waplog

Şagirdlərə mobil telefon və internet asılılığının fəsadları barədə məlumat verilib


Bu gün Bakının 43 saylı məktəb-liseyində müəllim, şagird və valideynlərin iştirakı ilə mobil telefon və internet asılılığının yeniyetmələrə vurduğu ziyanlarla bağlı «dəyirmi masa» keçirilib.

Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri İctimai Birliyinin (RİTMİB) təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan tədbirdə mobil telefonların ziyanlarından qorunma yolları şagirdlərə izah olunub.

Liseyin direktoru Qafar Hüseynov bildirib ki, hazırkı informasiya-kommunikasiya texnologiyaları hər bir insanın ayrılmaz aksesuarına çevrilib. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da yaşından asılı olmayaraq hər kəsin mobil telefondan istifadə etdiyini vurğulayan direktor şagirdlərlə bağlı bu istiqamətdə təbliğat işlərinin aparılmasını yüksək qiymətləndirib.

Azərbaycan Prezidenti tərəfindən 2013-cü ilin «İKT ili» elan edilməsini önə çəkən Q.Hüseynov sözügedən tədbirin də bu çərçivədə reallaşdığını söyləyib. RİTMİB sədri Sirus Abbasbəyli mobil telefonların azyaşlılara vurduğu ziyanlardan danışaraq bildirib ki, şagirdlər maksimum dərəcədə ondan az istifadə etməyə çalışmalıdır. Onun sözlərinə görə, mikrodalğalı maqnit şüaları insan orqanizminə olduqca mənfi təsir göstərir. Birlik sədri qeyd edib ki, bu təsirlər uşaq və yeniyetmələrə daha böyük zərərlər verir. Uzun müddət mobil telefonla danışıldığı zaman qulaqların və eləcə də beyin hüceyrələrinin qızmasının baş verdiyini və nəticədə baş ağrılarının yarandığını önə çəkən S.Abbasbəyli deyib ki, hər bir valideyn öz övladının sağlamlığına böyük diqqət etməlidir:

«Mobil telefonların təsirləri uşaqlarda daha tez büruzə verir, onların sağlamlığında dəyişikliklər yaranmasına səbəb ola bilir. Kompüter və internet asılılığı isə daha böyük fəsadlar törədə bilir. İnternet asılılığı uşaqları ətrafdan, cəmiyyətdən uzaqlaşdırır, özünəqapanmanı, depressiya hallarını artırır». Tibb elmləri doktoru, professor Afər Əfəndiyev şagirdləri yalnız ehtiyac duyulduğu halda mobil telefonlardan istifadə etməyə çağıraraq bildirib ki, telefonla çox danışıldığı halda uşaqlarda diqqətin zəifliyi, yaddaşın zəifləməsi, qulaq sinirinin şişi kimi fəsadlar əmələ gəlir:

«Araşdırmalara görə, 3-16 yaş arasında olan uşaqlar əgər bir il ərzində hər gün 2-3 dəqiqə mobil telefonla danışarsa, onlarda böyük qüsurlar, problemlər, xəstəliklər əmələ gəlir. Bura baş ağrıları, stresə qarşı az davamlılıq, zehni qabiliyyətin azalması, yorğunluq, yuxusuzluq və sair daxildir. Bundan başqa mütəmadi olaraq mobil telefonlarla danışan uşaqlarda əllərin əsməsi, ürək, qan-damar və cinsiyyət orqanlarının xəstəlikləri müşahidə olunur».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL