waplog

Elektron ödənişlər infrastrukturunun daha da inkişaf etdirilməsi ilə bağlı kampaniya başlayır


Mərkəzi Bankının (MB) dəstəyi ilə “Visa İnc.” Beynəlxalq Kart Təşkilatı tərəfindən ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi, ödəniş kart sahibləri tərəfindən nağdsız ödənişlərin aparılmasının stimullaşdırması məqsədilə təşkil olunan “Həyat Visa ilə rahatdır” milli marketinq kampaniyasının təqdimat mərasimi keçirilib.

Tədbirdə Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev qeyd edib ki, hər zaman olduğu kimi, öz mandatına uyğun olaraq, ölkədə nağdsız ödənişlərin həcminin artırılmasını özünün prioritet sahələrindən biri hesab edən MB bu istiqamətdə davamlı olaraq müxtəlif tədbirlər həyata keçirir. O, yaradılmış geniş infrastruktur imkanlar barədə məlumatı diqqətə çatdırmaqla nağdsız ödənişlərin kütləviləşdirilməsində əhalinin mühüm əhəmiyyət kəsb etdiyini və məhz bu səbəbdən Mərkəzi Bankın ev təsərrüfatı və biznes icmasının maliyyə savadlılığının artırılmasına xüsusi diqqət ayırdığını vurğulayıb:

“Ölkə başcısı tərəfindən ölkədə nağdsız hesablaşmaların həcmini artırmaqla və əhatə dairəsini genişləndirməklə göstəricilərin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması istiqamətində aidiyyəti dövlət qurumlarına bir sıra tapşırıqlar verilib. Tapşırıqların icrası istiqamətində görülmüş işlərə gəlincə, artıq nağdsız ödənişlərin inkişafının stimullaşdırılması, nağdsız ödənişlər üzrə infrastrukturun genişləndirilməsi və hüquqi bazanın möhkəmləndirilməsi üzrə kompleks tədbirlər paketi hazırlanaraq hökumətə təqdim edilib. “E-hökumət” quruculuğu çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiyası, habelə elektron ödəniş xidmətlərindən istfadənin artırılması istiqamətində görülən tədbirlər çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı” vergi, rüsum, icarə haqqı, inzibati cərimələr və digər büdcə ödənişləri üzrə vahid ödəniş platformasına çevrilməkdədir”.

Beynəlxalq kart təşkilatları ilə birgə reallaşdırılmış layihələr haqqında da məlumat verən A.Quliyev qeyd edib ki, görüləcək kompleks tədbirlər qısa müddət ərzində ölkənin nağdsız hesablaşmalar üzrə göstəricilərinin yüksək səviyyəyə çatdırılmasına imkan verəcək.

“Visa İnc.” Beynəlxalq Kart Təşkilatının MDB və Cənub-Şərqi Avropa üzrə baş meneceri Katarjina Sosin təmsil etdiyi təşkilatın Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlığını yüksək qiymətləndirərək vurğulayıb ki, Mərkəzi Bankın nağdsız ödənişlərin inkişafına yönəlmiş davamlı və düşünülmüş siyasəti ölkə iqtisadiyyatında nağdsız ödənişlərin həcminin artırılmasına və elektron ödənişlər infrastrukturunun daha da inkişaf etdirilməsinə, nəticə etibarilə daha çox azərbaycanlının rahat, müasir və təhlükəsiz ödəniş vasitələrinə çıxışına zəmin yaradıb.

“Azərbaycanda “Visa İnc.” Beynəlxalq Kart Təşkilatının indiyədək keçirdiyi promo kampaniyaların mövcud nəticələri bu ölkədə nağdsız ödənişlərə yüksək marağın olduğunu göstərir. Biz tamamilə əminik ki, “Həyat Visa ilə rahatdır” kampaniyası da uğurlu olacaq”.

Qeyd edək ki, Milli marketinq kampaniyası çərçivəsində “Visa” brendli ödəniş kartı sahiblərinə seçilmiş təsərrüfat subyektlərində nağdsız ödənişlərin aparılması zamanı endirimlər təklif olunacaq. Bu kampaniya bankların ödəniş kartları portfelinin genişləndirilməsini və kart sahibləri tərəfindən nağdsız ödənişlərin aparılmasını stimullaşdıracaq. “Həyat Visa ilə rahatdır” devizi altında keçirilən kampaniya mayın 31-nə qədər davam edəcək.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL