E-ticarət zamanı alınan mallara görə kartdan pul silinməyəndə nə etməli?
Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşadığımız üçün artıq hər bir işimiz də daha rahat və tez bir şəkildə həll olunur.
Azərbaycanda internetin keyfiyyətinin yaxşılaşdırılması və qiymətinin aşağı salınması ölkədə elektron ticarətin genişlənməsinə imkan yaradıb. İstənilən əmtəəni almaq üçün günlərlə dükanları gəzməkdənsə, hətta bir saat ərzində belə hər bir mal haqqında internetdən məlumat əldə edib, bəyənib sifariş vermək mümkündür.
Üstəlik, e-ticarət vasitəsi ilə alınan mal birbaşa sifarişçinin evinə qədər gəlib çıxır. Ona görə də dünyada olduğu kimi, Azərbaycanda da e-ticarətin həcmi durmadan artır.
Elə bu səbəbdəndir ki, hazırda ölkəmizdə yüzlərlə müxtəlif sahələri əhatə edən onlayn mağazalar fəaliyyət göstərir. Bu e-dükanlara avtomobil hissələrindən tutmuş, geyim və qidaya qədər olan çox geniş sfera daxildir. Qeyd edək ki, bütün dünya üzrə bir neçə tanınmış e-dükanlar fəaliyyət göstərir. Onlardan «ebay.com» və «amazon.com»-u misal çəkmək olar. Sözügedən e-mağazalardan Azərbaycanda da istifadə edənlərin sayı artmaqdadır.
Onlayn alış-verişi necə etməli?
Azərbaycanda elektron ticarətin həcminin ötən illərdəkinə nisbətən artmasına baxmayaraq hələ də onun səviyyəsi istənilən həddə deyil. Bir çox ekspertlər bunu insanların e-ticarətdən istifadə qaydaları haqqında məlumatlarının az olması ilə izah edirlər. Ona görə də ilk öncə bildirək ki, onlayn alış-veriş etmək üçün kredit və ya debet kart olmalıdır. Lakin kart əldə olunduğu təqdirdə belə çox diqqətli olmaq lazımdır.
Çünki ani diqqətsizlik edilərsə, e-ticarət istifadəçiləri bir neçə problemlərlə qarşılaşa bilərlər. Mümkündür ki, istifadəçi kredit kartı vasitəsilə onlayn ödəniş etdiyi zaman sifariş verdiyi malı artıq alsın, lakin onun kredit kartından pul silinməsin.
Bu situasiya necə baş verə bilər?
«Banker.az»ın ekspertləri bu suala cavab verərək bildirirlər ki, kartdan pul silinməsə, yəni ödəniş edilməsə, sifarişiniz çatdırıla bilməz. Burada bir neçə nüans baş verə bilər: «Yanlışlıqla başqa kartınızın kodunu daxil etmisiniz, yəni ödəniş sizin digər kartınızdan olunub. Ödəniş sizin kartınızdan yox, kodu səhv daxil etdiyiniz üçün başqa şəxsin kartından olunub.
Misal olaraq, sizin iki "Visa" plastik kartınız var və bu plastik kartların kodları, demək olar ki, eynidir. Sadəcə, kartlarınızın kodu 1 nömrə ilə fərqlənir. Siz də ödəniş etdiyiniz zaman ola bilər ki, kartınızın kodunu daxil etdikdə, yanlışlıqla digər bir plastik kartınızdan pulunuz silinib. Belə bir hadisə də baş verə bilər ki, siz ödəniş etdiyiniz zaman kartınızın kodunu daxil etdiyiniz zaman səhvə yol verərək kodu yanlış daxil edəsiniz və bu zaman sizin belə tanımadığınız başqa şəxsin kodunu daxil etmisiniz və həmin kredit sizin deyil, həmin şəxsin plastik kartından pul silinib. Bu zaman isə ödənişi siz yox, həmin şəxs etmiş olub.
Lakin həmin şəxs bununla bağlı banka müraciət etdikdə hər şey aydın olacaq. Belə ki, sizin kartınızdan ödəniş etməli olduğunuz məbləğ silinəcək və həmin şəxsin pulu geri qaytarılacaq». Buna görə də ekspertlər bildirir ki, onlayn alış-veriş edərkən son dərəcə diqqətli olmaq lazımdır.
Çünki internetdə bir sıra etibarsız onlayn mağazalar var ki, onlardan onlayn sifariş edilsə belə alınan mal ünvana çatdırılmaz və bundan sonra istifadəçi heç nə edə bilməz. Məlumat üçün bildirək ki, Azərbaycanda "Elektron ticarət haqqında" qanun 2005-ci ildə qəbul olunub. Lakin internet üzərindən ödəmə sistemi mümkün olmadığından, Azərbaycanda bu sahədə ilk addımlar 2008-ci ildə atılıb. Elektron ticarətin inkişafı "Elektron hökumət" Dövlət Proqramının da prioritetlərindən biri hesab olunur.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL