İlham Əliyev Mingəçevir Su Anbarının təhlükəsizlik sistemi ilə tanış olub
Prezident İlham Əliyev Mingəçevir Su Anbarının perimetr və aquatoriya sərhədlərində qurulan inteqrə olunmuş təhlükəsizlik sistemi ilə tanış olub. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verdi.
Bildirildi ki, Azərbaycan Prezidentinin 2011-ci il fevralın 25-də imzaladığı Fərmana əsasən Fövqəladə Hallar Nazirliyinin nəzdində yaradılmış Su Ehtiyatları Dövlət Agentliyinin səlahiyyətlərinə dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsini təmin etmək, ölkədə qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparmaq daxil edilib.
Bu çərçivədə Mingəçevir Su Elektrik Stansiyasında təhlükəsizliyin təmin edilməsinin strateji məsələ olması diqqətdə saxlanılmış və 16 milyard kubmetr su ehtiyatına malik anbarın kənar müdaxilələrdən qorunması üçün müasir avadanlıqdan istifadə edilərək mükəmməl təhlükəsizlik sistemi qurulub.
Bu təhlükəsizlik sistemi stansiyanın perimetrini, su bəndini və xüsusi əhəmiyyətli üç mühəndis qurğusunu kənar müdaxilələrdən qoruyur. Stansiyaya mükəmməl təhlükəsizlik cihazlarına malik dörd nəzarət-buraxılış məntəqəsindən girmək mümkündür. Bütün postlar və nəzarət binası texnologiyanın son nailiyyətləri olan təhlükəsizlik sistemləri ilə təchiz edilib. Su Elektrik Stansiyasının perimetri boyunca 4350 metr xəbəredici və 3950 metr əsas elektron qoruyucu çəpər çəkilib.
Çəpər boyunca hər 50 metrdən bir qurulan dayaqlarda 240 statik videokamera vasitəsilə perimetrə nəzarət olunur. Həmin dayaqlarda 55 səsləndirmə sisteminin səsucaldanları quraşdırılıb ki, bunların köməyi ilə əraziyə xəbərdarlıq və ya həyəcan anonsları verilir.
Bundan başqa, strateji nöqtələrdə qurulan 360 dərəcə fırlanan, yaxınlaşdıran sürətli-hərəkətli 20 video kameradan, 19 termal kameradan istifadə olunub ki, bunlarla da hər hansı hadisəni və obyekti tam analiz etmək mümkündür. Bu mühüm ərazidə ümumilikdə 852 kvadratmetr yeni tikinti işləri aparılmış, 300 kvadratmetrdən çox isə yenidənqurma işləri görülmüş, ərazi boyunca 11 min kvadratmetr yola asfalt örtüyü çəkilib. Binalar yanğın siqnalizasiya və avtomatik qazla söndürmə sistemləri ilə təchiz olunmuşdur.
Məqsəd obyektin ərazisində xüsusi rejim formalaşdırmaq və təhlükəsizliyin təmin edilməsidir.
Vurğulandı ki, obyektin girişləri 8 şlaqbaum və 4 antitaran maneə ilə qorunur. Buraxılış məntəqəsinə yaxınlaşan avtomobilin nömrəsi və sürücünün sifətinin görüntüsü haqda məlumatlar bazada toplanır və identifikasiya edilir, şlaqbaumla antitaran maneə arasında avtomobil yoxlanılır.
Xaricdə istehsal olunmuş antitaran maneə isə 50 tona qədər zərbənin qarşısını ala bilir. Obyektə daxil olan piyadaların sifətini identifikasiya etmək üçün isə nəzarət-buraxılış məntəqəsində xüsusi kamera quraşdırılıb. Buraxılış məntəqəsinə daxil olan şəxs feys-inspektor sistemindən keçir, sifətin identifikasiyası aparılır, xüsusi plastik kartı turniketə yaxınlaşdıraraq keçidə icazə alır. Təhlükəsizlik sisteminin bir özəlliyi də ondan ibarətdir ki, 4 nəzarət buraxılış məntəqəsinin hər biri vahid mərkəzdən idarə olunur.
Prezident İlham Əliyev Mingəçevir Su Anbarının mühafizə sisteminin sxeminə və maketinə baxdı.
Dövlətimizin başçısı növbə rəisinin otağında Mingəçevir Su Anbarının perimetr və aquatoriya sərhədlərində qurulan inteqrə olunmuş təhlükəsizlik sistemi haqda filmə baxdı.
Bildirildi ki, növbə rəisinin otağından su anbarı da daxil olmaqla bütün obyekti monitor və ya canlı şəkildə - pəncərədən izləmək mümkündür. Sonra Prezident İlham Əliyev əraziyə şərti müdaxiləyə qarşı əməliyyatı izlədi.
Məlumat verildi ki, təhlükəsizlik sisteminin ən mühüm elementi çəpərlərdir. Bu çəpərlər xüsusi materialdan hazırlanıb. Stansiyanın qorunan ərazisi bir-birindən bəzi yerlərdə 2 metr, bəzi yerlərdə isə 15-20 metr məsafədə yerləşən ikiqat məftil çəpərlə əhatələnib. Birinci çəpər tikanlı məftillə təchiz edilib ki, onu keçmək və üstündən aşmaq mümkün olmasın. Bu çəpər qorunan əraziyə adamların və heyvanların təsadüfi keçidinin qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Birinci çəpərdə həyat üçün təhlükəli olan hər hansı elektrik cərəyanı və digər elementlər yoxdur. İkinci çəpərin üzərində yüksək həssaslığa malik, titrəyişlə işləyən mühafizə detektorları quraşdırılıb.
Çəpərə hər hansı müdaxilə - toxunuş haqda məlumat bu detektorların köməyi ilə dərhal mərkəzə ötürülür və aşkar olunur. Bundan əlavə, birinci və ikinci çəpərlər arasındakı dəhlizdə radiodalğalı hərəkət detektorları quraşdırılıb. Təhlükəsizlik sistemində ən mühüm elementlərdən biri də sərhəd boyunca hər 50 metrdən bir quraşdırılan 5 və ya 7 metr hündürlüyündəki dayaqlardır. Bu dayaqlarda quraşdırılan avadanlıq vasitəsilə tam qaranlıq şəraitdə bir kilometr məsafəni müşahidə etmək mümkündür. 360 dərəcə fırlanaraq müşahidə aparan kameranın 50 dərəcə soyuq və isti havada işləmək imkanı vardır.
Görüntünü 43 dəfə yaxınlaşdıran bu cihaz və xüsusi futlyarda yerləşdirilmiş statik videokameralar gecə-gündüz müşahidə aparır. Dayaqlar üzərində perimetr boyunca yerləşdirilmiş işıqlandırma projektorları perimetrin daimi olaraq mühafizə çəpəri boyunca işıqlandırılmasına imkan verir.
Belə yüksək həssaslıq qabiliyyətinə malik təhlükəsizlik sistemlərindəki əsas fəsadlardan biri təbii təsirlərin təhlükəli müdaxilələrdən fərqləndirilməsi sahəsindədir. Belə ki, bu cür fərqləndirmə mexanizmlərinin olmaması "aldadıcı həyəcan siqnalları"nın tez-tez baş verməsinə səbəb olur. Onların qarşısını almaq üçün 800 metrdən bir yerləşdirilmiş dayaqlarda meteostansiyalar quraşdırılıb.
Bu meteostansiyanın köməyi sayəsində çəpər-mühafizə sistemini aldatmaq mümkün olmur. Hətta hava şəraiti haqqında bütün sinoptik məlumatlar qəbul edən stansiya bu informasiyanı mütəmadi olaraq mühafizə panelinə ötürür. Bütün təhlükəsizlik sistemində ən mühüm element mini radiolokasiya stansiyasıdır. Bu sistem ən çətin və ən mürəkkəb hava şəraitində müşahidəyə imkan verir, axtarış-xilasetmə işlərində naviqasiyanın təhlükəsizliyini təmin edir.
Dayaqlarda səsucaldan qurğular da yerləşdirilib ki, bu avadanlıq xəbərdaretmə və təxliyələrin idarə olunması üçündür. Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Mingəçevir Su Elektrik Stansiyasının ən mühüm təhlükələrdən qorunması zəruri olan hissələri su səddi deyilən mühəndis qurğularıdır. Su Elektrik Stansiyasına su bu qurğular vasitəsilə ötürülür və onlar müşahidə cihazları ilə təchiz olunmuşdur. Bütün məlumatlar inteqrə olunmuş və mərkəzləşdirilmiş sistem sayəsində mərkəzi nəzarət binasının server otaqlarında toplanır. Ehtiyac olarsa, məlumatlar fiber-optik kabel vasitəsilə Fövqəladə Hallar Nazirliyinə ötürülə bilər.
Prezident İlham Əliyev mərkəzi mühafizə məntəqəsində istirahət üçün yaradılan şəraitlə də tanış oldu.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL