waplog

RİTN mobil operatorlara 3G lisenziyasının verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib


Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində “Bakcell Ltd” MMC və “Azercell Telekom” MMC şirkətlərinə “3G” lisenziyasının verilməməsi ilə bağlı dəqiqləşdirilməmiş məlumatlar dərc olunur. Qeyd etmək istərdik ki, Azərbaycanda fəaliyyət göstərən mobil telekommunikasiya şirkətləri öz fəaliyyətlərini ölkə qanunlarına uyğun tənzimləmələri vacib şərtdir. 24.07-2011-ci il tarixində RİTN-də Azərbaycanda mobil sektorunun inkişafı imkanları, mövcud problemlərin həlli və tənzimlənməsi yolları, 3-cü nəsil (3G) mobil rabitə xidmətinin tətbiqinin genişləndirilməsi, bu məqsədlə mobil operatorlara əlavə lisenziyaların verilməsi və xidmətlərin təşkili üçün zəruri olan və hazırda efir-kabel şəbəkəsində istismar edilən radiotezliklərin mobil operatorların istifadəsinə verilməsi imkanları müzakirə edilmişdir. Müzakirələrdə RİTN-in rəhbərliyi, “Azercell”, “Bakcell” və “Azerfon” şirkətlərinin səlahiyyətli nümayəndələri iştirak etmiş, müzakirələrin nəticəsi olaraq protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Protokolda bu sahədə həlli vacib məsələlər öz əksini tapmış və icrası üçün razılıq əldə olunmuşdur. Protokola əsasən;

1. “3G” xidmətlərinin təşkili üçün zəruri tezliklərdən istifadə hüququnun “Azercell Telekom” MMC-yə verilməsi barədə “Azercell Telekom” MMC ilə “B&B TV Kommunikeyşn” MMC arasında imzalanmış müqavilənin surəti RİTN-ə təqdim edilsin.

2. “3G” xidmətlərinin təşkili üçün zəruri tezliklərdən istifadə hüququnun “Bakcell Ltd” MMC-yə verilməsi barədə “Bakcell Ltd” MMC ilə “B&B TV Kommunikeyşn” MMC arasında imzalanmış müqavilənin surəti RİTN-ə təqdim edilsin.

3.“Azercell Telekom” MMC və “B&B TV Kommunikeyşn” MMC, həmçinin “Bakcell Ltd” MMC və “B&B TV Kommunikeyşn” MMC arasında əldə olunan birgə razılaşmalara əsasən qeyd olunan tezliklərin “B&B TV Kommunikeyşn” MMC-dən geri alınaraq “Azercell Telekom” və “Bakcell Ltd” MMC-lərə mövcud qaydalara əsasən ayrılmasına baxılması RİTN tərəfindən RTDK-nin müzakirəsinə çıxarılsın.

4. “3G” xidmətləri ilə yanaşı, mobil sektorun inkişafı məqsədilə digər xidmətlərin tətbiqi və genişləndirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə aşağıda qeyd olunan məsələlərin icrası “Azercell Telekom” MMC, “Bakcell Ltd” MMC və “Azerfon” MMC tərəfindən təmin edilsin:

4.1. Ümumistifadəli telekommunikasiya şəbəkəsinin inkişafı, təkmilləşdirilməsi, eyni zamanda nömrə resurslarından səmərəli və etibarlı istifadənin təmin edilməsi məqsədilə müvafiq qaydalara uyğun hazırlanaraq Ədliyyə Nazirliyində dövlət qeydiyyatına (şəhadətnamə № 4122, 16.02.2011-ci il) alınmış “Sellülar (mobil) nömrə daşınması qaydası”nın icrası, o cümlədən nömrə daşınmasının həyata keçirilməsi üçün öz telekommunikasiya şəbəkələrindəki bütün texniki məsələlərin həll edilməsi;

4.2. Şəbəkələrarası arabağlantı üzrə qarşılıqlı hesablaşmaların müvafiq qaydalara uyğun hazırlanaraq Ədliyyə Nazirliyində dövlət qeydiyyatına (şəhadətnamə № 3438, 06.04.2009-cu il) alınmış “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası”na uyğun olaraq aparılması;

4.3. Rouminq tariflərinin azaldılması istiqamətində indiyədək aparılan işlərin davam etdirilməsi və digər istiqamətlər üzrə beynəlxalq təcrübəyə uyğun olaraq reallığı əks etdirən tariflərin tətbiq edilməsini 3 ay müddətində təmin edərək, yeni tariflərin öz internet səhifələrində yerləşdirilməsi;

4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.10.2009-cu il tarixli 266s sərəncamı ilə təsdiq edilmiş “Terrorçuluq barədə qəsdən yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı”nın icrası məqsədilə mobil telefon nömrələrinin və aparatlarının satış məntəqələrində alıcıların elektron qeydiyyatının “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131 nömrəli 07.07.2005-ci il tarixli qərarına uyğun olaraq on-line aparılmasının 3 (üç) ay müddətində tam təmin edilməsi və həmin məlumatların daimi saxlanması üçün texniki imkan yaradılması;

4.5. “Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 744 saylı 22 aprel 2010-cu il tarixli Fərmanının 8.17-ci və 9-cu bəndlərinin tələblərinə uyğun olaraq, öz abunəçilərinə dair məlumatların mütəmadi olaraq RİTN-in Məlumat Hesablama Mərkəzində qurulmuş mərkəzi serverə ötürülməsi;

4.6. Ümumistifadəli telekommunikasiya şəbəkəsinin beynəlxalq giriş-çıxış trafikinin uçotunun dəqiq aparılması, bu sahədə aşkarlanmış qeyri-qanuni fəaliyyət hallarının qarşısının alınması, həmçinin operatorlar arasında trafik mübadiləsi üzrə qarşılıqlı hesablaşmalarda şəffaflığın təmin edilməsi məqsədilə şəbəkəsində mübadilə edilən trafik üzrə CDR (Call Detail Record) fayllarının on-line rejimində RİTN-in Məlumat Hesablama Mərkəzinə ötürülməsinin 2 (iki) ay müddətində tam təmin edilməsi;

4.7. Ölkə və beynəlxalq qanunvericiliyə, o cümlədən “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Azercell Telekom”, “Bakcell Ltd” və “Azerfon” MMC-lərdə çalışan işçilərin nümayəndəli orqanı olan Həmkarlar İttifaqı təşkilatının yaradılmasına inzibati dəstək verilməsi;

5. Bu protokolun 1-4-cü bəndlərinin icrası təmin olunmaqla “Azercell Telekom” MMC-yə və “Bakcell Ltd” MMC-yə 3-cü nəsil (3G) mobil rabitə xidmətlərinin təşkili üçün (dupleks fərqi 190 MHs və bir ədədi 15 MHs olan 2 (iki) tezlik zolağı nəzərə alınmaqla) RİTN tərəfindən lisenziyalar verilsin.
RİTN bildirir ki, “Azercell Telekom” MMC və “Bakcell Ltd” MMC-yə “3G” lisenziyası üçün tələb olunan tezliklərin ayrılmasını şərtləndirən 1, 2 və 3-cü bəndlər Dövlət Radiotezliklər Komissiyası tərəfindən müvafiq qaydada həllini tapacaqdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL