Elektron kadastr informasiya sisteminin yaradılması ilə bağlı layihə müzakirə ediləcək
Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən həyata keçirilən "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin cənab Gevin Adlingtonun rəhbərlik etdiyi Tapşırıq Qrupu Azərbaycanda səfərdədir.
Səfərin başlıca məqsədi "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin icrasındakı son vəziyyətin, layihənin yerlərdə və regionlarda təsiri və icrasının nəticələrinin, daşınmaz əmlakın qeydiyyatı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi prosesinin qiymətləndirilməsindən ibarətdir. Bu barədə məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, səfər zamanı daşınmaz əmlakın qeydiyyatı proseduralarının sadələşdirilməsi və səmərəliliyin artırılması, müasir standartlara uyğun təkmilləşdirilməsi, elektron kadastr informasiya sisteminin yaradılması ilə bağlı layihə fəaliyyətləri müzakirə ediləcək.
Eyni zamanda qeydiyyat xidmətləri, təlim-tədris planı, layihənin idarə edilməsi siyasəti, normativ-hüquqi baza, əmlak vergiləri və layihənin əhatə etdiyi digər məsələlərlə bağlı əldə olunmuş irəliləyişlər qiymətləndiriləcək. Komitədən qeyd edilib ki, Dünya Bankının Missiya heyəti Şəki və Qəbələ rayonlarına da səfər edib: "Şəkidə "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin yerlərdə təsiri və nəticələri" mövzusunda seminar keçirilib. Seminarda Dünya Bankı missiyası, Əmlak Məsələləri Dövlət Komitəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin və bələdiyyələrin rəsmiləri və KİV nümayəndələri iştirak edib. Seminarların keçirilməsində məqsəd regionlarda "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin effektini və nəticələrini araşdırmaq, eyni zamanda layihənin gələcək icrasında vəzifə və tapşırıqları nəzərə çatdırmaqdır. Seminarlar çərçivəsində layihənin icrasına başlandığı dövrdən indiyədək görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək planlarla bağlı çıxışlar və təqdimatlar olub.
Qeyd edilib ki, "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin tətbiqi nəticəsində daşınmaz əmlakın qeydiyyatı proseduraları xeyli sadələşdirilmiş, qeydiyyat prosesində səmərəlilik artmışdır. Layihənin icrası gedişində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elektron xidmətlərin tətbiqinə başlanması, elektron xidmətlər portalının yaradılması, elektron xidmətlərin sayının tədricən artırılması, daşınmaz əmlakla bağlı müraciətlərin elektron qəbulu daşınmaz əmlakın qeydiyyatı prosesini operativ və daha etibarlı edib".
Belə ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışların verilməsi 7 günə, əmlak barədə digər arayışların verilməsi isə 1 günə endirilib. Qeydiyyat idarələri üçün mövcud binalar təmir edilmiş və yeni binalar tikilib, istifadəyə verilib. Layihə çərçivəsində Qəbələ, Xaçmaz və Lənkəran Ərazi İdarələri tikilib. Bərdə və Beyləqan Ərazi İdarələrinin, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin İT Mərkəzinin tikilməsi planlaşdırılır:
"Bütün bunlarla yanaşı, "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" Azərbaycanın daşınmaz əmlak fondunun dəyərini əhəmiyyətli dərəcədə artırmaqdadır. Elektron xidmətlər portalının tətbiqi, qeydiyyat proseduralarının sadələşdirilməsi nəticəsində əmlak bazarında əməliyyat xərcləri əhəmiyyətli dərəcədə azalır. Bütün bu fəaliyyətlər və inkişaf edən beynəlxalq əməkdaşlıq əmlak idarəçiliyi və qeydiyyatı sahələrində şəffaflığı, çevikliyi və etibarlılığı daha da artıracaq, daşınmaz əmlak bazarının dinamik inkişafına təkan verəcək".
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL