waplog

Tezliklə Azərbaycanda avtomatlaşmış pensiya təyinatı tətbiq ediləcək


Respublika prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda əksini tapmış mühüm müddəalardan biri də pensiya təyinatının tam avtomatlaşdırılması yolu ilə əməliyyatların vahid mərkəzdən aparılmasına keçidin təmin olunmasıdır.

Ötən müddət ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu istiqamətdə zəruri işlər görüb, Dövlət Proqramında yer alan islahat tədbirlərini qrafikə uyğun olaraq həyata keçirib. Avtomatlaşdırılmış pensiya təyinatına keçidin mühüm həlqəsi kimi "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edilib, sosial sığortalanma 1992-ci ildən tətbiq olunsa da, vətəndaşların bütün işlədiyi dövrə sığorta kapitalının (2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat) verilməsi təmin olunub. Fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev qeyd edib ki, pensiya təyinatının avtomatlaşdırılması üçün görülən tədbirlərin mühüm istiqamətlərindən biri kimi müasir infrastrukturun qurulması işləri də paralel olaraq həyata keçirilib:

"İndiyə qədər DSMF-nin 75-ə yaxın şöbəsində müasir kompüter infrastrukturu yaradılıb. Fondun bütün şöbələrində maddi-texniki baza və kadr potensialı gücləndirilib, bütün işçilər müasir kompüter sistemləri ilə təchiz ediliblər. DSMF-nin bütün şöbələri müxtəlif növ proqram təminatı ilə təmin ediliblər və hazırda əksər işlər kompüter sistemləri vasitəsilə aparılır. Görülən işlərin nəticəsində DSMF-nin serverlərində unikal elektron məlumat bazaları yaradılıb".

Pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən əsas tədbirlərdən digəri isə sığortaolunanların fərdi hesablarında toplanmış sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sisteminin yaradılmasıdır: "Artıq bu iş də tam yekunlaşıb və "Sığortaolunanlara məlumatların verilməsi" adlı müasir məlumatlandırma sistemi elektron xidmət vasitəsilə əhalinin istifadəsinə verilib. Bu xidmət vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin edilməsində olduqca əhəmiyyətlidir və avtomatlaşdırılmış pensiya təyinatına keçidin əsas elementidir. İndiyə qədər DSMF tərəfindən 2 milyon 530 mindən artıq sığortaolunana fərdi şəxsi hesab açılıb və həmin vətəndaşların hamısı bu xidmətdən yararlanmaq imkanına malikdirlər".

Hər bir əmək müqaviləsi ilə işləyən vətəndaş DSMF-nin saytına daxil olmaqla (www.dsmf.gov.az) sığortaedən (işəgötürən) tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürəninə nəzarət etmək imkanı qazana bilər: "Görülən bütün bu tədbirlər, yaradılan maddi-texniki baza yaxın vaxtlarda Azərbaycanda avtomatlaşmış pensiya təyinatına keçidin tətbiq olunmasına imkan verir. Bunun üçün yeganə tamamlanmayan iş vətəndaşlardan 2006-cı ilə qədər əmək stajları barədə məlumatların toplanmasıdır. Belə ki, pensiyaların avtomatlaşdırılmış təyinatına keçidin tezliklə baş verməsi üçün vətəndaşların 2006-cı ilə qədər əmək stajları barədə məlumatların DSMF orqanlarına təqdim etmələri olduqca zəruridir.

Hazırda fondun orqanları sığortaedənlərdə çalışan sığortaolunanların 01.01.2006-cı ilədək əmək (sosial sığorta) stajları barədə məlumatın əldə edilməsi istiqamətində zəruri işlər görməkdədir. Bununla yanaşı, vətəndaşların özlərinin bilavasitə bu prosesdə aktiv iştirakı vacibdir. İşləyən şəxslər əmək kitabçalarını işlədikləri sığortaedənlər (idarə, müəssisə və təşkilat) vasitəsilə onların uçotda olduğu DSMF orqanına (departamentə, şəhər və rayon şöbəsinə), hazırda işləməyən şəxslər isə yaşayış yeri üzrə Fondun yerli şöbələrinə təqdim etməlidirlər. 2006-cı ilə qədər mövcud olan pensiya kapitalları barədə məlumatlar da "Sığortaolunanlara məlumatların verilməsi" elektron xidmətində yerləşdiriləcək və əmək stajı barədə məlumatı DSMF orqanlarına təqdim edən vətəndaşlar avtomatlaşdırılmış pensiya təyinatından maneəsiz istifadə edə biləcəklər:

"DSMF bir daha vətəndaşlardan özlərinin 01.01.2006-cı ilədək əmək (sosial sığorta) stajları barədə məlumatları Fondun orqanlarına təqdim etmələrini xahiş edir. Bu prosesdə aktiv iştirak etməyiniz sizin rahatlığınızı təmin edəcək və gələcəkdə sizin hər birinizə evinizdən kənara çıxmadan, şəffaf şəkildə və pensiya hüququnuzu tam nəzərə alan əmək pensiyası təyin olunmasına imkan verəcək".

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL