RİTN rəqəmli yayıma keçidi təmin etmək üçün aztəminatlı ailələrlə bağlı Nazirlər Kabinetinə təkliflərini göndərəcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biri ölkə üzrə rəqəmli radio-televiziya yayımına keçidi tam təmin etməkdir.
Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, eyni zamanda məqsəd yalnız bir sosial paket deyil, buraya əlavə paketlərin də daxil olmasını təmin etməkdir.
Bu prosesin prioritet olduğunu deyən Ə.Abbasov rəqəmli yayım növünə keçid üçün DVB-T qəbuledicilərinin və çevirici qurğuların alınması məsələsinə də toxunub: "İkinci mərhələdə qurğuların əhali tərəfindən alınması, onlara yayılması nəzərdə tutulur. Hələlik bu, mağazalarda satılır. Biz payız aylarına qədər gözləyəcəyik.
Aztəminatlı ailələrin qurğuların əldə edilməsi ilə bağlı problemləri olarsa, RİTN bununla bağlı təklifləri yenidən hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək. Analoq televiziyası tam dayandırıldığı zaman istənilən Azərbaycan vətəndaşının ya öz xərcləri hesabına, yaxud da dövlət tərəfindən himayə edilən sosial qrupa daxildirsə, dövlətin maliyyələşdirməsi hesabına rəqəmli radio-televiziya yayım mühitinə keçidi təmin olunacaq".
Qeyd edək ki, "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"na əsasən, ikinci mərhələ 2013-cü ili əhatə edəcək. Bu mərhələdə digər güclü radio-televiziya stansiyalarında optimal yayımın tələblərini təmin etməklə iki, üç və daha artıq paketdən (hər birində 8-12 proqram) ibarət rəqəmli televiziya vericilərinin quraşdırılması nəzərdə tutulur. Təşkil ediləcək paketlərə dövlət, ictimai, özəl və regional televiziya proqramları ilə yanaşı, əhalinin marağına səbəb olan digər televiziya proqramları da daxil edilə bilər. Mərhələnin sonunda ölkə ərazisi əsasən rəqəmli televiziya yayımı ilə təmin olunacaq.
Eyni zamanda, respublika ərazisində fəaliyyət göstərən analoq RRX şəbəkəsi rəqəmli şəbəkəyə keçirilməklə yanaşı, əlavə tələb olunan stansiyalar arasında proqramların rəqəmli ötürülməsi təmin olunacaq. Nəticədə bütün proqramların eyni nöqtədən idarə olunması, keyfiyyətin daha da artırılması və peyk üzərindən ötürülməyə alternativliyin yaradılması təmin ediləcək.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL