waplog

Azərbaycanda milli istinad indeksi yaradılır


Elçin Babayev: «Fondumuz RİTN ilə birlikdə informasiya texnologiyaları sahəsində xüsusi məqsədli qrand müsabiqəsi keçirəcək»

«İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi kimi ümdə məsələlər konsepsiyamızda əks olunub. Konsepsiyada onun özəyini də məhz elmi tərəflərinin inkişafı məsələləri təşkil edir».

Bu fikirləri Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev "ICTnews" elektron xəbər xidmətinə verdiyi müsahibəsində söyləyib. Fondun direktoru bildirib ki, bütün bu vəzifələri həyata keçirmək üçün isə yüksək ixtisaslı kadrlara, peşəkarlara ehtiyac duyulur. Onların hazırlanması istiqamətində ölkədə bir sıra işlərin aparıldığını vurğulayan E.Babayev bildirib ki, bu istiqamətdə fond həm maliyyə dəstəyi göstərir, həm də müəyyən işlər görür:

- Kadrların hazırlanmasının bir yolu da tanınmış mütəxəssislərin ölkəyə dəvət olunması və ölkədə bu sahə üzrə aparıcı qurumların iştirakı ilə yüksəksəviyyəli mütəxəssislərin treninqlərinin keçirilməsi və yerli kadrların hazırlanmasıdır. Bu yol effektiv yollardan biri hesab oluna bilər. Biz Ukrayna Milli Texniki Universitetindən Avropa səviyyəsində tanınmış mütəxəssisləri dəvət etmişik və onların iştirakı ilə genişmiqyaslı treninqlər keçirilib. Treninqlərdə məhz elmi nəticələrin kommersiyalaşdırılması və texnologiyaların transferi üzrə bir sıra mühazirələr oxunub. Eləcə də treninqlərdə iştirak edənlərə beynəlxalq səviyyəli sertifikatlar verilib. Digər tərəfdən də elmin qrantlar yolu ilə də maliyyələşdirilməsinin hüquqi aspektləri də müzakirə olunub. Burada bir sıra məsələlər var.

Onların sırasında elmin qrantlar yolu ilə maliyyələşdirilməsinin xüsusiyyətləri, vergi və rüsumlara cəlb olunması məsələsi, qrant layihələrinin, əqli mülkiyyət hüquqlarının qorunması, eyni zamanda onların hüquqi qeydiyyatı kimi məsələlər də müzakirə olunub. Təbiidir ki, bu cür treninqlər müntəzəm olaraq keçirilməlidir. Artıq bu məqsədlə Ukrayna Milli Texniki Universiteti və Elmin İnkişafı Fondu arasında memorandum imzalanıb. Bunun əsasında texniki dəstəyin müntəzəm olaraq Azərbaycanda keçirilməsi məsələsini təmin etmiş olmuşuq.

- Fond alimlərimizin dünyaya inteqrasiyası və elmi nəticələrin tətbiqi istiqamətində hansı işləri görür?

- Artıq bizim təcrübəmizdə azərbaycanlı alimlərin öz elmi nəticələrinin düzgün tərtib olunması, məqalələr şəklində Avropanın aparıcı jurnallarına göndərilməsinə kömək məqsədi ilə xüsusi treninqlərə başlamışıq. Dünyanın məşhur nəşriyyat şirkətinin nümayəndələrinin Bakıda bizim alimlər üçün treninqini də həyata keçirmişik.

Hazırda növbə daha bir tanınmış nəşriyyatındır. Hesab edirik ki, il ərzində bu treninqlərin də bir neçə dəfə keçirilməsinə ehtiyac var. Hətta lazım gələrsə, Gəncə və Naxçıvan kimi regionlarda da treninqlərin təşkilini həyata keçirə bilərik. Bizim qarşımıza qoyulan məsələ və vəzifələrdən biri də Azərbaycanda alınmış elmi nəticələrin dünya miqyasında tanıdılmasıdır. Həmçinin azərbaycanlı alimlərin ölkədən kənarda keçirilən nüfuzlu tədbirlərdə, konfranslarda, seminarlarda iştirakını, onların təcrübə keçməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə də cari ildən mobillik qrant müsabiqəsini elan etmişik. Artıq birinci müsabiqə uğurla başa çatıb. İkinci müsabiqənin də elanı verilib. Təcrübə göstərir ki, bu, çox effektli yollardan biridir.

Azərbaycanda alınmış elmi nəticələr dünya miqyasına çıxmalıdır, nüfuzlu jurnallarda nəşr olunmalıdır ki, onlara istinadların sayı da artmış olsun. Bundan başqa Elmin İnkişafı Fondu xüsusi məqsədli qrant layihə müsabiqələri də elan edir.

Biz 10 may tarixində 2-ci Şuşa qrant müsabiqəsini elan etdik. Birinci Şuşa qrantı 2012-ci il 8 may tarixində təsis olundu və 4 layihə uğurla yerinə yetirilir. Onlar müxtəlif səpkilərdədir. Onlardan ikisi xarici dövlətləri təmsil edən alimlərlə birlikdə həyata keçirilir. Qarabağ elitası ilə bağlı iş Almaniya Universiteti ilə birlikdə yerinə yetirilir. Bu layihələrin sırasında Şuşa şəhərinin 3D ölçülü vəziyyətinin kosmik şəkillər vasitəsilə qiymətləndirilməsini qeyd etmək istəyirəm. Onun vasitəsilə Şuşa şəhərinin münaqişədən əvvəlki dövrü (Sovet İttifaqı zamanındakı dövrü), münaqişə dövrü və eləcə də indiki dövrü müqayisə ediləcək, əlimizdə böyük bir material toplanılacaq və onu nəşr edib dünyaya yaymağa nail olacağıq. Başqa bir layihə isə Qarabağ geyimləri ilə bağlıdır. İkinci müsabiqəmizdə isə biz daha çox layihənin təqdim ediləcəyini gözləyirik. Hesab edirik ki, onların əhatə etdiyi elm sahələri müxtəlif olacaqdır.

Yeri gəlmişkən qeyd edim ki, Elmin İnkişafı Fondu beynəlxalq əməkdaşlığa da xüsusi önəm yetirir. Artıq biz Belarus Fondu ilə birlikdə ilk müsabiqəmizi elan etmişik. Bu müsabiqənin nəticələri yaxın günlərdə açıqlanacaq. Həmçinin bu il Koreya Elmi Tədqiqatlar Fondu ilə, Rusiyanın Fundamental Tədqiqatlar Fondu ilə əməkdaşlıq haqqında memorandum və saziş imzalamağı planlaşdırırıq.

- Elmi mərkəzlərin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi istiqamətində fond hansı addımları atır?

- Elmin İnkişafı Fondunun uğurlu işlərindən biri də pilot layihələr müsabiqəsinin keçirilməsidir. Burada məqsəd Azərbaycandakı elmi infrastrukturun, cihaz, avadanlıq, informasiya texnologiya bazasının tamamilə yenilənməsi və ən müasir parametrlərə malik, dünyanın aparıcı şirkətlərində istehsal olunmuş qurğuların alınması və quraşdırılmasıdır. Eləcə də həmin sahələrdə bu cihazlar, texnologiya ilə işləyə biləcək kadrların hazırlanmasına kömək edilməsidir. Artıq bizim bu sahədə bir neçə layihəmiz var.

Onlar Azərbaycan universitetlərində reallaşdırılıb. Bu il elan edəcəyimiz müsabiqədə hesab edirik ki, elmin digər sahələrini də pilot layihələr vasitəsilə maliyyələşdirəcəyik. Çünki Elmin İnkişafı Fondunun əsas fəaliyyəti elmi tədqiqatların qrant layihələri vasitəsilə maliyyələşdirilməsidir.

Lakin eyni zamanda ölkədə elmin inkişafına xidmət edə biləcək bir sıra tədbirləri də təşkil edirik. Bunların sırasında həmçinin gənc alimlər üçün yay məktəblərinin keçirilməsi də var. Eyni zamanda, fond tərəfindən Gəncə, Şəki, Şamaxı kimi regional mərkəzlərdə təlim-seminarlar keçiriləcək. Məqsədimiz fonda təqdim edilən layihələrin keyfiyyətini artırmaq, onların tərtibatının yaxşılaşdırılmasına kömək etməkdir.

- Fond İT texnologiyaları ilə bağlı nə qədər elmi layihələri maliyyələşdirib?

- Bizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində ənənəvi qrant müsabiqələrimizdə müəyyən sayda layihələr təqdim olunub. O layihələrdən birini AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu təqdim edib və qalib gəlib. Bu layihə çərçivəsində Azərbaycanda milli istinad indeksinin yaradılması istiqamətində konkret işlər yerinə yetirilir.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il «İKT ili» elan edilib. Bu məqsədlə Elmin İnkişafı Fondu (EİF) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə birlikdə məhz informasiya texnologiyaları sahəsində xüsusi məqsədli qrand müsabiqəsi keçirəcəyik.

Hesab edirik ki, bu cür məqsədli qrand müsabiqəsinə daxil olan layihələrin sayı daha çox olacaqdır. Müsabiqələrə digər qurumlar da qoşula bilər. Biz fəaliyyətimizdə müxtəlif qurumlarla əməkdaşlıq etməyə üstünlük veririk. Hesab edirik ki, birgə keçirilən müsabiqələrin effekti də böyük olur.

Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL