Mərkəzi Elmi Kitabxanada Heydər Əliyev irsinin təbliği ilə bağlı elektron kataloq yaradılıb
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) elmi fəaliyyətinin əsas istiqamətlərindən biri Heydər Əliyev irsinin tədqiqi və təbliğidir. Bu məqsədlə MEK-də 2003-cü ildə "Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası" yaradılıb.
Bu kitabxananın illər ərzində elmi fəaliyyəti genişlənib, fondunun həcmi artıb, xidmət səviyyəsi yüksəlib, nəticədə "Heydər Əliyev irsinin təbliği" şöbəsi təşkil edilib. Şöbədə ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasəti, titanik fəaliyyəti, bənzərsiz və yenilməz diplomatiyası, dövlət quruculuğu, iqtisadi, sosial-siyasi və mədəni sahələrdə əsaslı islahatlarını əks etdirən ədəbiyyat toplanıb.
Həmin ədəbiyyatın elektron kataloqu yaradılıb ki, bu da internet vasitəsilə ulu öndərin irsinin təbliğinə təkan verir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz xanım Əliyeva-Kəngərli qeyd edib ki, şöbənin fəaliyyəti Heydər Əliyevin zəngin irsini tədqiq edən alimlərə, Azərbaycanın tərəqqisində onun xidmətlərini öyrənən mütəxəssislərə, eləcə də, gənc nəslin formalaşmasına xidmət edir:
"Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Heydər Əliyevin yubileyi ilə əlaqədar qəbul etdiyi qərara əsasən, AMEA-nın Mərkəzi Elmi Kitabxanasına dövlət strukturlarında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş səyyar sərgilərin keçirilməsi də tapşırılıb. MEK aprel ayından başlayaraq "Heydər Əliyev irsi və onun tədqiqi" mövzusunda bir sıra dövlət strukturlarında, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Vergilər Nazirliyi, Nəqliyyat Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və s. silsilə sərgilər keçirib.
Təqdim olunan sərgilərdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, onun respublikanın sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində apardığı ardıcıl, məqsədyönlü siyasəti, elm, təhsil, mədəniyyət sahəsindəki xidmətlərini əks etdirən 1000-ə yaxın ədəbiyyat ayrı-ayrı bölmələrdə nümayiş etdirilib.
Sərgilərdə ümummilli liderimizin ideya-siyasi və fəlsəfi konsepsiyasını uğurla davam etdirən və ölkəmizin qüdrətli gələcəyinə işıq salan prezident İlham Əliyevin fəaliyyətini əks etdirən ədəbiyyat "Heydər Əliyev siyasətinin layiqli davamçısı" adlı xüsusi bölmə də təqdim edilib. Eyni zamanda sərgilərdə dahi şəxsiyyətə həsr olunmuş fotoşəkillər, videomateriallar, film də nümayiş etdirilib".
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL