Azərbaycanda keçirilən “Elektron Təhsil” müsabiqəsinə 880 layihə təqdim olunub
Azərbaycanda keçirilən "Elektron Təhsil" müsabiqəsinə layihələrin qəbulu artıq sona çatıb və nominantlar yaxın günlərdə elan ediləcək. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, hazırda artıq layihələrin qiymətləndirilməsinin ilkin mərhələsi başlanıb. Yaxın müddət ərzində "Elektron Təhsil" Respublika müsabiqəsinin nominantları müəyyən olunacaq. Müsabiqə "Dr. Web", "İntel" korporasiyasının "Gələcək üçün təhsil" proqramı, "AZEDUNET", "Ultra", "Mədəd Azərbaycan" və "Nar Mobile" tərəfindən dəstəklənir.
Müsabiqəyə təqdim olunmuş layihələr ictimaiyyət tərəfindən geniş müzakirə olunur. Hazırda müsabiqənin rəsmi internet-səhifəsində (www.musabiqe.edu.az) qeydiyyatdan keçmiş 4516 müəllim, 1446 tələbə, 4042 şagird, 499 valideyn layihələrin onlayn müzakirəsində iştirak edir.
Müsabiqə "Müasir məktəbdə elektron tədris resursları" və "Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından və internet texnologiyalarından tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. "Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim oluna bilər.
Bu istiqamət üzrə qaliblər "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyası üzrə müəyyən olunacaqlar. "Təhsildə internet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları və bloqlar təqdim oluna bilər.
Qaliblər "Təhsildə internet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən olunacaq. Müsabiqədə 3 nominasiya üzrə qaliblərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq. Qeyd etmək lazımdır ki, müsabiqə artıq dördüncü ildir ki, keçirilir və 2010-2012-ci illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 2000-dən artıq layihə təqdim edilib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL