“Azərbaycanın İT bazarındakı inkişafı dünya inkişaf tendensiyasına uyğundur”
Azərbaycan həyata keçirdiyi bütün İT layihələr üzrə tamamilə digər inkişaf edən ölkələrlə ayaqlaşır.
"Hewlett Packard" şirkətinin informasiya təhlükəsizliyi və şəbəkə konsaltinqi sahəsində həllərin arxitektoru Yaroslav Larçenkonun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, o, Avropada və ümumiyyətlə, dünyada müşahidə etdiyi texnoloji yeniliklərin Azərbaycanda da öz əksini tapdığını görür.
"Bütün ölkələr bu tendensiyalara uyğun inkişaf edir və ya inkişafdan qalaraq deqradasiyaya uğrayır. Mənim müşahidələrim onu göstərir ki, Azərbaycanda İKT sahəsinin inkişafı digər inkişaf edən ölkələrdən fərqlənmir. Yeganə fərq, ola bilsin, qanunvericilik sahəsində nəzərə çarpır, bu sahədə də çox az ölkədə mükəmməl qanunvericilik var. Hazırda informasiya texnologiyaları sahəsində qanunvericiliyin dəyişdirilməsi prosesində Rusiya liderliyi qoruyub saxlayır. Misal üçün, şəxsi məlumatların qorunması haqda qanun ilk növbədə Rusiyada tətbiq edilib. Azərbaycanda da, digər ölkələrdə olduğu kimi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. İnsanlar hər hansı bir otelə və ya banka gəldikdə öz şəxsiyyət vəsiqəsini və digər şəxsi məlumatlarını təqdim etdikdə onun zəmanəti olmalıdır ki, bu məlumatlar ayrı-ayrı insanlar tərəfindən digər məqsədlər üçün istifadə edilməyəcək. Beş il bundan öncə bu sahədə qanunvericilik yox dərəcəsində idi və bu, böyük fəsadlara səbəb olurdu. Tənzimləməyə ehtiyacı olan sahələrdən biri də "Visa" və "MasterCard" ilə işi tənzimləyən normativ qanunvericilikdir. Bu normativ qanunvericilik ödəniş kartları ilə işləyən şirkətlərin müəyyən tələbləri yerinə yetirməsini təmin edir, həm də internet-dükanların fəaliyyətinə və digər kartların istifadəsinə aid edilir. Kart sahibi əmin olmalıdır ki, onun kartından sonradan heç kim pul çıxara bilməyəcək. Hazırda bu qanunlar bütün dünyada işlənilir və təkmilləşdirilir", - deyə o bildirib.
Y.Larçenkonun sözlərinə əsasən, bu gün "HP" şirkətinin müəyyən qədər aktual "bulud" texnologiyaları mövcuddur, bununla yanaşı, şirkətin gələcəkdə "bulud"da istifadə edilə biləcək məhsullar çeşidi var.
"Ümumi trendlərdən danışarkən deyə bilərəm ki, bir zaman ölkələr arasında trendlərin tətbiqi sahəsində olan vaxt fərqi artıq minimuma endirilib və istənilən mobil qurğu və ya texnologiya Azərbaycanda, Ukraynada, ABŞ-da, Rusiyada, demək olar ki, eyni vaxtda təqdim edilir. Hazırda dünya İT bazarının əsas trendi "bulud" texnologiyalarıdır ki, onları da biz geniş çeşiddə təqdim edirik. Bu, "Cloud network", "Cloud optimization", "bulud"da istifadə edilə biləcək serverlər, aşağı enerji sərfiyyatı ilə təmin edilmiş sistemlər, şəbəkə avadanlıqları, "Cloud Service Automation" (CSA) və s. məhsullarımızdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, təkcə hazır "bulud" həlləri təqdim etmirik, biz sifarişçinin tələbatını nəzərə alaraq analiz edilmiş kompleks həllər təqdim edirik və müştəri artıq bizim hesablamalarımız əsasında tətbiq edəcəyi həllin ona nə qədər mənfəət gətirəcəyini öncədən bilir. Lakin şirkətin özündən asılıdır ki, o sistemin tətbiqi ilə ortaya çıxa biləcək risklərin qarşısının alınmasına nə qədər vəsait xərcləyir. Bəzi şirkətlər öncədən risklər haqda bildikləri halda buna önəm vermirlər, amma həmin şirkətə dəyən ziyan onların qarşısını almaq üçün tələb olunan vəsaitdən qat-qat artıq olur. Bu, yanğın təhlükəsizliyi avadanlığının yanğından sonra alınması kimi bir şeydir. Hamımız bilirik ki, yanğın ola bilər, lakin yanğın təhlükəsizliyi avadanlığını yanğından sonra alırıq",- deyə Y.Larçenko bildirib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL