Qorxmaz Əfəndiyev: “Milli klaviatura “Windows” əməliyyatlar sisteminin yeni versiyalarına uyğunlaşdırılır”
Bu vaxta qədər informasiya cəmiyyətində dilimizin kompüter aləmində vahid standartının olmaması problem yaradırdı. Azərbaycanın artıq öz milli klaviaturasına malik olması bu problemin aradan qaldırılmasına təkan verib. AMEA Kibernetika İnstitutunun, böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Qorxmaz Əfəndiyev milli klaviaturanın ortaya çıxması zərurəti ilə bağlı fikirlərini "Rabitə dünyası" ilə paylaşıb.
"QWERTY" klaviaturasından başlanan tarix
Onun sözlərinə görə, klaviatura üzərində hərflərin yerləşdirilməsi məsələsi çap maşınlarının yaradılması ilə eyni zamanda ortaya çıxıb: "Belə ki, hələ XIX əsrdə yaradılan ilk mexaniki çap maşınlarında hərflərin qəlibləri yapışdırılmış dirəklər eyni əlin qonşu barmaqları ilə vurulan zaman – birinci vurulan dirək öz yerinə qayıdana qədər ikinci vurulan dirək kağız istiqamətində hərəkət edirdi və nəticədə onlar ilişirdilər. Bu cür ilişmələr tez-tez baş verdiyindən, mətn yığılmasını çətinləşdirirdi. Odur ki, çox işlədilən hərflərin bir-birindən mümkün qədər aralı olan dirəklər üzərində yerləşdirilməsi tələb olunurdu".
XIX əsrin 70-ci illərində bu problemin həlli ilə məşğul olan Kristofer Şoulz (Christopher Latham Sholes) ingilis dilində latın hərflərinin düzülüş modelini – "QWERTY" klaviaturasını yaratdı və 1873-cü ildən bu klaviaturalar istehsal olunmağa başladı.
XX əsrin 40-cı illərindən başlayaraq kompüterlərin icad edil¬məsi ilə mexaniki çap makinalarında ən vacib tələb kimi qəbul edilən çox işlədilən hərflərin bir-birindən mümkün qədər aralı olması tələbi öz aktuallığını itirməyə başladı. Artıq çox işlənən hərflərin klaviaturanın mərkəz hissəsində və bir-birinə yaxın yerləşdirilməsi tələb olunurdu.
"Bazarın imtinası" ilə üzləşən "Dvorak"
1936-cı ildə Vaşinqton Universitetinin professoru Avqust Dvorak ingilis dilində latın hərflərinin düzülüşünün yeni modelini yaratdı. Adı tarixə "Dvorak klaviaturası" kimi düşmüş bu model bir müddət Amerikada populyar olsa da, bir tərəfdən istifadəçilərin böyük əksəriyyətinin "QWERTY"-yə öyrəşməsi, digər tərəfdən və ən başlıcası - biznes maraqları yeni klaviaturanın kütləvi istehsalına imkan vermədi – uzun illər "QWERTY" klaviaturasında çalışan makinaçıların yeni düzümü öyrənməsinə vaxt, istehsalçıların yeni klaviatura istehsal etməsinə isə vəsait tələb olunurdu.
Qorxmaz Əfəndiyev qeyd edib ki, iqtisadçılar bu amili "bazarın imtinası" adlandırırlar. Lakin indiki dövrdə də "Dvorak klaviaturası"na üstünlük verənlər var və "Windows" əməliyyatlar sistemində "Dvorak"ın klaviatura düzümü alternativ variant kimi istifadəçilərə təklif olunur.
Azərbaycan əlifbası üçün yaradılan düzümlər
Texnika üzrə fəlsəfə doktorunun sözlərinə görə, keçmiş SSRİ-nin tərkibində olan digər respublikalarda, o cümlədən, Azərbaycanda kompüter klaviaturası üzərində milli əlifbanın hərflərinin düzülüşü "YÜUKEN" klaviaturasının əsasında təyin edilmişdi: "Belə ki, milli əlifbanın rus hərfləri ilə eyni səsi verən hərfləri "YÜUKEN" klaviaturasında olduğu kimi, fərqli səslənən, yəni kiril əlifbasında olmayan hərfləri isə bu dildə olmayan hərflərin mövqeyində yerləşdirilirdi.
"Windows 2000" əməliyyatlar sistemində "Unicod" standartları qəbul edildikdən sonra, 2001-ci ildə Azərbaycanda yeni – "QWERTY" düzümünün əsasında yaradılmış latın qrafikalı hərflərin klaviatura düzümü qəbul edildi. Lakin bu düzüm də "YÜUKEN" düzümünün üzərində qurulmuş modeldə olduğu kimi, "oxşar-fərqli səslər" və "oxşar-fərqli qrafemlər" prinsipi ilə yaradılıb".
Düzümlərin heç birində dilimizin qanunauyğunluqları nəzərə alına bilinməzdi, çünki...
Q.Əfəndiyev qeyd edib ki, bu düzümlərin heç birində Azərbaycan dilinin qanunauyğunluqları nəzərə alınmamışdı: "Alına bilməzdi də, çünki hər iki halda bir neçə hərf istisna olmaqla bütün hərflər məcburi qaydada yerləşdirilirdi. Məsələn, qəbul edilmiş sonuncu klaviaturada Azərbaycan dilində həddindən artıq az istifadə olunan "j" hərfi klaviaturanın tam mərkəzində, ən münasib düymədə yer tapıb. Əksinə, ən çox işlənən "ə", "a" və "ı" hərfləri sağ və sol əllərin ən passiv barmaq sayılan kiçik barmaqlarının zonasında yerləşdirilib. Bu o deməkdir ki, mətnin normal, "on barmaqla yığma" adlanan qaydada yığılması zamanı ən çox yük məhz kiçik barmağın üzərinə düşür".
Milli əlifbanın köhnə düzüm qaydası "Karpal tunel sindromu" adlanan peşə xəstəliyinə yol açır
Bu isə öz növbəsində istifadəçilərdə "Karpal tunel sindromu" adlanan peşə xəstəliyinə - biləklərdə düyünlərin yaranmasına (el arasında belə hallarda "qoluna çox güc düşüb" de¬yirlər), ən yaxşı halda əzələlərin tez yorulmasına və mətnin yığılma sürətinin kəskin azalmasına səbəb olur. Odur ki, əksər hallarda bu klaviaturadan istifadə edənlər mətnin iki-üç barmaqla yığılmasına üstünlük verirlər. Aydındır ki, bu halda da mətnin yığılma sürəti aşağı olur:
"Beləliklə, göstərdiyimiz misal və nümunələr bir daha keçmiş SSRİ-nin tərkibindən çıxmış bütün dövlətlərdə klaviatura düzümlərinin "QWERTY" və ya "YÜUKEN" klaviaturalarının üzərində qurulduğundan, onların heç birinin elmi əsaslarının olmadığını və bu ölkələrin hamısında elmi cəhətdən əsaslandırılmış, milli dillərin xüsusiyyətlərini nəzərə alan klaviaturanın yaradılmasını zəruri edirdi".
Analoji vəziyyət Türkiyəni də çıxış yolu axtarmağa sövq etdi İnstitut rəsmisinin sözlərinə görə, klaviatura düzümü ilə bağlı analoji vəziyyət dili bizim dilimizə çox yaxın olan qardaş Türkiyə Cümhuriyyətində də olub:
"1928-ci ildə ərəb qrafikasından latın qrafikasına keçidlə əlaqədar olaraq Türkiyə əlifbası hərflərinin "QWERTY" düzümünün əsasında yaradılmış yeni çap maşınları üçün klaviatura düzümü qəbul olundu. Uzun illər ingilis əlifbası üzərində qurulmuş "Q Türkcə" adlanan klaviaturadan istifadə olunurdu". 1946-cı ildən başlayaraq, İstanbul Yüksək İqtisad və Ticarət Məktəbinin (sonrakı adı - İqtisadiyyat və Ticarət Akademiyası) məzunu İhsan Yener standart klaviatura yaratmaq təklifi ilə rəsmi dövlət orqanlarına müraciətlər etdi və Türkiyə Cümhuriyyəti Prezidentinin tapşırığı ilə bu məqsədlə xüsusi komissiya yaradıldı. 1955-ci ildə türk dilinin özəlliklərinə uyğun olan standart klaviaturası rəsmən qəbul edildi və 1978-1979-cu illərdə bəzi dəyişikliklər edilməklə kompüter klaviaturalarına da şamil edildi. Hal-hazırda türk dilində "Q Türkcə" və "F Türkcə" adlanan iki düzümdən istifadə olunur.
Yeni klaviatura düzümü 2010-cu ildən "Azərbaycan Respublikasının Dövlət Standartı" (AZS 495-2010) kimi qəbul olunub
Q.Əfəndiyev ölkəmizdə milli klaviaturanın tətbiqi sahəsində başlayan araşdırmaların nəticələrindən də söz açıb: "Azərbaycanda bu problemin həlli istiqamətində bizim tərəfimizdən aparılan araşdırmalar 2005-ci ildə, demək olar ki, başa çatdı. Dilimizin qanunauyğunluqlarını nəzərə alan, elmi cəhətdən tamamilə əsaslandırılmış ekvivalent optimal klaviatura düzümləri yaradılaraq Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclaslarının müzakirəsinə təqdim edildi. AMEA Rəyasət Heyətinin 11 iyul 2008-ci il tarixli qərarı ilə bu düzümlərdən biri standart klaviatura düzümü kimi qəbul olunmaq üçün Nazirlər Kabinetinə təqdim edildi".
Nəhayət, Nazirlər Kabinetinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq qərarlarına əsaslanaraq, təklif olunan yeni klaviatura düzümü (müəlliflər: Ə.M.Abbasov, A.H.Hacıyev, Q.C.Əfəndiyev) 2010-cu ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan Respublikasının Dövlət Standartı" (AZS 495-2010) kimi qəbul olundu.
Xüsusi proqram vasitəsilə yeni standartı "Windows" əməliyyatlar sisteminin mövcud versiyalarında da tətbiq etmək mümkün olacaq
Daha bir məqama toxunan Q.Əfəndiyev bildirilib ki, aparılan hesablamalar maraqlı nəticəni ortaya çıxarıb. Belə ki, yeni klaviatura düzümü hal-hazırda istifadə edilən "QWERTY" düzümünün əsasında yaradılmış düzümlə müqayisədə mətnin daha sürətlə - 24,3 faiz tez yığılmasını təmin edir: "Hal-hazırda yeni standartın 2001-ci ildə qəbul olunmuş ("QWERTY" düzümünün əsasında yaradılmış) düzümlə yanaşı, "Windows" əməliyyatlar sisteminin yeni versiyalarına daxil edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir.
"Microsoft" şirkətinin Azərbaycan nümayəndəliyinin məlumatına əsasən qeyd etmək istəyirəm ki, xüsusi proqram vasitəsilə yeni standartı "Windows" əməliyyatlar sisteminin mövcud versiyalarında da tətbiq etmək mümkün olacaq. Kompüter klaviaturalarının Azərbaycana xaricdən gətirilməsi və yeni standartın həmin klaviaturalarda verilməməsi, tezliklə bu məsələnin biznes maraqlarına da səbəb olacağını deməyə əsas verir".
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL