waplog

“EPEG” layihəsinin rəsmi açılışı iyul ayından sonra olacaq


"EPEG" (Europe Persia Express Gateway) layihəsinin rəsmi açılışının iyul ayından sonra olacağı gözlənilir. "Delta Telecom" şirkətinin kommersiya direktoru Rahid Ələkbərlinin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, magistralın bir hissəsi artıq istismara verilib.

"EPEG" layihəsi çərçivəsində yaradılmış beynəlxalq magistral artıq bir neçə aydır ki, testləşdirilib və onun istismarına başlanılıb. Lakin bu, hələ kommersiya istismarı deyil. Layihənin rəsmi açılışı olmadan o, kommersiya istismarına verilmiş hesab edilmir. İyul ayında konsorsiuma daxil olan şirkətlərin növbəti iclası olacaq və bu iclasda rəsmi açılışın vaxtı müəyyən ediləcək", - deyə o bildirib.

R. Ələkbərlinin sözlərinə əsasən, gələcəkdə, magistral tam istismara verildikdən sonra mövcud tutumların artırılması gözlənilir. "Əlbəttə ki, Azərbaycanın bu layihə çərçivəsində beynəlxalq trafikin tranzitində iştirakı, ölkədə internet xidmətlərinin keyfiyyətinə və qiymətinə təsir göstərəcək",- deyə o bildirib.

"EPEG" layihəsi hazırda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə həyata keçirilən mühüm beynəlxalq layihələrdən biridir. "EPEG" layihəsi Azərbaycanın ilk "backbone" şirkəti "Delta Telecom"un iştirakı ilə həyata keçirilir. Avropa ilə Yaxın Şərqi Frankfurtdan Barkiyədək birləşdirəcək beynəlxalq kabel magistralının tikintisi layihəsinin həyata keçirilməsi üçün yaradılmış konsorsiumun tərkibinə "Rostelecom", "Cable & Wireless"," TIC" və "Omantel" operatorları daxildir.

Layihənin həyata keçirilməsi üzrə konsorsium 2011-ci ilin may ayında yaradılıb. "Cable & Wireless"-in qurduğu magistral Avropanı Ukrayna ilə, Rusiyanın sərhədinə kimi birləşdirir, Rusiya-Ukrayna sərhədindən Azərbaycan seqmenti üzərindən İrana doğru davam edir.

İranla Fars körfəzi arasında fiber-optik kabel magistralının çəkilməsi işinə "TIC" şirkəti, layihənin Omana qədər davam edən seqmentinin tikintisinə isə "Omantel" şirkəti cavabdehdi. Yeni kabel magistralının planlaşdırılan tutumu 0,5 Tbit/s təşkil edir.

"EPEG" şəbəkəsinin ümumi uzunluğu 6 min km, onun ümumi qiyməti isə 200 mln. dollar təşkil edir. Azərbaycan seqmentinin tikintisini ölkədə ilk internet backbone "Delta Telecom" şirkəti həyata keçirib. Beynəlxalq fiber-optik magistralın Azərbaycan seqmentinin tikintisi çərçivəsində təkcə avadanlığın alınmasına 3 milyon avro xərclənib.

Bu layihəyə qoşulmaqla Azərbaycanın ən iri ilkin provayderi "Delta Telekom" şirkəti 3,2 Tbit/s sürətlə trafik ötürəcək, bu da ölkə daxilində göstərilən internet xidmətlərinin həm qiymətinə, həm də keyfiyyətinə müsbət təsir göstərəcək.

"Delta Telecom" şirkəti layihənin Azərbaycan seqmentinin testləşdirilməsi üzrə işləri uğurla başa çatdırıb və konsorsium tərəfindən qəbul olunub. Layihənin icrası üzrə konsorsium yaxın vaxtda beynəlxalq kabel magistralını kommersiya istismarına buraxmağı planlaşdırır.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL