waplog

“Yeni Fikir Müsabiqəsi”nin final mərhələsi yaxınlaşır


“Yeni Fikir Müsabiqəsi” (YFM) üzrə Biznes Planların təqdim olunması üçün son tarix bu gün yekunlaşır. Qafqaz Universiteti Texnoparkı (QUTechnopark), İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi (İKTETM), Sahibkarlığın İnkişafi və Tədqiqatları Mərkəzi, “İEEE” Azərbaycan Kompüter şöbəsinin təşkilatçılığı ilə keçirilən müsabiqənin final mərhələsində təqdimatlar mayın 25-də “QUTechnopark” İnkubasiya Mərkəzində keçiriləcək.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Qafqaz Universitetindən bildirilib ki, hər bir layihənin təqdimatı üçün 12 dəqiqə vaxt ayrılıb: “Münsiflər heyətinin üzvləri tamamilə iş dünyasından olmaqla, dövlət və özəl sektorda tanınmış şəxslərdir. Hər bir Layihə qrupuna ayrılmış zaman elan ediləcək”. Qeyd edək ki, müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək, gənclər arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsidir.

Bu sahələrə başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. daxildir. Universitetdən bildirilib ki, YFM-ə indiyədək 150 komanda tərəfindən yeni iş fikri ilə müraciət edilib ki, onlardan da 85-i layihələşdirilərək qeydiyyatdan keçib. Müsabiqənin gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri 2-ci mərhələyə vəsiqə qazanıb.

Müsabiqədə 2-ci mərhələ 19-20 aprel tarixlərində yeni iş fikri müəlliflərinin münsiflər heyəti qarşısında təqdimatları həyata keçirilib və 19 yeni iş fikri finala vəsiqə qazanıb. YFM-nin ümumi gedişində hər zaman gənclərə müxtəlif təyinatlı görüşlər vasitəsilə yeni ideyaların formalaşdırılması və inkişaf etdirilməsi, eləcə də iş fikirlərinin biznesə çevrilməsinin təmin olunması yolları haqqında təlim və seminarlar verilib. Finala vəsiqə qazanan yeni iş fikri qruplarına isə xüsusi yanaşaraq, “QUTexnopark” İnkubasiya Mərkəzində 26-27 aprel tarixlərində tanınmış təlimçilər tərəfindən seminarlar verilib:

“YFM-də finala vəsiqə qazananlar hazırda yeni iş fikirlərini təkmilləşdirməkdə davam edirlər. Bu məqsədlə həmin iş fikirlərinin gerçəkləşdirilməsi və ideya müəllifi gənclərin həyata olan innovativ baxışlarının inkişaf etdirilməsi üçün “QUTexnopark” tərəfindən finalçılara informasiya dəstəyi ilə yanaşı, mentorluq dəstəyi də təmin edilir. YFM-in nəticələrinə əsasən, 5 ən yaxşı iş fikrinin müəllifi “QUTexnopark” İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin ediləcək. Ən yaxşı 3 iş fikrinin müəllifi isə bununla yanaşı, Türkiyənin qabaqcıl universitetlərindən olan ODTU, İstanbul Texniki Universiteti, Yıldız Texniki Universitetinin texnoparklarında da 1 aylıq ofis imkanı əldə edərək bu texnoparkların ekosistemindən istifadə edə biləcəklər”.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL