"Onlayn kənd" təşəbbüsü yaxın zamanda reallaşacaq
"USAİD" və "IREX" tərəfindən Azərbaycanın 30 rayonunda 30 poçt şöbəsində qurulan internet köşkləri gələn aydan "Azərpoçt" MMC-nin balansına veriləcək.
Bu barədə "ICTnews.az"a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib. Onun sözlərinə görə, layihə "USAID" və "IREX"-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə danışıqları nəticəsində reallaşıb.
Layihəyə uyğun olaraq "Azərpoçt" MMC tərəfindən müəyyənləşdirilən 30 rayonun 30 ən ucqar kənd poçt şöbələrində köşklər qurulub. N.Məmmədov bildirib ki, bu layihə sakinlərin böyük marağına səbəb olub. "Layihənin daha effektli olması üçün ən ucqar rayonların əhalisinin sayı çox olan kəndləri seçmişik. Artıq nəticələr var və bunu sakinlər də təsdiqləyirlər"- deyə o bildirib.
O, daha sonra bildirib ki, "Onlayn kənd" təşəbbüsü üçün də icmalar seçilib: "Seçilmiş hər bir icmanın əhalisi 3000-10000 nəfər arasındadır. Demək olar ki, bütün sakinlər - respondentlərin 96 faizi bildirib ki, onlar ödənişlər etmək və ya məktub yollamaq məqsədilə müntəzəm şəkildə yerli poçt şöbələrinə gedirlər. Köşklərdən istifadənin səmərəsini artırmaq üçün "IREX" poçt şöbələrinin işçilərinə köşklərdən istifadə etmək barədə təlim keçib".
N.Məmmədov bildirib ki "İKT ili" ilə əlaqədar olaraq hazırlanan tədbirlər planında Poçt şöbələrində quraşdırılmış informasiya köşklərinin monitorinqinin aparılması və təkliflərin hazırlanması və il ərzində poçt şöbələrində informasiya köşklərinin quraşdırılması bəndlərinin yer aldığını bildirdi.
"Bununla əlaqədar olaraq monitorinqlər keçiriləcək və nəticələrə uyğun olaraq yeni informasiya köşkləri qurulacaq" - deyə N.Məmmədov bildirib. Qeyd edək ki, köşk quraşdırılmış hər bir poçt şöbəsinə kompüterdən və internetdən necə istifadə etməyi addım-addım izah edən çap materialları paylanılıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL