waplog

İlin sonuna kimi AMEA-nın bütün institut və təşkilatlarının lokal şəbəkələri “AzScienceNet”-ə qoşulacaq


Cari ilin sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bütün institut və təşkilatlarının lokal kompüter şəbəkələrinin fiber-optik kabel vasitəsilə "AzScienceNet" Elm-Kompüter Şəbəkəsinin (EKŞ) qovşağına qoşulması nəzərdə tutulur.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov məlumat verib. Onun sözlərinə görə, görülən işlər müvafiq qurumların gələcək fəaliyyətinin daha səmərəli təşkilinə, institutların alim və mütəxəssislərinin Avropa elmi mühitinə inteqrasiya olunmasına, həmçinin dünyanın tanınmış beynəlxalq elmi bazalarından geniş istifadəsinə imkan yaradacaq.

İnstitutdan bildirilib ki, bu yaxınlarda AMEA Kimya Problemləri İnstitutunun da lokal kompüter şəbəkəsinin infrastrukturu yenidən qurularaq, fiber-optik kabel vasitəsilə "AzScienceNet" EKŞ-nin qovşağına qoşulub. Bununla da Kimya Problemləri İnstitutu əməkdaşları "AzScienceNet"-in resurs və xidmətlərindən tam istifadə və yüksəksürətli internetə çıxış imkanı ilə təmin olunublar.

Qeyd edək ki, "Azərbaycan Respublikasında 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"ndan (Elektron Azərbaycan) irəli gələn tapşırıqları icra etmək məqsədilə AMEA Korporativ şəbəkəsinin əsasında "AzScienceNet" EKŞ yaradılmasına başlanılıb.

"AzScienceNet" EKŞ respublikada formalaşan "Elektron Azərbaycan"ın bir seqmenti olan elektron elmin şəbəkə platforması və infrastrukturudur. EKŞ-nin "İstifadəçi və Təhlükəsizlik siyasətləri" işlənilib, eyni zamanda "AzScienceNet"-in keyfiyyət göstəricilərinə və informasiya təhlükəsizliyinin təmin olunma səviyyəsinə operativ nəzarəti həyata keçirmək üçün "Şəbəkə monitorinqi və informasiya təhlükəsizliyi xidməti" yaradılıb.

Həmçinin EKŞ-də baş verə biləcək informasiya təhlükəsizliyi insidentlərinə operativ reaksiya verilməsi, bu insidentlər haqqında məlumatların toplanması, elmi-analitik araşdırmaların aparılması, müvafiq beynəlxalq qurumlarla qarşılıqlı əlaqələrin yaradılması məqsədilə AZ-CERT qurumu yaradılıb və "AzScienceNet"-də mərkəzləşdirilmiş antispam və antivirus servisləri təşkil olunub.

"AzScienceNet" EKŞ eyni zamanda AMEA İTİ tərəfindən aparılan müvafiq elmi tədqiqat işləri və ölkə üzrə şəbəkə texnologiyaları sahəsində mütəxəssis hazırlanması üçün eksperimental baza rolunu oynayır.

UNESCO-nun Xüsusi komissiyasının tövsiyəsi ilə "AzScienceNet" EKŞ AMEA-nın üzvlüyü çərçivəsində TERENA-da qeydiyyata alınıb. EKŞ-nin istismarı, idarə olunması və inkişafı AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilir.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL