«Mobil telefonlardan və internetdən asılılıq problemləri və həlli yolları» məsələləri ətrafında «dəyirmi masa» keçirilib
Bu gün Bakıda «Mobil telefonlardan və internetdən asılılıq problemləri və həlli yolları» məsələləri ətrafında «dəyirmi masa» keçirilib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri İctimai Birliyi tərəfindən düzənlənən tədbir Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb. Birliyin sədri Sirus Abbasbəyli mobil telefonların ziyanlarından danışaraq bildirib ki, mikrodalğalı maqnit şüaları insan orqanizminə olduqca mənfi təsirlər göstərir. Onun sözlərinə görə, bu təsirlər uşaq və yeniyetmələrə daha böyük zərərlər verir.
Uzun müddət mobil telefonla danışıldığı zaman qulaqların və eləcə də beyin hüceyrələrinin qızmasının baş verdiyini önə çəkən S.Abbasbəyli bildirib ki, hər bir valideyn öz övladının sağlamlığına böyük diqqət etməlidir:
«Mobil telefonların təsiri böyüklərdə o qədər də hiss olunmur. Lakin uşaqlarda bu təsirlər tez bir zamanda büruzə verir. Kompüter və internet asılılığı isə daha böyük fəsadlar törədə bilir. İnternet asılılığı uşaqları ətrafdan, cəmiyyətdən uzaqlaşdırır, özünə qapanmanı, depressiya hallarını artırır və sairə». Sonra tibb elmləri doktoru, professor Afər Əfəndiyev mobil telefonların ziyanları ilə bağlı dünyada aparılan araşdırmalardan söz açıb. O bildirib ki, ən çox araşdırmalar ABŞ, Fransa, İngiltərədə, İsveç, Banqladeş, Rusiyada aparılıb:
«Şotlandiyalı alim Vilyam Star mobil telefonlarda olan maqnit dalğalarını soxulcanların üzərində yoxlayıb. O, soxulcanlara 2 dəqiqə ərzində maqnit dalğaları verdikdən sonra görüb ki, onların yumşaq toxumaları bişmiş halda olub. Alim bu nəticədən sonra hər bir vasitə ilə mobil telefonları uşaqlardan uzaq tutmağa cağırıb».
Qulaqla təmasda olan hər hansı bir aparatın insan orqanizmi üçün təhlükəli olduğunu vurğulayan A.Əfəndiyev hamilə qadınlar üçün mobil telefonların xüsusilə uzaq tutulmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, mobil telefonların yaydığı maqnit dalğaları dölün inkişaf etməsinin qarşısını alır, bətindəki uşağın normal formalaşmasına mane olur:
«Araşdırmalara görə, 3-16 yaş arasında olan uşaqlar əgər bir il ərzində hər gün 2-3 dəqiqə mobil telefonla danışarsa, onlarda böyük qüsurlar, problemlər, xəstəliklər əmələ gəlir. Bura diqqətin zəifləməsi, baş ağrıları, yaddaşın pozulması, stresə qarşı az davamlılıq, zehni qabiliyyətin azalması, yorğunluq, yuxusuzluq, eşitmə sinirinin şişi və sairləri daxildir. Bundan başqa mütəmadi olaraq mobil telefonlarla danışan uşaqlarda əllərin əsməsi, ürək, qan-damar və cinsiyyət orqanlarının xəstəlikləri müşahidə olunur».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL