waplog

Ölkədə «Startup»lar dövrü başlayır


BU, AZƏRBAYCANA NƏ VERƏCƏK?


Azərbaycanda «Startup» layihələrinə maraq yeni-yeni yarandığından ictimaiyyətdə bu terminin hansı anlam kəsb etməsi ilə bağlı müəyyən məlumat azlığı hiss olunur.

Öncə qeyd edək ki, «startup-şirkət» - yaxın vaxtlarda yaradılmış, bazara çıxmamış və ya bazara çıxmağa yenicə başlamış və resursların məhdudlaşdırılmış dəstinə malik olan şirkət, biznes qurumudur. Başqa bir formada desək, "Startup" – sıfırdan başlayan və ilk inkişaf dövrünü yaşayan biznesləri ümumiləşdirən bir termindir. Məlumat üçün bildirək ki, tez-tez startup-şirkətlər "qaraj" adlandırılır. "Sartap" termini xüsusilə internet-şirkətlər və İT firmalar sahəsində tətbiq olunur. Lakin bu termin başqa sferalara da inteqrasiya etməkdədir.

«Startup» qısa müddət ərzində reallaşdırma prosesidir və bir qayda olaraq, prinsipial yeniliklə fərqlənən məhsulun və ya layihənin kiçik resurslarla həyata keçirilməsidir.

Qeyd edək ki, «Startup»larda ilk növbədə gəlirin alınmasının aləti göstərilir. Onun təyini bu və ya digər dərəcədə növbəti anlayışları birləşdirməlidir. Bura innovasiya ideyası, ideyanın ticarət istifadəsinin effektiv strategiyasının axtarışı, məhdudlaşdırılmış resurslar, şirkətin sürətli artımı və sair daxildir.

«Startup» üçün ilkin addımlar

«Startup» yaradıb və bu istiqamətdə fəaliyyət göstərən şəxslər «startaper» adlanır. Startaper ümumiyyətlə biznes planı yazmaq, eskizlər çəkmək üçün masa qarşısında oturmazdan əvvəl atacağı addımları kimin üçün edəcəyini fikirləşməlidir. Aydınlaşdırmalıdır ki, müştərilərə nə və ya hansı məhsul lazımdır. Onun məhsulu müştərilərin həyatına hansı dəyişikliyi gətirəcək. Eləcə də onun məhsulunun bazardakı digər eyni tipli məhsullardan fərqi və eləcə də üstünlüyü nədədir. Bu suallara əsaslandırılmış cavab tapmalıdır ki, onun yaradacağı yeni firma bazarda özünə yer qazana bilsin və gəlir əldə etsin. Çünki heç bir halda yalddan çıxarmaq olmaz ki, "startup"lar birinci növbədə gəlir əldə edilməsi üçün yaradılır. Bu cür şirkətlərin komandasının üzvlərinin sayı təxminən birdən 15 insana qədər təşkil edə bilir.

Startuper yaradacağı şirkətin əsas əməkdaşı olduğunu unutmamalıdır. Bu o deməkdir ki, hər kəsdən iki dəfə artıq işləməlidir. O, ilk növbədə özünün yeni innovasiya ideyasını oritaya qoymalıdır və onu həyata keçirmək yollarını, ixtirasını və ya ideyasını tətbiq etiməyin ən asan və cəlbedici formalarını fikirləşməlidir.

Lakin bu zaman bir məqamı unutmamaq əsas şərtlərdən biridir. Əgər startuper artıq hər şeyi fikirləşibsə, eləcə də digər əməkdaşlar da bütün hər şeyi hesablayıbsa, bu hələ o demək deyil ki, bütün məqamlar düşünülüb və ən mükəmməl plan ortaya qoyulub. Çünki ən mükəmməl hesab olunan planda kiçik bir baca açıq qala bilər ki, hansı ki, onun vasitəsi ilə bazarda əhəmiyyətli bir yer qazanmaq mümkün ola bilər. Məsələn, bir çox hallarda mövsüm də məhsulun satışına təsir edir. Amma bu nüans startuplar tərəfindən bəzən unudulur.

Əgər bazarda mövsümə uyğun seçim varsa, üstəlik ona uyğun xidmətlər formalaşdıra bilinirsə, bundan maksimum dərəcədə yararlanmaq startuper üçün tələb olunan şərtlərdəndir. Yeri gəlmişkən o da qeyd olunmalıdır ki, startuper üçün çox tez-tez və əhəmiyyətli dərəcədə məhsullarını dəyişdirmək o qədər də arzulanan deyil. Çünki hesab olunur ki, müştərinin gözü bir məhsula tam alışmamış, onu tamamilə başqa məcraya yönəltmək son nəticədə gəlirin azalmasına gətirib çıxara bilər.

Startaper bazarda birinci olmaq istəyirsə, bu zaman öz ideyasına malik olmalıdır və bundan sonra isə digərlərinə nəzər yetirməsi arzuolunandır. Lakin burada əsas şərtlərdən biri də bazarın başqa oyunçularının ideyalarını oğurlamamaqdır. Çünki bu, istənilən və arzulanan nəticənin əldə olunmasına maneçilik törədəcək.

«Startup»un digər əməkdaşları da şirkətin uğur qazanmasında əhəmiyyətli rol oynayır. Çünki onlar biznesin irəli çəkilməsində inkarolunmaz önəm daşıyırlar. Müştərilər məhz onların vasitəsi ilə şirkətin işini, xidmətlərini və məhsullarını görəcək. Buna görə də startuplar öz əməkdaşlarının seçimində daha diqqətli olmalıdır.

İstedadlı sahibkarlıq

«Startup» şirkətlərini digər şirkətlərdən fərqləndirən cəhətlərdən biri də istedadlı insanların tez bir zaman kəsiyində sahibkara çevrilməsi üçün imkanın verilməsidir. Çünki istedadlı insanların əvvəllər öz ideyalarını və ya ixtiralarını reallaşdırmaq, həyata keçirməsi üçün imkanı məhdud olurdu. Ona görə də müəyyən sahibkarlara, investorlara üz tutmaq məcburiyyətində qalırdı. Bununla yanaşı, ixtiranın istehsalatda tətbiqi sual altına düşürdü. Amma «Startup»lar imkan verir ki, istedadlı insanlar öz ideyalarını həyata keçirsinlər. Bunun nəticəsində də ölkə iqtisadiyyatına müsbət təsirlər göstərilir. Çünki yeni iş yerləri açılır, biznesin qurulması üçün zəruri biliklər artırılır, Azərbaycan qlobal informasiya cəmiyyətinə inteqrasiya olunur.

Gənclərin «Startup»ların yaradılmasında üstünlük təşkil etməsini nəzərə alsaq, sahibkarlığın "cavanlaşma" prosesi cəmiyyətimiz üçün çox əhəmiyyətlidir. Yəqin ki, bunun müsbət nəticələrini ictimaiyyət az bir zamanda müşahidə edəcək. Müasir Azərbaycan tarixində gənc insanların biznesə inteqrasiyası ölkənin milli maraqları baxımından strateji xarakter daşıyır və Azərbaycanın 2020-ci ilə qədər Milli Strategiyasının ayrılmaz hissələrindən biri hesab olunur.

Hansı innovativ «Startup»lar uğur qazanır?

Öncə nəzərə alınmalıdır ki, hər bir yaxşı ideya pul gətirə bilməz. Məsələ burasındadır ki, investorlar üçün isə əsasən dividend gətirən layihələr maraqlı və cəlbedicidir. Hər bir layihənin əsasında maliyyə prinsipləri əsasında bisnes-model olmalıdır. Əks halda bu layihə investoru cəlb etməyəcək. Bəzən gənclərin uğursuzluğuna səbəb ideyanı formalaşdıran zaman, hətta layihəni reallaşdıran zaman onun biznes tərəflərini fikirləşməməsi olur. Bu proses zaman, təcrübə və biliklərin dərinləşməsini tələb edir. Əks halda bu, sadəcə olaraq çoxlu istifadəçilərin ziyarət etdiyi növbəti layihə olacaq, amma gec-tez maliyyə gətirmədiyi üçün layihə ya bağlanacaq, ya da daha inkişaf etdirilməyəcək.

Əgər layihələr doğrudan da gəlir gətirmək potensialına malikdirsə, onda hər bir investor «Startup»la birgə addım atmağa maraq göstərəcək. Buna görə də İKT sahəsində layihə həyata keçirmək ambisiyası olan hər bir komanda bu şanslardan maksimum yararlanmağa cəhd etməlidir.

Yeri gəlmişkən, bir məsələni də qeyd etmək yerinə düşər. «Startup» reallaşdırıb milyonlar qazanan şirkətlərin fəaliyyətinə nəzər salınsa, görünər ki, onlar ilkin mərhələdə orta hesabla 2-4 layihə üzrə uğursuzluğa düçar olublar. Bu da olduqca mühüm təcrübədir. Bu da olmalıdır və heç kim bundan sığortalanmayıb. Dünyada bu cür «Startup»lara investorlar maliyyə yatırmağa daha çox maraqlı görünürlər. Çünki hesab olunur ki, onlar artıq daha hazırlıqlıdırlar və nə etmək istədiklərini bilirlər.

«Startup»un cəlbediciliyi və Azərbaycan

«Startup»lar az yatırım etməklə yüksək gəlir almaq baxımından çox cəlbedicidir. Onun vasitəsi ilə 1-2 milyon sərmayə qoymaqla ayda ən azı 20-50 min manat xalis qazanc götürmək mümkündür. Bu imkanlar isə yalnız innovasiya sahəsində mövcuddur. Azərbaycanda da innovasiyalı iqtisadiyyat qurulur, formalaşır. Üstəlik, ölkədə informasiya texnologiyalarına böyük tələbat mövcuddur. Bununla yanaşı, ölkənin çoxşaxəli bazarında alıcılıq qabiliyyəti böyükdür. Azərbaycanın yerləşdiyi coğrafi ərazi, "İpək Yolu"nun tərkib hissəsi olması İKT sahəsində fəaliyyətə başlayacaq startupçular üçün isə əlavə şanslar tanıyır.

Artıq ölkəmizdə «Startup Azərbaycan" layihəsinə başlanılıb. Onun vasitəsi ilə də internet-biznes sahəsində müxtəlif tədbirlərin, «Startup» müsabiqəsinin keçirilməsi planlaşdırılır. Hazırda ölkənin İKT sektorunda yerli startupların formalaşması yeni bir mərhələyə qədəm qoyub. Azərbaycan üçün bu sahə tamamilə yenidir. Əgər Azərbaycanın İKT sektoruna hərtərəfli nəzər yetirsək, məlum olar ki, yerli startupların inkişafı üçün çox böyük meydan var.

Bir sıra ekspertlər hesab edir ki, sözügedən layihənin keçirilməsi ölkəmizin prioritet və eləcə də perspektivli seqmentə daha dərindən və hərtərəfli nəzər salmağa imkan verəcək. Bundan başqa, həyata keçirilən işlər «Startup» yaradan komandaları stimullaşdırır, həmçinin potensial investorların marağını bu istiqamətdə olan bizneslərə cəlb edir. Azərbaycan iqtisadiyyatının da sabit olması ənənəvi biznesdən kənar, məhz innovasiya sahəsində uğur qazanmaq şansları yaradır. Bunları nəzərə alan startupçular müəyyən vəsait yatırmaqla 2-3 ilə uğurlu biznesləri ilə öyünə bilərlər. Ölkədə internet istifadəçilərinin kritik kütləsi indi formalaşıb. Hökumətin elektron xidmətləri təşviq etməsi əhalini, ümumiyyətlə, veb-xidmətlərə daha da yaxınlaşdırır. Üstəlik, biznesin inkişafı üçün dövlətin dəstək verməsi uğura aparan yolu daha da qısaldır.

Yeri gəlmişkən, qeyd edək ki, keyfiyyətli proqram həlləri və ya kompüter oyunları yaratmaq və yaxud internet layihələri həyata keçirmək üçün insanda güclü proqramlaşdırma bilikləri olmalıdır. Bu keyfiyyətlərə malik olan şəxslər ölkəmizdə olsa da, onların əksəriyyətində biznes bilikləri yetərli qədər deyil.

Amma elə komandalar da var ki, özündə həm texniki, həm də biznes bilikləri olan mütəxəssisləri birləşdirir. Həmin komanda da biznes nöqteyi-nəzərdən maraqlı ideya fikirləşir və texniki olaraq onu reallaşdıra bilər. Amma bunun üçün maliyyə lazımdır – və onlar bu maliyyəni tapa bilmirlər. Startupların yaradılması ilə bağlı keçirilən layihələrin məqsədlərindən biri də maraqlı ideyaları olan komandaları investorlarla bir müstəviyə gətirməkdir.

Azərbaycanda onlar üçün hansı şərait yaradılır?

Bu gün Azərbaycan İKT sahəsini prioritet elan edib. Ölkədə sözügedən sahə üzrə hərtərəfli, kompleks tədbirlər həyata keçirilir. 2013-cü ilin «İKT ili» elan edilməsi Azərbaycan gəncliyi üçün yeni imkanlar yaradır. Respublikada internetin keyfiyyəti yüksəldilib, qiyməti isə aşağı salınıb. Ölkənin ən ucqar kəndlərinə qədər optik kabellər çəkilir və vətəndaşlara sürətli internetdən tam sərbəst formada istifadə etməsi şəraiti yaradılıb. "Elektron hökumət" quruculuğu sürətləndirilib. Dövlət orqanlarının göstərdikləri xidmətlərin böyük əksəriyyəti elektronlaşdırılıb və bu istiqamətdə aparılan işlər davam etdirilir.

Bütün bunlarla yanaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb. Fondun əsas məqsədlərindən biri Azərbaycan gənclərini öz arzularına çatdırmaqdır. Belə ki, onlara ideyalarını həyata keçirmək üçün qrand yardımları etmək, eləcə də aşağı faizlərlə kreditlər ayırmaqla «Startup»u inkişaf etdirməkdir. Bununla yanaşı, yerli, eləcə də xarici şirkətlərin bazarını formalaşdırmaq üçün ölkədə texnoparklar yaradılır. Bu da «Startup» üçün əlavə imkanlar və şəraitlər vəd edir.

Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL