BMT-nin baş katibi 3 may - Beynəlxalq Mətbuat Azadlığı Günü ilə bağlı müraciət edib
BMT-nin baş katibi Pan Gi Mun 3 may - Beynəlxalq Mətbuat Azadlığı Günü ilə bağlı müraciət edib.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, müraciətdə bildirilir ki, ifadə azadlığı İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 19-cu bəndində əksini tapmış əsas insan hüquqlarından biridir. İfadə azadlığı yaxşı idarəetmə, davamlı inkişaf və uzunmüddətli sülh və sabitliyin əsasıdır. Bununla belə, hər gün dünyanın bir çox yerlərində media nümayəndələri təzyiqə məruz qalırlar.
Media nümayəndələri onları susdurmaq və senzuraya məruz qoymaq istəyən hökumətlər, şirkətlər, cinayətkar qüvvələr və başqaları tərəfindən hədə, təhlükə və zorakılığa məruz qalırlar.
Builki Beynəlxalq Mətbuat Azadlığı Gününün mövzusu – “Danışmaq təhlükəsizdir: bütün media vasitələrində ifadə azadlığının təminatı” jurnalistlərə vəzifələrini yerinə yetirmək hüquqlarını qorumaq üçün hərəkata ehtiyac olduğunu vurğulayır. Ənənəvi media platformaları olan radio, qəzet və televiziyadan daha çox məşhurlaşan sosial media vasitələri, bloqlar və vətəndaş jurnalistikasına keçid jurnalistləri daha çox risk altına atır.
Baş katib qeyd edir ki, ötən on ildə 600-dən çox jurnalist qətlə yetirilmiş, onlardan 120-si keçən il öldürülənlərdir. Yüzlərlə jurnalist həbs edilmişdir. Təhlükələr təkcə fiziki deyil, hədə-qorxu, kiber-hücumdan tutmuş təhqirlərə qədər olur. Güc sahibləri mediaya bir çox alətlərlə təzyiq edərək qeyri-qanuni hərəkət və ya pozuntuların işıqlandırılmasının qarşısını almaq istəyirlər. Bunlar fərdi faciələr olsa da, bütövlükdə onlar insanların həqiqəti bilmək hüquqlarına qarşı böyük maneədir. Narahat edən məqamlardan biri də qanunu pozanlar çox vaxt cəzasız qalması faktıdır. BMT Jurnalistlərin Təhlükəsizliyi və Cəzasızlıq Məsələsi üzrə fəaliyyət planı hazırlamışdır. Fəaliyyət planı məlumatlılığın artırılması və jurnalistlər üçün azad, təhlükəsiz iş mühitinin yaradılmasına yönəlmiş praktik addımları nəzərdə tutur.
Müraciət bu çağırışla bitir: “Beynəlxalq Mətbuat Azadlığı Gününü qeyd etməklə, gəlin jurnalistlərin bütün media vasitələrində vəzifələrini yerinə yetirə bilməsi üçün əlimizdən gələni edəcəyimizə söz verək. Danışmaq təhlükəsiz olanda bütün dünya bundan bəhrələnəcəkdir”.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL