waplog

Kərəm Həsənov: “Yaxın zamanlarda 9 yeni elektron xidmət istifadəyə veriləcək”


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən bir sıra fəaliyyət istiqamətləri üzrə, o cümlədən daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması, müsadirə edilmiş əmlakın satışı ilə bağlı da keçirilən hərraclarda iştirak etmək üçün elektron xidmətlər tətbiq edilir.

Hazırda komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyatı sahəsində əhaliyə, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, yaxın zamanlarda 9 yeni elektron xidmət istifadəyə veriləcək. Bu sözləri ƏMDK sədri Kərəm Həsənov 2013-cü ilin birinci rübü ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsində keçirilən iclasda bildirib.

Komitə sədrinin sözlərinə görə, elektron xidmətlərin tətbiqi nəticəsində qeydiyyat müddətləri əsaslı şəkildə azaldılıb. Vətəndaşlar təkrar qeydiyyatla bağlı sənədləri 7 gün ərzində, əmlak barədə arayışları 1-5 gün ərzində əldə etmək imkanına malikdirlər. Artıq bu xidmətlər vasitəsi ilə 3500-dən çox müraciət daxil olub və baxılıb.

Ötən müddət ərzində dövlət əmlakının özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması və ünvan reyestrinin yaradılması sahələrində inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi məqsədilə Dünya Bankı, Almaniya İnkişaf Bankı (KfW), Almaniyanın Beynəlxalq Əməkdaşlıq (GİZ) təşkilatı, Norveç Kadastr və Xəritəçəkmə təşkilatı və digər xarici qurumlarla layihələr həyata keçirilir. Eyni zamanda, BMT-nin Avropa İqtisadi Komissiyası, USAİD, Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi, Evrogeorafiks, Avropa İttifaqının Tvinninq və TAİEX təşkilatları ilə əməkdaşlıq da davam etdirilib". Həmçinin daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişaf etdirilməsi və qabaqcıl iş təcrubəsinin tətbiqi məqsədi ilə informasiya sistemlərinin və məlumat bazalarının mərkəzləşdirilməsi, korporativ şəbəkənin qurulması, ərazi qeydiyyat idarələrinin müasirləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, arxivlərin elektron formata keçirilməsi, müasir texnologiyaların, avadanlıq və geodezik cihazların alınması, işçilərin bilik və bacarıqlarının artırılması sahələrində tədbirlər davam etdirilib:

"Yerli qeydiyyat idarələrinin yeni binalarla təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarının və müasir geodezik cihazların tətbiqi geniş yer alıb. Ötən müddətdə daşınmaz əmlakın vahid kadastrının aparılması, ünvan reyestri və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi sahələrində müəyyən edilmiş tədbirlər həyata keçirilib. Belə ki, dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması işlərinin icrası davam etdirilib. Azərbaycanda ünvan reyestri informasiya sisteminin yaradılması ilə bağlı işlər başa çatdırılmaq üzrədir. Artıq yeni qaydalara əsasən ünvanların verilməsi, küçə və binalara müasir dizaynlı ünvan lövhələri vurulmasına başlanılıb. Hesabat müddətində Dünya Bankının həyata keçirdiyi Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində tədbirlər, o cümədən qeydiyyat və kadastr üzrə yeni İT sisteminin hazırlanması ilə bağlı işlər davam etdirilib".

İclasda digər istiqamətlərlə yanaşı, komitənin informasiya texnologiyaları sistemlərinin imkanlarının artırılması, informasiyaların qorunması və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı da müvafiq tapşırıqlar verilib.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL