waplog

Respublika üzrə 600 mindən çox uşağa “Elektron sağlamlıq kartı” verilib


Respublika üzrə 600 mindən çox uşağa "Elektron sağlamlıq kartı" verilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib.

Mərkəz rəhbərinin sözlərinə görə, sistemin iştirakçısı olan doğum evlərində və ya xəstəxanaların doğum şöbələrində yeni doğulmuşların ilkin qeydiyyatı aparılaraq, məlumatlar sistemə daxil edilir: "Həmin məlumatlar yeni doğulmuşun qeydiyyatda olması nəzərdə tutulan uşaq poliklinikasına göndərilir".

Əgər doğuş hər hansı səbəbdən doğum evindən kənarda baş veribsə, körpənin qeydiyyatı müvafiq uşaq poliklinikası tərəfindən həyata keçirilir. Poliklinika həm doğum evləri, həm də özü tərəfindən qeydiyyata alınmış hər bir yeni doğulmuş uşaq üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə elektron sifariş göndərir. Kart personalizasiya mərkəzində hazırlanan kartlar poliklinikalar vasitəsilə uşaqların qanuni nümayəndələrinə təhvil verilir.


Mikroprosessorlu çiplə təchiz edilmiş plastik elektron kartlarının üzərində və çipdə yerləşdirilən məlumatlar kart sahibinə daha keyfiyyətli, effektiv və sürətli müayinə və müalicə olunmaq imkanı verir. Yeni doğulmuşlarla yanaşı, uşaq poliklinikalarında qeydiyyatda olan digər uşaq kontingenti də informasiya sisteminə daxil edilir. Sadəcə, bu mərhələdə onlara kart verilməsə də, onların bütün məlumatları sistemə daxil edilir. Bu da həkimlərə həmin uşaqların tam dolğun tibb məlumatlarını operativ əldə etməkdə kömək edir. Məlumatların sistemdə və kartda tam və dolğun olması məqsədilə vətəndaşlar uşaq tibb müəssisələrinə hər bir müraciət zamanı kartlarını təqdim etməlidir.

Qeyd edək ki, "Vətəndaşların Elektron sağlamlıq kartı" sistemi (VESKS) Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan elektron informasiya sistemidir. VESKS-nin tətbiqi müvafiq elektron registrlərin hazırlanması vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin edir.

Sağlamlıq Kartı sisteminə daxil edilən məlumatlar Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir. Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, müayinə, müalicə, cari istifadə edilən dərman preparatları, peyvəndlər, gələcəkdə tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Bu, müasir standartlara uyğun informasiya sistemidir. Kartda olan informasiya xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarda, yaxın gələcəkdə təcili tibbi yardım maşınlarında, apteklərdə və s. kompüterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə oxuna və dəyişdirilə bilər.

Elektron informasiya sistemi ilkin mərhələdə uşaq kontingentinə xidmət edən tibb müəssisələrini əhatə edir. Bura respublikada fəaliyyət göstərən bütün doğum evləri və şöbələri, uşaq poliklinikaları və xəstəxanaları aiddir.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL