waplog

Şəhərətrafı qəsəbələrdə də son texnologiyaya əsaslanan işıqforlar quraşdırılıb


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Buzovna-Mərdəkan-Qala yolunda yeni işıqforlar quraşdırıb. Nəqliyyat sahəsində mövcud olan son texnologiyaları özündə əks etdirən yeni işıqforlar qeyd olunan ərazidə 4 kəsişməni əhatə edir.

LED sistemi ilə (Light Emitting Diode – İşıq saçan diod) təchiz edilən bu cihazların adi işıqforlardan fərqi ondan ibarətdir ki, bu işıqforların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır və nəticədə sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edirlər. Yüngül konstruksiyaya malik olan bu işıqforlar alüminiumdan hazırlanıb.

Hündürlüyü və ölçülərinə görə mövcud işıqforlardan daha böyük olduğundan sürücülərin diqqətini cəlb edir və bununla da hərəkətin təhlükəsizliyini təmin etməkdə kömək olur. Bundan əlavə, iritutumlu nəqliyyat vasitəsi işıqforun önündə dursa belə digər nəqliyyat vasitələrinin işıqforu görməsini məhdudlaşdırmayacaq. İşıqforun üst dirəyində quraşdırılmış işıqların köməyi ilə axşam saatlarında piyadaların yolu daha rahat keçmələri üçün şərait yaradılıb. İşıqforun işıqlarının gücü günün saat və fəslindən asılı olaraq dəyişir.

Belə ki, qış vaxtlarında avtomatik olaraq işıq daha parlaq olur, yay vaxtlarında isə əksinə, avtomatik olaraq azalır. Bundan əlavə, işıqfor dirəklərinin üzərində avtomobillərin sürətini, sayını və yoldakı intensivliyi hesablayan avadanlıqlar da quraşdırılacaq ki, bu da intellektual idarəetməni təmin etməkdə böyük köməklik göstərəcək. İşıqforun fərqliliyi həm də onunla bağlıdır ki, LED sistemindən istifadə elektrik enerjisinə 80 faizə qədər qənaət etməyə imkan yaradacaq.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən quraşdırılan bu işıqforlar İntellektual Nəqliyyat Sisteminin tərkib hissəsi olaraq NİİM tərəfindən idarə olunacaq. Həmin avadanlıqların texniki parametrlərinin paytaxtın şəraitinə daha da uyğunlaşdırılması, nəqliyyat hərəkətində yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədi ilə tənzimləmə işləri də həyata keçirilib.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL