilən bütün normativ sənədlər, kolleclərin beynəlxalq əməkdaşlığı, daxili fəaliyyəti haqda gündəlik xəbərlər yerləşdirilir. Saytın üstünlüyü ondan ibarətdir ki, orada Azərbaycanın xəritəsini yerləşdirmişik. Bu da təhsilin bu pilləsi üzrə istənilən təhsil müəssisəsinin axtarış prosesini asanlaşdırır. Xəritəyə daxil olaraq, istənilən rayonun üzərinə klikləməklə orada olan bütün orta ixtisas təhsili müəssisələri haqda məlumat əldə etmək mümkündür. Bu həm də istifadəçiyə istənilən kollecin saytına keçid imkanı verir. Pilot olduğundan biz hələlik bunu yalnız 5 təhsil müəssisəsinə şamil etmişik".

Yeniyetmələrin ixtisas seçimi ilə bağlı müstəqil qərar verməsinə yeni yaradılan sistem kömək edəcək

Sayt üzərində təkmilləşdirmələrin davam etdirildiyini deyən V.Qurbanova orada gözlənilən dəyişikliklərdən söz açıb: "Məlumdur ki, şagirdlər 14-15 yaşlarında gələcəkdə hansı ixtisası seçəcəklərini müəyyənləşdirməkdə çətinlik çəkirlər. Çox zaman da onlara valideynlər istiqamət göstərir. Azərbaycanda da əksər valideynlər övladlarının ya həkim, ya da hüquqşünas olmasını istəyir. O yaşda olan yeniyetmələrin ixtisas seçimi ilə bağlı sərbəst, müstəqil qərar verməsinə bizim sistem yardım edəcək. Belə ki, sistemdə təxminən 200-ə qədər sual yerləşdiriləcək və şagirdlərə ümumi suallar veriləcək. Nəticədə həmin sualların cavabına uyğun olaraq, şagirdin hansı ixtisas qrupuna daha çox yönümlü olması təyin ediləcək, onun gələcəkdə İKT, neft, nəqliyyat sahəsində işləmək istədiyi və ya həkim, müəllim və s. kimi ixtisaslar üzrə fəaliyyət göstərmək istəyi aydın olacaq".

Gələcək ixtisasın axtarışında

Nazirlik rəsmisinin sözlərinə görə, öz gələcək ixtisasını seçən şagirdin həmin sahə ilə bağlı orta ixtisas təhsili müəssisələrini axtarış verərək tapmaq və oraya daxil olmaqla, müəssisə haqda məlumat əldə etmək imkanı olacaq: "Xoşuna gələn müəssisəni əvvəlcədən təyin etməklə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının orta-ixtisas təhsili müəssisələrinə apardığı qəbul zamanı sənədlərini təqdim etdikdə ilk növbədə hansı ixtisası yazacağını müəyyənləşdirmək şagirdlərə daha rahat olacaq". Seçimini etdikdən sonra da müvafiq kollecə qəbul olan və artıq tələbə adını qazananlar üçün də yardım davam etdiriləcək: "Müvafiq kollecin tələbəsi adını qazananların hər biri üçün biz loqin-parol yaradacağıq. Bu, tələbəyə bir çox üstünlüklər verəcək. Belə ki, tələbələr portala daxil olmaqla istədikləri ədəbiyyatı əldə edə biləcəklər".

Tələbələr hansı dərsləri buraxdıqlarını da sistemdən öyrənəcəklər

Həmçinin tələbələr həmin sistemdən müəllimin keçdiyi bütün mühazirələri əldə edə biləcəklər: "Onlar istənilən fənn üzrə dərsə getdiyi tarixlərə baxa, hansı dərsləri, mövzuları buraxdıqlarını, eyni zamanda nə qədər və hansı qiymətləri olduğunu öyrənə biləcəklər".

Sistem valideynlərin tədris prosesinə cəlbi və övladlarına nəzarəti də dəstəkləyir: "Nəinki tələbə, həmçinin onun valideyni də sistem vasitəsilə həmin tələbənin müvəffəqiyyəti və ya müvəffəqiyyətsizliyi haqda məlumatları yoxlamaq imkanı əldə edəcək".

Sistemdə tərtib edilən gündəliklər müəllimlərə bələdçilik edəcək

Sistem müəllimlər üçün də portala girişi nəzərdə tutur: "Müəllimlər buraya daxil olub öz cədvəllərini, tematik planlarını, gündəlik görəcək işləri daxil edə və ya ona lazım ola biləcək ləvazimatların, dərsliklərin qeydini apara biləcəklər. Müəllimlərin tərtib etdikləri bu gündəliklər onlara tədris prosesində bir növ bələdçilik edəcək, onlara yardım edəcək, həmçinin auditoriyaya daxil olduqda keçdiyi fənn üzrə mühazirəsini sistemdən seçəcək. Həmin mövzu üzrə hər bir tələbənin davamiyyətini, qiymətləndirilməsini və ya laboratoriya işləri, icmal dərsləri və s. kimi digər proseslər üzrə qiymətləndirilməsini qeyd edə biləcək".

Sistem müəllimlərə fənn proqramında müəyyənləşən mövzulardan kənara çıxmağa imkan verməyəcək

Sistemin yaradılmasında məqsəd eyni zamanda idarəetmədə şəffaflıq prinsipinin gözlənilməsidir: "Bu, Təhsil Nazirliyinə, eyni zamanda da müvafiq orta-ixtisas təhsili müəssisəsinin rəhbərliyinə həm tələbələrin dərsə davamiyyətini, həm də onların müvəffəqiyyəti və ya müvəffəqiyyətsizliyini nəzarətdə saxlamağa imkan verəcək. Sistem elə qurulub ki, müəllim fənn proqramında müəyyən olunan mövzulardan kənara çıxa bilməyəcək. Biz əvvəlcədən oraya fənn proqramlarını daxil edirik. Həmin fənn proqramlarının bütün mövzuları və onlara ayrılan saatlar qeyd edilir, müəllim fənn proqramından başqa heç nə seçə bilmir, yəni müəllimin tələbəyə o mövzulardan kənar dərs keçmək imkanı olmur. Əlbəttə, müəllimin öz fəaliyyəti də var və o, həmin fənn üzrə vacib olan məsələləri müəyyən müddət ərzində tələbələrə öyrədə bilər, sadəcə, Təhsil Nazirliyinin müəyyən etdiyi mövzulardan uzaqlaşmaq imkanı olmur. Bu, bir növ avtomatik idarəetməni təmin edir".

Təhsil Nazirliyi orta-ixtisas təhsilinə aid istənilən məlumatları qısa zamanda əldə edəcək

Sistemin digər üstünlüyü Təhsil Nazirliyinə lazım olan müvafiq məlumatların qısa zaman ərzində əldə edilməsinə imkan verməsidir: "Təhsil Nazirliyi istənilən zaman tələbə, orta-ixtisas təhsili məzunu və ya təhsil müəssisəsinin özü haqqında məlumatları, istənilən növ hesabatları əldə edə biləcək. Tutaq ki, bizə ingilis dilini bilən, müəyyən yaşda olan və kolleci bitirən tələbələr lazımdırsa, bununla bağlı qısa müddətdə bazanın köməyi ilə hesabata baxa bilərik. Bizim artıq pilot kolleclər üzrə müvafiq bazamız mövcuddur".

Kolleclərdə elektron idarəetməni təmin edən bütün resurslar portala yerləşdirilib

Hələlik portala yalnız pilot təhsil müəssisələrinin tədris planlarının yerləşdirildiyini deyən V.Qurbanova yaxın gələcəkdə bu siyahının daha da genişlənəcəyini və digər orta ixtisas təhsili müəssisələrini də əhatə edəcəyini bildirib: "Portala həmin təhsil müəssisələrinin bütün fənn proqramları, dərs cədvəlləri yerləşdirilib. Hal-hazırda müəllimlərə sistemdə qiymətləndirilmənin aparılması üzrə təlimlər keçilir. Demək olar ki, kolleclərdə elektron idarəetməni təmin edən bütün resurslar orada yerləşdirilib".

Bütün kolleclərdə elektron idarəetmə sisteminin qurulması üzərində iş gedir

Kolleclərdə elektron idarəetmə sisteminin yaradılması üzrə işlərin 2011-ci ilin yanvar ayından başlandığını da deyən nazirlik rəsmisi bu sahədə işlərin aparılması məqsədilə "ULTRA" şirkəti ilə həmin ərəfədə müqavilənin imzalandığını vurğulayıb: "2012-ci ilin təxminən yay ayından biz sözügedən pilot kolleclər üzrə məlumatların toplanması ilə bağlı bazanın formalaşdırılmasına başladıq. Hazırda digər kolleclərin də bu sistemə qoşulması ilə bağlı təqdimatın hazırlanması üzərində iş aparılır".

Elektron idarəetmə sisteminin qurulması "Kaskad" üsulu ilə aparılacaq

Eyni zamanda kolleclərin sistemə cəlb edilməsi ilə bağlı onlara göndəriləcək sənədlər hazırlanmaqdadır: "Hazırlanan təqdimat bəyənilərsə, digər kolleclərin də sistemə qoşulması üzrə prosesə başlanılacaq. Təxminən aprel ayının sonları və növbəti ayın əvvəllərindən onları da sistemə cəlb etməyə başlayacağıq. İlk mərhələdə Bakıda yerləşən orta ixtisas təhsili müəssisələri üzrə elektron idarəetmə sisteminin qurulması nəzərdə tutulur. Növbəti mərhələdə isə respublikanın bütün kollecləri sistemə qoşulmaq istiqamətində aparılan işlərlə əhatə ediləcək. Yəni proses "Kaskad" üsulu ilə aparılacaq".

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL