Bakıda “Azərbaycan 2020: elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi” mövzusunda beynəlxalq treninq keçirilir
Bakıda Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı və maliyyə dəstəyi, Ukrayna Milli Texniki Universiteti – "Kiyev Politexnik İnstitutu"nun həmtəşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Azərbaycan 2020: elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi" mövzusunda beynəlxalq seminar-treninq öz işinə başlayıb.
Treninq çərçivəsində "Qrant layihələrinin idarə olunmasının hüquqi aspektləri" istiqamətində də seminar keçiriləcək. Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, AMEA-nın, Rabitə və İnformasiya Texnologiyaları, Ədliyyə, Vergilər, Maliyyə nazirliklərinin, Müəllif Hüquqları Agentliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirdə ilk öncə ümummilli lider Heydər Əliyevin ömür yolunu əks etdirən film göstərilib.
Daha sonra Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, "Elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması və texnologiyaların transferi" üzrə treninq isə bu istiqamətdə beynəlxalq təcrübə, intellektual (əqli) mülkiyyət, innovasiyalar kimi məsələləri əhatə edəcək. Onun sözlərinə görə, treninqdə AMEA, sahə elmi-tədqiqat institutlarının, universitetlərin və digər əlaqəli qurumlardan olan alim və mütəxəssislərin nümayəndələri iştirak edir və bu treninq də ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanıb.
E.Babayev deyib ki, treninqdə iştirak edən şəxslərə beynəlxalq sertifikat təqdim olunacaq. Seminarlar yüksək ixtisaslı ukraynalı mütəxəssislər tərəfindən rus dilində keçiriləcək:
«Beynəlxalq seminar-treninq "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının elmin inkişafı sahəsində müəyyənləşdirildiyi vəzifələrin həyata keçirilməsi sahəsində atılmış addımlardan biri sayıla bilər və elmi nəticələrin kommersiyalaşdırılması və innovasiya fəaliyyətinin gücləndirilməsi üzrə mütəxəssislərin hazırlanması istiqamətində əhəmiyyət kəsb edir. İnkişaf konsepsiyasında böyük məsələlər əks olunub. Burada İKT-nin sürətli inkişafından tutmuş, elmi nəticələrin tətbiqinə və sairə qədər əks olunub. Konsepsiyanın maddələrinin həyata keçirilməsi üçün də mütəxəssislərə ehtiyac var. Ona görə də bu kimi treninqlər keçirilir ki, mütəxəssislər hazırlansın və qarşıya qoyulan məqsədlərə daha tez çatmaqda bizə yardımçı olsun. Qeyd edim ki, treninq 2 gün keçiriləcək».
Sonra Ukrayna Milli Texniki Universiteti – «Kiyev Politexnik Universiteti» Təhsil metodiki kompleksinin direktoru İnna Malyukova Ukraynanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nəticələrdən, eləcə də bu ölkənin İT universitetlərinin fəaliyyətindən söz açıb. Onun sözlərinə görə, Ukraynada informasiya-kommunikasiya texnologiyaları sahəsində təhsil alan tələbələr sonra da yüksək peşəkarlıq qabiliyyətləri ilə seçilirlər və təkcə Ukrayna və region ölkələrində deyil, eyni zamanda dünyanın bir çox dövlətlərində fəaliyyət göstərirlər. Hər il yüzlərlə, minlərlə tələbənin Ukraynada İT sahəsi üzrə təhsil aldığını önə çəkən İ.Malyukova bu istiqamətdə digər ölkələrə də yardım etməyə hazır olduqlarını qeyd edib.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov isə qeyd edib ki, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Konsepsiya istiqamətində dövlət tərəfindən bir çox işlərin görüldüyünü qeyd edən K.İmanov əlavə edib ki, hazırkı dünya iqtisadiyyatında əqli mülkiyyətlərin xüsusi rolu var:
«O ölkələrin iqtisadiyyatı geniş şəkildə inkişaf edir ki, orada insan kapitalına böyük önəm verilir. Bu gün bütün dünya iqtisadi proseslərdə insan kapitalından səmərəli formada inkişaf edir. Azərbaycan da bu istiqamətdə geniş işlər görməkdədir. İnsan kapitalında ən önəmli məsələlərdən biri də intellektual məsələlərdir. Bizim agentlik də intellektual məhsulların müəllif hüquqlarını qoruyur. Bu da digər sahələrdə olduğu kimi, İT sferasında da inkişafın daha da sürətlənməsinə geniş zəmin yaradır».
Çıxışlardan sonra treninq öz işini davam etdirib.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL