waplog

Azərbaycanda bank kartlarının köməyi ilə həyata keçirilən ödənişlər əlavə dəyər vergisindən azad edilə bilər


"Azərbaycanda bank kartlarının köməyi ilə həyata keçirilən ödənişlər əlavə dəyər vergisindən (ƏDV) azad edilə bilər". Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Alim Quliyev deyib. Azərbaycanda ƏDV-nin faiz dərəcəsi 18 faiz təşkil edir.

Onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə AMB müvafiq nazirlik və dövlət strukturları ilə ölkədə nağdsız hesablaşmaların payının artırılmasına yönəlmiş təkliflər paketini hazırlayıb: "Bu məsələ hazırda ən aktual məsələlərdən biridir.

Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, Azərbaycanda nağdsız ödənişlərin inkişafına yönəlmiş təkliflər paketini hazırlamışıq. İlk növbədə, bu təkliflər nağdsız hesablaşmaların daha fəal istifadəsinin stimullaşdırılmasına istiqamətlənib. Onlar müxtəlif vergi zəifləmələrini, müvafiq infrastrukturun inkişafı üzrə tədbirləri, o cümlədən regionlardakommunikasiya infrastrukturlarını nəzərdə tutur. Xüsusilə, elektron ödənişlərin ƏDV-dən azad edilməsi gözlənilir".

Bundan başqa, təkliflərdə internet vasitəsi ilə həyata keçirilən və elektron formada ödənilən satınalmaların bəzi növlərinin gömrük yığımlarından azad edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, AMB nağdsız hesablaşmaların payının artırılmasına yönəlmiş müxtəlif tədbirlər qəbul edir.

"Azərbaycanda nağdsız ödənişlərin xüsusi çəkisi hələ də yüksək deyil və ödənişlərin ümumi sayının 6-7 faizini təşkil edir. Nağd ödənişlər hələ də çoxluq təşkil edir və buna bir çox amillər təsir edir. Vergidən yayınma, kölgə iqtisadiyyatı ümumilikdə nağd ödənişlərə əsaslanır. Əhalinin elektron ödənişlər barədə zəif məlumatlandırılması da öz rolunu oynayır. Tərəfimizdən hazırlanan təkliflər paketi və ikinci dövlət proqramı layihəsinin əsas məqsədi bu amillərin aradan qaldırılması və müvafiq infrastruktrun inkişaf etdirilməsidir ki, bu da yekunda Azərbaycanda nağdsız ödənişlərin xüsusi çəkisinin beynəlxalq səviyyəyə çatdırılmasına gətirib çıxaracaq".

O qeyd edib ki, bu istiqamətin inkişafına dair fəaliyyət çərçivəsində böyük iş görülüb. Beş prosessinq mərkəzi fəaliyyət göstərir, yeni ödəniş sistemləri tətbiq edilir:

"Biz "Azərpoçt" milli poçt operatorunun 800-dən artıq filialında müxtəlif ödənişləri həyata keçirmək üçün imkan yaratdıq. Tərəfimizdən "Dövlət ödənişləri portalı" işə salınıb və daha əvvəl orada yalnız kommunal xidmətlərə görə ödənişlər etmək mümkün idisə, hazırda fiziki və hüquqi şəxslər portalın köməyi ilə demək olar ki, bütün dövlət ödənişlərini həyata keçirə bilərlər. Biz bu portalın imkanlarının genişləndirilməsi üçün nazirliklər və digər strukturlar ilə iş aparmışıq və bunu davam etdirəcəyik".

Onun sözlərinə görə, hazırda elektron ödənişlər barədə qanun layihəsi hazırlanır. Bu məqsədlə qanun layihəsi üzərində işi başa çatdıran işçi qrupu formalaşdırılıb: "Güman edirik ki, Milli Məclisin payız sessiyasında bu məsələyə baxılacaq".

Onun sözlərinə görə, eyni zamanda təkliflər paketində beynəlxalq praktikaya əsaslanmış normativ-hüquqi bazanın konkretləşdirilməsi üzrə təkliflər də var:

"Paket nağdsız ödənişlərin inkişafı və stimullaşdırılması üzrə inzibati tədbirləri, həmçinin müəyyən sahələrdə hesablaşmalar zamanı nağd pulların istifadəsi ilə bağlı məhdudiyyəti nəzərdə tutur. Bu, beynəlxalq praktikada geniş yayılıb. Biz MDB, Fransa və ABŞ kimi ölkələrin təcrübəsinə söykənirik. Həmin ölkələrdə təsərrüfat subyektləri arasında nağd ödənişlərə məhdudiyyət tətbiq olunur. Biz də oxşar məhdudiyyəti nəzərdə tuturuq. Paketdə yalnız nağdsız formada aparılmalı olan bəzi hesablaşma növləri əks olunub".

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL