waplog

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və İnformatikanın Aktual Problemləri” adlı beynəlxalq konfrans keçirilir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, AMEA İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi, Azərbaycan Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Riyaziyyat və İnformatikanın Aktual Problemləri" adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransı giriş sözü ilə açan Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev Azərbaycanda riyaziyyat tarixinin 13-cü əsrdə böyük alim, filosof, astronom, Nəsrəddin Tusi ilə inkişaf etdirildiyini deyərək, onun 30-dan artıq məqaləsinin 16-cı əsrdən sonra müxtəlif dillərə tərcümə edildiyini, eyni zamanda Avropada riyaziyyatın inkişafında onun əsərlərinin önəmli rol oynadığını vurğulayıb. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq təşkil edilən konfransın ölkənin elmi potensialının gücləndirilməsində xüsusi rolu olacağını qeyd edib.

Ölkədə güclü elmi məktəbin əsasının qoyulduğunu deyən nazir müavini qarşıda duran vəzifələr sırasında milli, elmi potensialın qorunun saxlanılması və onun daha da inkişaf etdirilməsinin dayandığını söyləyib. AMEA Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov isə konfransda 13 ölkədən, o cümlədən Rusiya, Ukrayna, Misir, Almaniya, Türkiyə, İsrail, Qazaxıstan, İtaliya, Meksika, Fransa, Özbəkistan, Belçika, İrandan 40-dan artıq nümayəndənin təmsil olunduğunu deyərək, ölkədə riyazi biliklərin daha da artırılmasında beynəlxalq əməkdaşlığın vacibliyini önə çəkib.

Konfransda 3 gün ərzində 240-dan artıq alimin çıxışının gözlənildiyini də deyən M.Mərdanov tədbirin davam etdiyi müddətdə riyaziyyat və informatika sahəsinin aktual problemləri ilə bağlı çox ciddi müzakirələrin keçiriləcəyini diqqətə çatdırıb. Daha sonra tədbir müxtəlif çıxışçılar tərəfindən konfransın həsr olunduğu mövzunun aktuallığını önə çəkən təqdimatlarla davam etdirilib. Qeyd edək ki, mayın 31-nə qədər davam edəcək konfransın işi "Riyaziyyat" və "İnformatika" bölmələri üzrə təşkil edilib.

Bölmə iclaslarında "Riyaziyyat" üzrə "Funksional Analiz", "Operatorların Spektral Nəzəriyyəsi", "Approksimasiya Nəzəriyyəsi", "Diferensial Tənliklər", "Harmonik Analiz və Funksiyalar Nəzəriyyəsi", "Qeyri-Səlis Nəzəriyyə", "Ehtimal Nəzəriyyəsi və Riyazi Statistika", "İdarəetmə Nəzəriyyəsi" müzakirə ediləcək. "İnformatika" bölməsi üzrə mövzulara isə "Süni Neyron Şəbəkələr, Qeyri-Səlis Sistemlər", "Kompüter Şəbəkələri və Sistemləri", "Qərar Qəbul Etmə Sistemləri", "Obrazların Tanınması", "Təbii Dillərdə Yazılmış Mətnlərin İşlənməsi", "Proqram Təminatının hazırlanması", "İnternet Proqramları və Veb-Xidmət", "İnformasiya Təhlükəsizliyi", "İnformasiya Texnologiyaları və Kompüter Təhsili" və "Nanotexnologiya" daxildir.

Riyaziyyat və informatikanın müasir problemlərinə həsr olunan konfransda əsasən riyaziyyat üzrə harmonik analizin müasir istiqamətləri olan riç funksiyaları, veyvlet və freym analiz, potensial nəzəriyyəsi, tətbiqi əhəmiyyətli riyazi-fizika tənliklərinin həll olunma məsələləri, optimal idarəetmə və mexanika məsələləri, operatorların spektral nəzəriyyəsi; informatika üzrə çoxqiymətli məntiq, neyron şəbəkələri vasitəsilə approksimasiya, ekspert sistemlər, neyron şəbəkənin müxtəlif tətbiqləri, təbiətşünaslıq və ekologiyanın müəyyən məsələlərinin riyazi modellərinin ədədi həll olunmasına dair çıxışlar olacaq.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL